Dövlət qulluğu imtahanının ölkə birincisi necə “Maarifçi” oldu? – Uğur hekayəsi

31 Avqust, 2026 - 11:13
Dövlət qulluğu imtahanının ölkə birincisi necə “Maarifçi” oldu?

“Təhsil sektoru ölkənin gələcəyini müəyyən edən strateji bir sahədir. Burada icra olunan layihələr, hüquqi tənzimləmələr və islahatların daxildən necə işlədiyini görmək, həm də gənc mütəxəssis kimi bu prosesə töhfə vermək mənim üçün çox maraqlı idi".
Bu maraq ona güc gəlib müsabiqəyə qoşulub və IV “Maarifçi” tələbə-məzun proqramının cəmi 53 iştirakçısından birinə çevrilib. İndi Elm və Təhsil Nazirliyinin Audit şöbəsində təcrübə keçir.
“O kimdir?” desəniz, adı Səidədir. Səidə Sadıqova imtahanlarda həmişə yüksək nəticə göstərən, girdiyi hər sınaqdan üzüağ çıxan parlaq bir gəncdir.

 Uşaqlıqdan fərqlənib

Orta təhsilini Bakıda Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə alıb. İctimai fəal şagird kimi dəfələrlə məktəbdə fərqləndirilib. Üzərinə məsuliyyət götürməyi də hələ o vaxtdan öyrənib. Məktəbin Kiçik Akademiyasında prezident vəzifəsinədək yüksəlib. 

Böyüyüb tələbə olub. 627 balla Bakı Dövlət Universitetinin tələbəsi olmaq hüququ əldə edib. “Hüquqşünaslıq” ixtisasına SABAH qruplarında yiyələnib. 
2025-ci ildə bakalavr təhsilini fərqlənmə ilə bitirib və 88.5 balla Bakı Dövlət Universitetinin magistraturasına qəbul olunub. Bu təhsil səviyyəsində “Cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası, əməliyyat axtarış fəaliyyəti (hüquqşünaslıq)” istiqaməti üzrə davam edib.

Başını ucaldan uğurlarından birinə bu ilin iyulunda imza atıb. Belə ki, dövlət qulluğu vəzifələrinə qəbul imtahanlarında yüksək nəticə toplayaraq AC kateqoriyası üzrə ölkə birincisi olub:

“Bu il iki dəfə dövlət qulluğu imtahanlarına qatıldım. Aprel ayında qatıldığım ilk imtahanda 86 bal toplayaraq BB1 sertifikatı, iyul ayında olan ikinci imtahanda AC kateqoriyası üzrə 89 bal toplayaraq AC1 sertifikatı aldım”.

“Maarifçi”yə onu cəlb edən səbəblər var 

 “Maarifçi” olmağına gəlincə, diqqətini bu proqrama  cəlb edən əsas məqam – ölkənin təhsil sisteminə yaxından bələd olmaq və real təsir gücünə malik layihələrin tərkib hissəsinə çevrilmək imkanı idi. Təhsil sahəsində islahatların və yeni təşəbbüslərin necə idarə olunduğunu daxildən görmək, nəzəri biliklərimi real iş mühitində tətbiq etmək istəyirdim”.

Amma hesab edir ki, “Maarifçi” ona real iş mühiti verməklə yanaşı, başqa yaxşı bacarıqlar da qazandıracaq: “Məncə, Maarifçi”, sadəcə təcrübə deyil, həm də gənc mütəxəssis kimi formalaşmağım üçün güclü bir platformadır. Elə bir platforma ki, burada hüquq biliklərimi və təcrübəmi dövlət idarəçiliyi və təhsil sahəsində tətbiq edə bilirəm”. 

Deyir ki, cinayət hüququ sahəsinə böyük marağı tələbəlikdən başlayıb: “Magistratura təhsili alarkən bu sahəni daha dərindən araşdırmaq, analitik düşünmək və hüquqi məsələlərə daha ətraflı baxmaq imkanım oldu. Məhz bu maraq məni magistraturada cinayət prosesi, kriminalistika, məhkəmə ekspertizası və əməliyyat-axtaraış fəaliyyəti kimi spesifik bir istiqaməti seçməyə sövq etdi. Yaxşı ki seçmişəm, bu gün təhsil prosesində yenilik kimi müasir kriminalistik texnologiyalar, rəqəmsal sübutların toplanması metodları və əməliyyat-axtarış fəaliyyətinin incəlikləri ilə dərindən tanış oluruq”.
Beləliklə, qanun kitablarından öyrəndiklərini təhsil sahəsində tətbiq edib qanunların necə işlədiyini öz gözləri ilə görür: “Maarifçi”yə qədər məhkəmə, prokurorluq orqanlarında və vəkil bürosunda təcrübə keçmişəm. Bu təcrübə sahələri daha konkret idi. “Maarifçi” proqramı isə mənə məsələlərə daha geniş institusional, idarəetmə və quruculuq prizmasından baxmaq imkanı yaradır. Bura, sadəcə hüquq tətbiqi deyil, həm də gələcək təhsil siyasətinin və sosial layihələrin daxildən necə formalaşdığını öyrənə biləcəyim unikal bir platformadır”. 

Niyə məhz dövlət qulluğu? 

Hüquqşünas gəncin öz peşəsini məhkəmə zalında, hadisə yerində, polis və ya prokurorluq orqanlarında deyil, dövlət qulluğu vəzifələrində icra etmək istəməyinin səbəbi nədir? Səidə Sadıqovanın sözlərinə görə, universitet illərindən bəri öz sahəsində mütəxəssis kimi formalaşmağa çalışıb. Hesab edir ki, dövlət strukturları bu bilikləri tətbiq etmək üçün ən sistemli platformadır. Burada iş prosesləri konkret qanunvericiliyə, intizama və standartlara əsaslanır. Bu cür müəyyənliyi olan, qayda-qanunun işlədiyi bir mühitdə çalışmaq mənim şəxsi iş prinsiplərimə tam uyğundur. Bura mənim üçün peşəkar inkişaf yeridir”.

Səmimi iş mühitində işləmək 

Səidə deyir ki, idarəetmənin daxili mexanizmlərini, işlərin necə şəffaf, nizamlı qurulduğunu öyrənmək böyük bir təcrübədir: “Şöbəyə gələndən ilk diqqətimi çəkən şey mütəxəssislərin işinə olan diqqəti oldu. İşləri həqiqətən çoxdur, amma buna baxmayaraq, ən xırda detal üzərində belə çox diqqətlə işləyirlər. Ən gözəl məqam isə odur ki, buradakı kollektiv gənc təcrübəçilərə qarşı çox açıqdır. Bizi sadəcə 'kənardan baxan təcrübəçi' kimi görmürlər. Şöbənin mütəxəssisləri hər bir tapşırığın məntiqini səbirlə başa salır, öz zəngin təcrübələrini bizimlə bölüşürlər. İş mühiti həm tələbkar, həm də bir-birinə dəstək olan çox səmimi bir mühitdir. Onlardan hər gün yeni bir şey öyrənirəm”.