Maliyyə imkanlarının məhdudluğu arzudan imtina səbəbi deyil – “Xəyaldan gerçəyə” addımlayan Aysun

7 Oktyabr, 2026 - 09:13
Maliyyə imkanlarının məhdudluğu arzudan imtina səbəbi deyil

Bir sahədə qazandığı bilikləri başqa sahənin probleminə tətbiq etmək Aysun Hüseynovanın təhsil yolunun əsas xəttidir. İnformasiya texnologiyaları üzrə bakalavr təhsilində data analitikası və süni intellekt üzrə biliklərə yiyələnən Aysun zamanla bu biliklərin enerji sektorunda da böyük imkanlar yaratdığını görüb. Bu gün Litvada dayanıqlı enerji üzrə magistr təhsili alan Aysun yoluna “Xəyaldan gerçəyə” təqaüdünün dəstəyi ilə davam edir. “Huma Quşu” Fondunun yaratdığı bu imkan ona göstərilən etimadın ifadəsidir. Bu etimadı isə Aysun gələcəkdə qazandığı bilikləri Azərbaycanda yaşıl enerji keçidinə faydalı şəkildə tətbiq etməklə doğrultmaq istəyir.

Aysun Hüseynovanın təhsil yolunun ilk dayanacağı Bakı Mühəndislik Universiteti olub. O, “İnformasiya texnologiyaları” üzrə bakalavr təhsilini universitetin Cənubi Koreyanın INHA Universiteti ilə birgə həyata keçirdiyi İkili Diplom Proqramı çərçivəsində alıb. İlk üç ilini Azərbaycanda, sonuncu ilini isə Cənubi Koreyada keçirən Aysun hər iki universitetdə təhsilini ingilis dilində davam etdirib.

Bakalavr illərində data analitikası, proqramlaşdırma, verilənlər bazaları və süni intellekt sahələrində özünü inkişaf etdirən Aysun müxtəlif hakatonlarda iştirak edib. Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun yaratdığı “Zərif Mühəndislər” təqaüd proqramının 50 qalibindən biri olması da həmin dövrün yaddaqalan nəticələrindəndir.

Lakin Aysun texnologiya ilə bağlı öyrəndiklərini yalnız texniki bacarıq kimi görməyib. Zamanla onu daha çox düşündürən sual bu biliklərin real problemlərin həllində necə istifadə oluna biləcəyi olub: “Bakalavr təhsilim dövründə informasiya texnologiyalarına, xüsusilə data analitikası və süni intellektə marağım yarandı. Mənə maraqlı olan yalnız məlumatları analiz etmək deyil, həmin məlumatlardan istifadə edərək real problemlərin həllinə töhfə vermək idi”, – deyə Aysun bildirir.

Onun diqqətini çəkən sahələrdən biri də enerji olub. Bərpa olunan enerji sistemləri, enerji saxlama texnologiyaları və ağıllı şəbəkələr üzərində düşündükcə Aysun data və süni intellektin burada mühüm rol oynaya biləcəyini görüb. Günəş və külək enerjisinin istehsalının hava şəraitindən asılı olması isə düzgün məlumat analizi və proqnozlaşdırmanın əhəmiyyətini daha aydın göstərib.

Beləliklə, Aysun üçün növbəti təhsil mərhələsi qazandığı biliklərə yeni tətbiq sahəsi tapmaq olub. Hazırda Litvanın Vytautas Magnus Universitetində “Dayanıqlı enerji” üzrə magistr təhsili alan Aysun texnologiya və data analitikasını enerji sahəsi ilə birləşdirməyə çalışır.

Bu seçimdə onun Cənubi Koreyada qazandığı təcrübə də xüsusi yer tutur. INHA Universitetinin laboratoriyalarından birində təcrübə keçən Aysun süni intellekt və impulslu neyron şəbəkələri (Spiking Neural Networks) istiqamətində layihə üzərində çalışıb. Burada süni intellekt modellərinin enerji səmərəliliyinin artırılması ilə bağlı araşdırmalarda iştirak edib.

Təhsil müddətində əldə etdiyi təcrübələr Aysuna texniki biliklərlə yanaşı, başqa bacarıqların da vacibliyini göstərib. Müxtəlif innovasiya və layihə müsabiqələrində, komanda işlərində və sosial təşəbbüslərdə iştirakı ona ideyanı real layihəyə çevirmək, problem həll etmək və təşəbbüs göstərmək baxımından yeni təcrübələr qazandırıb.

Xaricdə magistr təhsili almaq Aysunun uzun müddətdir qarşısına qoyduğu məqsəd olub. Bununla belə, xaricdə təhsilin maliyyə tərəfi bu yolun asan olmadığını göstərirdi. O, buna görə müxtəlif təqaüd imkanlarını araşdırır və özünə uyğun proqramlar axtarırdı.

“Bu, uzun müddət üzərində çalışdığım bir məqsədin reallaşmasına doğru atılmış addım idi”

“Xəyaldan gerçəyə” təqaüd proqramı haqqında məlumat əldə etdikdə də bunu xaricdə təhsil almaq istəyən gənclər üçün dəyərli imkan kimi qiymətləndirib. Proqramın qalibi olduğunu öyrəndiyi an isə onun üçün sadəcə bir təqaüd xəbəri olmayıb: “Qalib olduğumu öyrəndiyim anı çox böyük sevinc və həyəcanla xatırlayıram. Çünki bu nəticə mənim üçün yalnız bir təqaüd qazanmaq demək deyildi. Bu, uzun müddət üzərində çalışdığım bir məqsədin reallaşmasına doğru atılmış çox mühüm addım idi”.

“Bu dəstəyi mənə göstərilən etimad kimi qəbul edirəm”

Aysun təqaüdü yalnız maddi yardım kimi qəbul etmir. Onun üçün bu dəstəyin başqa bir tərəfi də var: etimad. Xaricdə təhsilin təhsil haqqı ilə birlikdə yaşayış və digər xərclər yaratdığını nəzərə alan Aysun belə imkanların gəncin üzərinə düşən maliyyə yükünü azaltmaqla yanaşı, onun qarşısına qoyduğu məqsədə daha inamla irəliləməsinə şərait yaratdığını düşünür: “Mən bu dəstəyi yalnız maddi yardım kimi deyil, eyni zamanda mənə göstərilən etimad kimi qəbul edirəm. Buna görə də çalışıram ki, bu etimadı öz nəticələrim, inkişafım və gələcəkdə əldə etdiyim bilikləri faydalı istiqamətdə tətbiq etməklə doğruldum”.

Aysunun gələcək planları da məhz bu yanaşma üzərində qurulub. O, qarşıdakı illərdə enerji texnologiyaları üzrə ixtisaslaşmaq, beynəlxalq təcrübəsini genişləndirmək və uzunmüddətli perspektivdə qazandığı bilikləri Azərbaycana gətirmək istəyir: “Uzunmüddətli perspektivdə isə məqsədim beynəlxalq təcrübəmi Azərbaycana daşımaq və qazandığım biliklərdən ölkəmizdə yaşıl enerji keçidi və dayanıqlı inkişaf istiqamətində faydalanmaqdır”.

Xaricdə təhsil almaq istəyən gənclərə tövsiyəsi isə öz təcrübəsindən qaynaqlanır. Aysun maliyyə imkanlarının məhdudluğunun bu arzudan imtina üçün səbəb olmamalı olduğunu düşünür. Onun fikrincə, əsas məsələ imkanları vaxtında araşdırmaq, məqsədi dəqiq müəyyənləşdirmək və ciddi hazırlaşmaqdır.

O, təqaüd proqramlarına müraciət edən gənclərə yalnız yüksək qiymətlərini göstərməklə kifayətlənməməyi tövsiyə edir. Layihələr, könüllülük, iş və təcrübə, liderlik, sosial fəaliyyət və gələcək məqsədlər də namizədin hekayəsinin bir hissəsidir: “Və ən əsası, uğursuz müraciətlərdən qorxmamaq lazımdır. Bəzən bir və ya bir neçə proqramdan mənfi cavab almaq mümkündür. Bu, insanın kifayət qədər yaxşı olmadığı anlamına gəlmir. Hər müraciət insanın özünü daha yaxşı tanımasına və növbəti müraciəti daha yaxşı hazırlamasına kömək edir”.

Aysun üçün “Xəyaldan gerçəyə”nin adı da elə bu baxımdan xüsusi məna daşıyır. Onun hekayəsində bir gün gerçəyə çevriləcək xəyal qazandığı bilikləri Azərbaycanda real nəticəyə çevirməkdir. Bunun üçün isə indi onun qarşısında yeni bir mərhələ var: texnologiya, data və süni intellekt sahəsində formalaşdırdığı təcrübəni dayanıqlı enerji ilə birləşdirərək öz ixtisaslaşma yolunu davam etdirmək.