Çətin suallar, güclü rəqiblər və böyük nailiyyət – Medalçılarımızın uğur yolu 

20 Avqust, 2026 - 11:12
Çətin suallar, güclü rəqiblər və böyük nailiyyət

Məlumat verdiyimiz kimi, 9-16 avqust tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2026) 3 məktəblilərimiz 3 bürünc medal qazanıblar.

"Azərbaycan müəllimi" medalçılarımızla söhbət edib, onları qalibiyyətə aparan uğur yoluna nəzər salıb.

“İkinci gündəki suallar birincidən daha çətin idi”

Əkbər Əhmədov Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir.Təhsil aldığı illər ərzində bir çox uğurlu nəticələr əldə edən  məktəbli qeyd edir ki, günün çox hissəsini dərs çalışmağa, öyrənməyə həsr edir: "İlk  nailiyyətim VII sinifdə oxuyarkən Respublika fənn müsabiqələrində kimya fənni üzrə gümüş medal qazanmağım olub. Daha sonra 2025-ci ildə Respublika fənn olimpiadalarında informatika üzrə qızıl, 2026-cı ildə isə bürünc medallara layiq görülmüşəm. Və artıq davamlı olaraq bir sıra beynəlxalq olimpiada və müsabiqələrə qatılaraq medallar qazanmışam”.


İştirak etdiyi son olimpiada haqqında təəssüratlarını bölüşən Əkbər qeyd edir ki, çox maraqlı keçən yarışda 97 ölkədən 386 iştirakçı olub: "Güclü rəqiblər çox idi. Çin, Rusiya, ABŞ kimi ölkələrdən olan iştirakçılar yüksək hazırlıqları ilə seçilirdilər. Suallar 2 günə görə bölünmüşdü və, məncə, hər ikisi maraqlı idi. İkinci gündəki suallar birincidən daha çətin idi. Qalib olduğumu biləndə isə çox sevindim. Çünki ikinci gün mənim üçün o qədər də yaxşı keçməmişdi".

İstedadlı yeniyetmənin arzusu Oksford, Harvard, Kembric, NUS (National University of Singapore) kimi ən nüfuzlu ali məktəblərin birində "Kompüter elmləri" ixtisası və AI sahəsi üzrə təhsil almaqdır.

"Bəzən strategiya bilikdən önəmli ola bilir" 

Əhməd Qəmbərli Bakı Türk Anadolu liseyinin 12-ci sinfinə keçib. Liseydə “əla” qiymətlərlə oxuyan şagirdimizin də iştirak etdiyi beynəlxalq müsabiqə və olimpiadalarda qazandığı medallar kifayət qədərdir: "Olimpiadalarla tanışlığım "Azercell Cup" müsabiqəsi vasitəsilə oldu. Bundan sonra Respublika fənn olimpiadalarında uğurla iştirak etdim və beynəlxalq olimpiadalara seçildim. Valideynlərim, komanda yoldaşlarım və olimpiada müəllimlərimin sayəsində beynəlxalq olimpiadalarda da nailiyyətlərim oldu".
Əhməd son iştirak etdiyi yarışda Çin, ABŞ və Rumıniya kimi ölkələrindən güclü rəqiblərin olduğunu qeyd edir: "Suallar düşündürücü və maraqlı idi. Bu il suallarda  bəzi dəyişikliklər var idi. Qalib olanda zəhmətimizin hədər getmədiyinə sevindim".
Çalışqan yeniyetmənin maraq dairəsi kompüter elmləri və robotexnikadır. Top-10-luqda yer alan ali məktəblərin birində təhsil almaq arzusundadır: "Robotexnika ilə məşğul olmağı, velosiped sürməyi, stolüstü tennis oynamağı, musiqiyə qulaq asmağı xoşlayıram. 
Mənə görə, olimpiadalarda uğurlu olmaq üçün yarış strategiyası çox önəmlidir. Bəzən strategiya bilikdən daha önəmli ola bilir”. 

 
"İnformatika ilə məşğul olmaqdan zövq alıram" 

Bakı şəhəri 157 nömrəli tam orta məktəbi bu il bitirən Həsən Vəliyev Respublika fənn olimpiadalarından, eləcə də müxtəlif beynəlxalq müsabiqə və bilik yarışlarından bu günə qədər 9 medal qazanıb.Onlardan 4-ü qızıl, 2-si gümüş, 3-ü bürüncdür. 


Medalçımızı qürurlandıran digər səbəb də Sinqapurun ən nüfuzlu dövlət ali məktəbi olan Sinqapur Milli Universitetində (NUS) "Kompüter elmləri" ixtisasına qəbul olmasıdır: "Gələcəkdə proqramçı olmaq istəyirəm. İnformatikanı çox sevirəm və bu məşğuliyyətdən zövq alıram. Olimpiadalarda uğur qazanmaq istəyən şagirdlərə çoxlu suallar işləməyi tövsiyə edirəm. Onlar imtahan zamanı vaxtı dəyərləndirməyi bacarmalı, bir sual üzərində həddindən artıq düşünməməlidirlər".

Çətin suallar, güclü rəqiblər və böyük nailiyyət