"Maarifçi" peşəkarlardan öyrənmək imkanı verir - Proqram iştirakçısı
Elm və Təhsil Nazirliyi ilə Təhsilin İnkişafı Fondunun birgə həyata keçirdiyi “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçılarından biri də Əsmər Məlikzadədir.
“Azərbaycan müəllimi” onu oxucularla yaxından tanış edir.
"Tənəffüslərdə məktəb kitabxanası sevimli məkanım idi"
Əsmər Məlikzadə Ağsu rayonu Cəlayir kənd sakinidir. Onun uğur hekayəsi uşaqlıqdan kitablara, tarixə, coğrafiyaya və ədəbiyyata olan böyük marağından başlayıb. Qəhrəmanımız tam orta təhsilini 2008-2019-cu illərdə yaşadığı kənd məktəbində alıb. Orta məktəb illərində fəallığı və oxumaq həvəsi ilə seçilib:"Məktəb dövründə demək olar ki, hər yarımili əlaçı olaraq tamamlamışam. Oxumağı, öyrənməyi, mütaliə etməyi də çox sevirdim.Tənəffüslərdə məktəb kitabxanası sevimli məkanım idi. Və həmin sevgi indi də mənimlədir. Bundan əlavə, dil öyrənməyə xüsusi marağım var. Tələbəlik dövrümü də aktiv keçirdiyimi düşünürəm".
Əsmər ali təhsilin bakalavriat səviyyəsini Azərbaycan Dövlət Pedaqoji Universitetində "Tarix və coğrafiya müəllimliyi" ixtisası üzrə alıb. 2024-cü ildə magistraturaya qəbul imtahanında 82 bal toplayaraq, Azərbaycan Dillər Universitetinin "Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisasına qəbul olunub. Bu il magistr təhsilini fərqlənmə diplomu ilə bitirib.
Uğurlu tələbənin universitet həyatı ilə yanaşı, müxtəlif təşkilatlarda könüllü kimi də fəaliyyəti olub. O bu fəaliyyətlər sayəsində sosial bacarıqlarının əhəmiyyətli dərəcədə inkişaf etdiyini düşünür: "Magistr təhsilində tələbəlik dövrüm daha çox akademik fəaliyyətlə əlaqədar olub. Qeyd etmək istərdim ki, qəbul imtahanından sırf bu ixtisas üçün qeydiyyatdan keçmişdim və həmin sahə üzrə təhsil almağı çox istəyirdim. Buna görə də öyrənə biləcəyim hər şeyi öyrənməyə çalışır, bu dövrü maksimum dərəcədə məhsuldar keçirmək istəyirdim.
"Bilirdim ki, "Maarifçi" mənim üçün çox böyük şansdır"
Əsmər Məlikzadə "Maarifçi" proqramı ilə ilk dəfə 2024-cü ildə tanış olub. Təcrübə və könüllülük proqramlarını izlədiyi platformada II "Maarifçi" proqramı ilə bağlı elanı görüb və müraciət edib. İlkin dəyərləndirmə və test mərhələlərini uğurla keçib, müsahibədə isə uğur qazana bilməyib: "Qeydiyyatdan keçdiyim andan etibarən mütəmadi olaraq proqramı sosial media üzərindən izləyirdim. III "Maarifçi" proqramına qeydiyyat başlayanda yenə müraciət etdim, bu dəfə test mərhələsindən kəsildim. Səbrsizliklə qeydiyyatın yenə açılmasını gözləyirdim. Bilirdim ki, "Maarifçi" mənim üçün çox böyük şansdır. Mart ayında IV "Maarifçi" proqramına qeydiyyat başladı.Proqrama ixtisasıma uyğun olaraq, "Təhsilin təşkili və idarə olunması" istiqaməti üzrə yenə müraciət etdim. Bu dəfə bütün mərhələləri tamamlayaraq, proqramın 52 iştirakçısından biri ola bildim. Buna görə həm çox xoşbəxtəm, həm də qürurluyam. Təsdiq zəngi məzun günümdə gəlmişdi. Yəqin ki, həyatımın ən xoşbəxt günlərindən biri idi. Mənim üçün ikiqat bayram olmuşdu - həm arzusunda olduğum təhsili uğurla tamamlamışdım, həm də məqsədimə çataraq “Maarifçi” olmuşdum".
Minlərlə namizədin arasından seçilərək "Maarifçi" təcrübə proqramının qaliblərindən biri olmağı bacaran həmsöhbətim bildirir ki, təhsil sahəsinə xüsusi marağı var, bu sahənin həm mütəxəssisi, həm də peşəkarı olmaq arzusundadır: "Magistr təhsilim sayəsində təhsillə bağlı geniş nəzəri məlumat bazam var idi, lakin, praktiki məsələlərdə özümü inkişaf etdirməyim zəruri idi. "Maarifçi" proqramı mənə proseslərdə bilavasitə iştirak edə bilmək və işi peşəkarlardan öyrənmək imkanı verir. Hazırda fəaliyyətimi Dağlıq Şirvan Regional Təhsil İdarəsində, Tədrisin keyfiyyəti sektorunda təhsilin təşkili və idarə olunması istiqaməti üzrə davam etdirirəm. Həm mentorum və Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov, həm də idarənin digər əməkdaşları mənə öyrənmə prosesimdə çox kömək edirlər. Hazırda təcrübəmi iki istiqamət üzrə qruplaşdıra bilərəm: "Maarifçi" proqramının işçi qrupunun təşkil etdiyi müxtəlif mövzulu təlimlər şəxsi və peşəkar baxımdan özümü inkişaf etdirməyimə şərait yaradır, eyni zamanda, idarə daxilində verilən tapşırıqlar və istiqamətlər sayəsində də təhsil sahəsini daha dərindən öyrənirəm. Sanki, təhsilimi davam etdirirəm, amma bu dəfə öyrənmə prosesi təcrübə üzərində qurulub".
Əsmərin sevdiyi məşğuliyyətlər arasında sənədli və bədii filmlər izləmək, müxtəlif dillərlə maraqlanmaq, maraqlı məkanları ziyarət etmək, yeni yerlər görmək, əl işləri (toxuma, işləmə və s.) hazırlamaq, bitkilərinə vaxt ayırmaq, onların sayını artırmaq və s.kimi işlər yer alır. Hərtərəfli özünü inkişaf etdirməyi bacaran gənc həmsöhbətim qeyd edir ki, bu məşğuliyyətlərin stres və təzyiq yaradan situasiyalarda sakit qalmağa kömək etdiyinə inanır: "Hazırda əsas məqsədim "Maarifçi" proqramını uğurla tamamlamaq, daha sonra Dövlət Qulluğu sertifikatı alıb, karyeramı bu sahədə dövlət qulluqçusu kimi qurmaqdır.Həm praktiki, həm də nəzəri biliklərimi daha da dərinləşdirdikdən sonra təhsilimi xaricdə doktorantura səviyyəsi üzrə davam etdirmək və Azərbaycan təhsilinin inkişafına töhfə vermək niyyətindəyəm".
Əsmər Məlikzadənin fikrincə, uğurlu olmaq üçün ilk növbədə nə istədiyini, kim olmaq istədiyini dəqiq müəyyənləşdirmək lazımdır: "Məqsəd olduqdan sonra fəaliyyət formalaşır və məqsədə çatmaq üçün çəkilən zəhmətlər və göstərilən əzm mütləq nəticə verir. Mənim uğur qazanmaqda əsas dəstəkçilərim müəllimlərim ailəm və dostlarım olub. Onlara minnətdaram".




