“Qızların gələcəyi ailədə və məktəbdə yaradılan imkanlardan asılıdır” – Olimpiadaçı şagirdlər
Xədicə Məhərli alqoritmlərin həllində, Gülay Əlizadə isə riyazi məsələlərdə özünü sınamağı sevir. Hər iki məktəbli beynəlxalq olimpiadalarda Azərbaycanı uğurla təmsil edərək medal qazanıb. Onların bu uğura gedən yolu erkən yaşlardan yaranan maraqdan, müəllimlərinin zəhmətindən və ailələrinin dəstəyindən keçir. Qarşıda isə yeni hədəflər, seçiləcək ixtisaslar və gerçəkləşməyi gözləyən böyük arzular var.
"Azərbaycan müəllimi" olimpiadaçı məktəbli qızlarla həmsöhbət olub.
Uşaqlıq illərindən informatikaya olan maraq
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi Xədicə Məhərlinin informatikaya marağı uşaqlıq illərindən başlayıb. Alqoritmlər, onların işləmə prinsipi və məsələlərin həlli yolları həmişə onun diqqətini çəkib. Liseydə proqramlaşdırma dərslərinə başladıqdan sonra bu maraq daha da artıb. Olimpiadalara hazırlaşdıqca informatikanı daha dərindən öyrənmək, mürəkkəb məsələlərin öhdəsindən gəlmək həvəsi güclənib.
Xədicənin bu sahədə qazandığı ilk böyük nəticə IX sinifdə Respublika fənn olimpiadalarında informatika üzrə gümüş medal əldə etməsi olub. Bir il sonra isə o, qızıl medal qazanaraq beynəlxalq arenaya vəsiqə qazanıb. Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) əldə etdiyi bürünc medal isə onun zəhmətinin beynəlxalq səviyyədə də uğurlu təsdiqinə çevrilib.
Bu nəticələrə aparan yol ciddi hazırlıq tələb edib. Xədicə qeyd edir ki, olimpiada proqramı məktəbdə keçilən mövzularla tam üst-üstə düşmür. Buna görə də şagirdin müstəqil çalışması və müəllimlərin düzgün istiqamətləndirməsi mühüm əhəmiyyət daşıyır:
"Məktəb proqramı bəzən olimpiadaya hazırlaşmaq üçün kifayət etmir. Müəllimlərim bu baxımdan mənə çox kömək ediblər, hətta dərsdənkənar vaxtlarda da mənimlə məşğul olublar. Elm və Təhsil Nazirliyinin xətti ilə təşkil olunan düşərgələrdə və xüsusi dərslərdə də mütəmadi iştirak etmişəm. Bütün bunlar biliklərimi artırmağa, olimpiadalara daha yaxşı hazırlaşmağa imkan verib".
Olimpiadaçının fikrincə, dəqiq və texniki fənlərə marağın qızlarda da erkən yaşlardan inkişaf etdirilməsi zəruridir. Cəmiyyətdə bəzən oğlanların informatika və digər dəqiq elmlərdə daha bacarıqlı olduğuna dair yanlış bir stereotip var. Xədicə bu yanaşmanın tamamilə dəyişməli olduğunu bildirir. İnsanların müəyyən sahələrdə uğur qazanmasını cinslə əlaqələndirməyin düzgün olmadığını deyən məktəbli, öz təcrübəsindən çıxış edərək ailə və məktəb mühitinin əhəmiyyətini önə çıxarır:
"Qızların bu sahələrdə azlıq təşkil etməsi onların marağının az olması ilə bağlı deyil. Məncə, ailənin və ətraf mühitin dəstəyi, düzgün istiqamətləndirmə çox vacibdir. Qız uşağı hansısa sahəyə maraq göstərirsə, onun bu marağını inkişaf etdirməsinə şərait yaradılmalıdır. Dəstək gördükdə o, daha çox çalışır, özünə inanır və daha böyük nəticələr əldə etməyə həvəslənir".
Xədicənin öz uğur hekayəsində ailəsinin xüsusi yeri var. Üç bacı olduqlarını deyən məktəbli, valideynlərinin zəhmətini və ona göstərdikləri sonsuz inamı minnətdarlıqla qeyd edir. Müəllimləri və məktəb rəhbərliyinin də davamlı dəstəyi Xədicəyə qarşısına qoyduğu böyük məqsədlərə doğru inamla irəliləmək imkanı verir.
“Uğurlarımız haqqında yazıldıqca başqa qızlarda da maraq yaranır”
Beynəlxalq olimpiadada iştirak isə ona fərqli ölkələrdən olan yaşıdları ilə tanış olmaq, onların təcrübəsini öyrənmək və yeni dostlar qazanmaq imkanı verib. Olimpiadaçı Yaponiya komandasının üzvlərindən biri ilə olan tanışlığını xüsusi xatırlayır. Həmin iştirakçı ilk imtahanda istədiyi nəticəni göstərə bilməyəndə Xədicə ona dəstək olub və qısa zamanda aralarında səmimi bir dostluq yaranıb:
"Olimpiadada dünyanın müxtəlif ölkələrindən gələn qızlarla tanış oldum. Yaponiya komandasından bir qızla da yaxın dostlaşdıq. İlk imtahanda yaxşı nəticə göstərə bilməmişdi, mən ona mənəvi dəstək oldum, sonra isə doğmalaşdıq. Fərqli ölkələrdən gəlməyimiz heç hiss olunmurdu. Hamımızın ortaq marağı və eyni məqsədləri var idi. Belə mötəbər tədbirlərdə görürsən ki, dünyanın başqa yerlərində də sənin kimi düşünən, eyni sahəyə böyük həvəs göstərən qızlar var".
Gələcəkdə kompüter mühəndisliyi üzrə təhsil almaq istəyən məktəbli, fizika fənninə də böyük maraq göstərir. O, kompüter mühəndisliyinin bu iki maraq dairəsini birləşdirmək üçün ən uyğun istiqamət olduğunu düşünür. Eyni zamanda arzulayır ki, onun uğurları başqa qızları da öz bacarıqlarını sınamağa həvəsləndirsin:
"İnanıram ki, mediada bizim uğurlarımız haqqında yazıldıqca başqa qızlarda da bu sahələrə maraq oyanır. Onlar da əyani şəkildə görürlər ki, qızlar informatika, riyaziyyat və digər dəqiq elmlərdə yüksək uğurlar qazana bilərlər. Qızların təhsil alması, öz maraqlarını inkişaf etdirməsi üçün ailədə və məktəbdə yaradılan sağlam şərait onların gələcək həyatına ciddi və müsbət təsir göstərir", – deyə o vurğulayır.
Olimpiada məsələləri bəzən daha mürəkkəb yanaşma tələb edir
Eyni liseyin X sinif şagirdi Gülay Əlizadənin riyaziyyata marağı hələ ibtidai siniflərdən formalaşmağa başlayıb. Məktəbdə bu fənn üzrə yüksək nəticələr göstərən Gülay, zamanla özünü müxtəlif miqyaslı müsabiqələrdə sınamaq qərarına gəlib. O, hələ V sinifdə oxuyarkən Lütfi Zadə adına məntiq olimpiadasında gümüş medal qazanıb, VI sinifdə isə Respublika fənn müsabiqələrində riyaziyyat üzrə oxşar uğura imza atıb. Bu ilkin nailiyyətlər onun növbəti illərdə olimpiadalara olan marağını daha da alovlandırıb.
VIII və IX siniflərdə Respublika fənn olimpiadalarında riyaziyyat üzrə qazandığı ardıcıl iki gümüş medal onun bu sahədə sistemli şəkildə çalışdığının ən bariz sübutudur. Beynəlxalq yarışlarda da ölkəmizi uğurla təmsil edən Gülay, Fransanın Bordo şəhərində keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) bürünc, Rumıniyada təşkil olunan Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) isə gümüş medal əldə edib.
Gülay riyaziyyata olan sevgisinin formalaşmasında öz analitik təfəkkürünün və ailəsinin düzgün yönləndirməsinin rolunu xüsusi qeyd edir. Olimpiada məsələlərinin daha geniş bilik və fərqli yanaşma tələb etdiyini deyən məktəbli, bu yarışlara hazırlaşarkən məsuliyyətli yanaşmanın və əlavə çalışmağın vacibliyini vurğulayır:
"Məktəb illərinin ilk dövrlərindən riyaziyyat dərslərində qiymətlərim həmişə yüksək olub. Müxtəlif müsabiqələrdə uğur qazandıqca bu sahəyə bağlandım. Olimpiada məsələləri standart məktəb proqramından əhəmiyyətli dərəcədə fərqlənir, daha mürəkkəb və kreativ yanaşma tələb edir. Yaxşı nəticə üçün davamlı olaraq tapşırıqlar üzərində düşünmək və çox çalışmaq lazımdır. Bu çətin, lakin maraqlı prosesdə həm ailəm, həm də müəllimlərim mənə hər zaman mənəvi dayaq olublar".
Məktəblinin sözlərinə görə, beynəlxalq olimpiadalarda iştirak hüququ qazanmaq heç də asan başa gəlmir, bunun üçün ölkə daxilində çox ciddi seçim mərhələlərindən keçmək lazımdır. Belə ki, Respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərən şagirdlər arasından seçilən namizədlər xüsusi hazırlıq düşərgələrinə cəlb olunur və əlavə imtahanlar verirlər. Yalnız bundan sonra müəyyənləşdirilən milli komanda üzvləri ölkəmizi beynəlxalq arenada təmsil etmək şansı qazanırlar. Gülay bildirir ki, bu gərgin mərhələlər şagirddən davamlı hazırlıq, yüksək konsentrasiya və psixoloji dözümlülük tələb edir.
“Ölkəmizdə qızların təhsil ala bilməsi üçün hər şərait var”
Gülay gələcəkdə tibb sahəsində təhsil almaq, imkan yaranarsa, xaricdə oxumaq istəyir. Riyaziyyat olimpiadalarında qazandığı təcrübənin ona öyrətdiyi səbir, diqqət və analitik düşüncə kimi keyfiyyətlərin gələcəkdə də köməyinə çatacağını düşünür. Qarşıdakı illərlə bağlı planları arasında başqa qızlara dəstək olmaq arzusu da var:
“Gələcəkdə tibb sahəsində oxumaq istəyirəm. İmkan olsa, xaricdə təhsil almağı da arzulayıram. Mənə bu günə qədər dəstək olan insanlar çox olub. Ümumiyyətlə, ölkəmizdə qızların təhsil ala bilməsi üçün hər şərait var. Gələcəkdə özüm də imkanım daxilində qızların təhsilinə və inkişafına kömək etmək istərdim. Düşünürəm ki, hər bir qız öz marağına uyğun sahəni seçə, oxuya və özünü inkişaf etdirə bilməlidir”.
Xədicə və Gülayın hekayələri ailə dəstəyinin, müəllim əməyinin və təhsil imkanlarının məktəblilərin həyatında hansı rol oynadığını göstərir. Bu imkanlar qızların öz bacarıqlarını kəşf etməsinə, biliklərini artırmasına və beynəlxalq arenada ölkəmizi təmsil etməsinə şərait yaradır.




