“Maarifçi” olmaq ən böyük hədəflərimdən biri idi – Şirinxanım Şeydayevanın uğur hekayəsi

27 Avqust, 2026 - 10:49
“Maarifçi” olmaq ən böyük hədəflərimdən biri idi

Üçüncü cəhddə “Maarifçi” olub, tələbə-məzun proqramında 52 iştirakçıdan birinə çevrilib. Hazırda “Maarifçi” proqramının Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə iştirakçısı Şirinxanım Şeydayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Burada “Kimya-biologiya müəllimliyi” ixtisası üzrə bakalavr təhsili aldıqdan sonra “Təlim və Tədrisin metodikası” ixtisası üzrə magistraturada davam etdirib. IV “Maarifçi”yə tam ali təhsilli pedaqoq kimi müraciət edib və imtahan mərhələsini uğurla keçib: “60 sualdan hamısına cavab verdim. May ayında müsahibə mərhələsinə dəvət olundum. İxtisaslarımla bağlı suallar verdilər və hər suala həvəslə cavab verdim. Bu, indiyədək qazandığım uğurlarımın zirvəsi oldu”.

Bu zirvəyə o əziyyətsiz yüksəlməyib. Təbii ki, zirvəyə gedən yollar elə asan olmur: “İlk müraciətimdə imtahan mərhələsində, ikinci cəhdimdə müsahibədən kəsildim. Hər dəfə uğursuzluq qazandıqca həvəsdən düşmədim. Proqram iştirakçılarını, onların uğurlarını izlədim. “İştirakçı olanların hansı keyfiyyətləri var ki, seçilirlər”, - deyə müşahidə apardım. Bu istiqamətdə öz üzərimdə çalışdım. “Maarifçi” olmaq mənim üçün böyük hədəflərdən biri idi və bu məqsədimə çatdım”.

Şirinxanım bunu təhsil sahəsinə olan marağı ilə izah edir: “Təhsilimi də bu istiqamətdə almağımdan göründüyü kimi, bu sahəyə əvvəlcədən böyük marağım var idi. Proqram məni özünə çəkirdi. Yoxsa bu qədər cəhdlər göstərməzdim bəlkə də”.

“Təhsil dünyasının hər rəngini tanımağa başlayıram”

Şirinxanım ““Maarifçi” nəinki bu marağıma tamamilə uyğundur, hətta daha da inkişaf etdirir və bu gün daha çox əminəm ki, doğru yoldayam. Təhsilin içərisinə daxil olub burada işin əsas mahiyyətini öyrənir, rəngarəng təhsil dünyasının hər rəngini tanımağa başlayıram”, - deyir.

Öz rayonunun təhsilinin inkişafına töhfə vermək arzusundadır

Görəsən, təhsilin hansı “rəngi” onun üçün daha cəlbedici olub, yəni hansı strukturun işi ona maraqlı gəlir? Cavabından belə görünür ki, Şirinxanım bir çox gənclər kimi mərkəzə qaçmaq həvəsində deyil, öz rayonunun təhsilinin inkişafına töhfə vermək arzusundadır: “Müracət edərkən “Maarifçi” olaraq öz rayonumun Təhsil sektorunda təcrübə qazanmaq məqsədim vardı. Amma Regional Təhsil İdarəsində çalışacağım bildirildi. Məqsədimdən çox uzaqlaşmamışam. Burada da mənə maraqlı olan işi öyrənə bilirəm. Mənim üçün maraqlı olan iş mexanizmidir. Pillə-pillə qalxmaq, bu sahəni ən aşağıdan öyrənmək istəyirəm. Necə ki, təcrübəçiliyin “Maarifçi” zirvəsinə mərhələ-mərhələ, 3 cəhddən sonra yüksəldim, təhsilin də zirvəsinə ən aşağıdan başlayaraq qalxmağı hədəfləyirəm. Bu sahənin hər pilləsi, hər səviyyəsi barədə məlumatlı olmaq istəyirəm. Hesab edirəm ki, belə olsa, işimin effektivliyi, keyfiyyəti daha yüksək olar”.

“Parta arxasından baxdığım bu dünyanı partanın önündən də görmək istəyirəm”

“Ən aşağıdan” demişkən, təhsil sistemi müəllimliyin üzərində dayanıb, elə isə müəllimlikdən başlamaq gərəkməzdimi?

O, bunun üçün də lazım olan addımı atıb: “Müəllimlərin işə qəbulu müsabiqəsinə qatılmışam. Bu il “Biologiya” fənni üzrə imtahanda iştirak edərək 71.25 bal topladım. Rayonumuzda vakant yerlərdən birini tutacağıma inanıram”.

Məktəbin onun üçün nə ifadə etdiyinə gəlincə, “Bir neçə il məktəbdə olmaq istəyirəm. Parta arxasından baxdığım bu dünyanı partanın önündən də görmək istəyirəm. Amma sonra özümü inkişaf etdirib müəllimlərin təhsildə bələdçisi olacağam. Düşünürəm ki, 25 şagirdə bələdçi olaraq əldə etdiyim nəticə 25 müəllimlə işləmək nəticəsində ortaya çıxacaq effektivliklə eyni deyil”, - deyir.

Yaxşı təhsil almağı üçün ailəsi yaşayış yerini dəyişib

Şirinxanım danışdıqca onun kimi cəsur, inadkar, məqsədyönlü bir qızın yetişdiyi şərait - ailəsinin təhsilə münasibəti, məktəbinin onun üçün yaratdığı təhsil mühitini öyrənmək marağı güc gəlməyə başlayır. Regionda yetişən bu ağıllı qızı necə ailə böyüdüb, hansı məktəb yetişdirib?

Şirinxanım ata-anasının gözünün ağı-qarası yeganə övladıdır. Hər ikisi təhsilli olan ata-ana övladının da təhsil alması üçün əlindən gələni edib: “Atam inşaat sektorunda çalışıb, anam isə qida sektorunda. Təhsil almağımda anam xüsusilə təkid edir, dərslərimə nəzarəti əldən buraxmırdı. Hətta mənim yaxşı təhsil almağım üçün ailəm yaşayış yerini dəyişib. Əvvəlcə Şabran rayonunun Pirəbədi kənd məktəbində təhsil almışam. Ümumi orta təhsilimi burada tamamladıqdan sonra universitetə daha yaxşı hazırlaşmağım üçün ailəm məni Tofiq Abbasov adına 1 nömrəli Şabran şəhər tam orta məktəbinə yerləşdirib. Məktəbimi dəyişdiyim üçün qəbul imtahanları nəticələrinə elə də ümidli deyildilər. Ancaq mən 560 bal toplayaraq siyahıda ilk yerdə yazdığım “Kimya-biologiya müəllimliyi” ixtisasına qəbul olundum. Seçim tamamilə özümün idi. Bu seçimim mənə universitetdə üstünlük də qazandırdı. Müəllimliyi ilk sırada seçərək yüksək balla universitetə qəbul olan tələbələrin aldığı “Gələcəyin müəllimi” təqaüdü alırdım”.

Seçimlərində qərarlı olmasında atasının rolunu xüsusi qeyd edir: “Atam heç vaxt seçimlərimə qarışmayıb, “Necə istəyirsən et, arxandayam”, - deyib, qərar verməkdə özünəinam formalaşdırıb məndə. Səssizcə dəstək verib”.

“Növbəti hədəfim “Yüksəliş” proqramıdır”

Elə bu inamın nəticəsidir ki, o, uğurdan uğura gedir. Özünüinkişafla bağlı bütün layihələr, proqramlar diqqətini cəlb edir, qoşulmaq üçün, lazım gələrsə, dəfələrlə cəhdlər göstərir, hər fürsəti dəyərləndirir: “İştirakçısı olmaq istədiyim bir proqram da var. Növbəti hədəflərimdən biri də “Yüksəliş” proqramıdır. Təhsil aldığım dövrdə universitetimizin keçirdiyi “Gələcəyin təhsil liderləri” müsabiqəsində də iştirak edərək finala qədər yüksəlmişdim. Amma təəssüf ki, onun finalına qatıla bilmədim. “Yüksəliş” də uğur qazana biləcəyimi düşünürəm”.

“Maarifçi” olmaq ən böyük hədəflərimdən biri idi
“Maarifçi” olmaq ən böyük hədəflərimdən biri idi
“Maarifçi” olmaq ən böyük hədəflərimdən biri idi