Həkim olmaq istəyirəm - “Əlaçı”nın ikiqat qalibi 

24 Noyabr, 2026 - 16:34
Həkim olmaq istəyirəm - “Əlaçı”nın ikiqat qalibi 

Salyan şəhər Yavər Qafarov adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Talıb Sədiyev “Əlaçı” intellektual oyununda  ikinci dəfə qalib gələrək diqqət çəkib. O, yarışmanın finalında 6:0:0 hesabı ilə qalib olaraq rəqiblərinə heç bir şans verməyib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Talıb Sədiyev təkcə “Əlaçı” layihəsindəki uğurları ilə deyil, digər bilik yarışları və müsabiqələrdə qazandığı nailiyyətlərlə də fərqlənir. O, uşaq yaşlarından müxtəlif intellektual yarışlarda və müsabiqələrdə iştirak edib. IX sinfi fərqlənmə attestatı ilə bitirən Talıb X sinifdə Salyan rayonunu “Zəkaların Mübarizəsi” olimpiadasında təmsil edib və “Təbiət elmləri” kateqoriyası üzrə gümüş medal qazanıb. 

Məktəbli bildirib ki, X sinifdə “Əlaçı” yarışmasında ilk dəfə qalib gələrək doğma Salyana bu layihənin ilk diplomunu gətirib. XI sinifdə isə adıçəkilən yarışda  ikinci dəfə qalib olmaq onun üçün xüsusi sevinc və qürur mənbəyinə çevrilib.

Müsahibimiz qeyd edib ki, əslində bu il yenidən yarışmaya qatılmaq planında  olmayıb. Lakin nəticənin belə uğurlu olması onu daha da sevindirib. Onun sözlərinə görə, ikinci dəfə yarışmaq ilk iştirakından daha məsuliyyətli və həyəcanlı keçib. Çünki ətrafındakıların ondan qələbə gözləntisi olub.

Talıb uğurunun arxasında davamlı hazırlıq və zəhmətin dayandığını vurğulayıb. O, “Əlaçı”nın əvvəlki buraxılışlarını mütəmadi izlədiyini, xüsusilə öz ixtisas qrupuna daxil olmayan tarix fənninə də vaxt ayırdığını bildirib.

Yeniyetmə məktəbli əldə etdiyi nailiyyətlərdə müəllimlərinin və valideynlərinin rolunu da yüksək qiymətləndirir:“Uğurlu müəllimlərin uğurlu şagirdləri olur. Müəllimlərimin və valideynlərimin bu qələbəmdə çox böyük rolu var. Hər birinə təşəkkür edirəm”.

Gələcək hədəflərindən də danışan Talıb Sədiyev həkim olmaq istədiyini, rezidentura təhsilini isə xaricdə davam etdirməyi planlaşdırdığını bildirib. O, “Əlaçı” yarışmasının gələcək karyerasında və peşəkar fəaliyyətində mühüm yer tutacağına inandığını deyib.

Həkim olmaq istəyirəm - “Əlaçı”nın ikiqat qalibi