"Məhz bu ixtisas üzrə magistr təhsili almaq üçün 2 il itirdim"
Ləman Burcalısoy Azərbaycan təhsilinin yetişdirdiyi kadrdır. Uğurlu təhsilin ardından məzun olub. “Təhsilə qoyulan sərmayə gələcəyə sərmayədir” fikrinin gücünə öncə atası inanıb, onun təhsilinə dəstək verib. Amma o, atasının dəstəyindən mənəvi güc alaraq öz təhsilini özü maliyyələşdirib, təbii ki, təhsil tələbə krediti ilə. Nəinki kreditlə oxuyub məzun olub, artıq götürdüyü krediti ödəməyə də başlayıb. İndi isə təhsilini xaricdə davam etdirməyə hazırlaşır.
“Bunun xəyal olaraq qalacağı fikrindəydim”
Təhsilinə Ağsu şəhərində Polad Mirzəyev adına 5 nömrəli tam orta məktəbdə başlasa da, Abşeron rayonu Masazır qəsəbə 2 nömrəli tam orta məktəbdən məzun olub: “Bacım Tibb Universitetinə qəbul olduğu üçün ailəliklə Bakıya köçdük. Ona görə mən də məktəbi burada bitirdim”.
Bacısının tələbə olmasıyla Ləman da öz yolunu cızmağa başlayıb: “Mən “Dövlət və ictimai münasibətlər” ixtisası ilə X sinifdə oxuduğum vaxtdan tanış idim. Bu ixtisas üzrə ödənişsiz təhsil ala bilməyəcəyimi düşünürdüm. Ona görə bunun xəyal olaraq qalacağı fikrindəydim”.
Düşündüyü kimi də olub, topladığı 552 bal bu arzusuna ödənişli yolla çatmağa imkan verib: “Ailəmizdə qardaşım da, bacım da pulsuz oxuyublar. Evimizdə ödənişli təhsilin adı heç çəkilməzdi. Mən də seçim gününədək elə düşünürdüm ki, atam icazə verməz”.
Xəyallar təhsil tələbə krediti ilə gerçək olur: “Qrupumuzun yarısı təhsil tələbə krediti ilə oxuyurdu”
Başqa ixtisaslar üzərində düşünməsinə gərək qalmadan atası onu sevindirib, Ləmana arzuladığı ixtisası seçə biləcəyini, bunun üçün ona dəstək olacağını deyib.
Bir qızı tələbə adı qazandığı üçün yaşayış yerini dəyişən ata digər qızının arzusunu gözündə qoyarmı?
Ləman da könül rahatlığı ilə Bakı Dövlət Universitetində “Dövlət və ictimai münasibətlər” ixtisasını seçib. Həm arzusuna çatıb, həm də atasının etmadını doğruldub: “Seçim günü atam qəti şəkildə bildirdi ki, arzum nədirsə, onu seçim. Ona görə 552 balla Bakı Dövlət Universitetinin “Dövlət və ictimai münasibətlər” ixtisasını seçdim. Mənim üçün də sürpriz qərar oldu”.
Daha bir sürpriz isə təhsil tələbə krediti barədə öyrənməyi olub:
“Pandemiya dövrünə düşmüşdü tələbəliyim. Universitetin ödənişini etmək o qədər də asan deyildi. Əmim qızı təhsil tələbə krediti barədə mənə deyəndə çox sevindim. Dərhal müraciət etdim və öz hesabıma təhsil aldım. Sadəcə 1 semestr müraciət vaxtını ötürdüyüm üçün kredit imkanından yararlana bilmədim. Qalan semestrlərin hamısında təhsil tələbə kreditinə müraciət etdim”.
Hazırda geri ödənişi davam edir, işləyib təhsil tələbə kreditini ödəyir: “Hər ay 25 manat ödəyirəm, artıq dekabra qədər olan ödənişlərimi etmişəm”.
Ləman deyir ki, təhsil tələbə krediti müasir gənclərin təhsil həyatını çox asanlaşdırıb: “Əvvəllər ödənişli təhsil əlçatmaz idi, insanlar sırf maddi imkanların yetərsizliyindən öz istədikləri ixtisas üzrə təhsil ala bilmirdi. İndi isə təhsil əlçatan, oxumaq istəyənlər üçün isə demək olar tam pulsuzdur. Təsəvvür edin, qrupumuzda təhsil alan tələbələrin yarısı təhsil tələbə krediti ilə oxuyurdu. Bu da layihənin gənclər üçün nə qədər əhəmiyyətli olduğunu göstərir”.
“Dövlət və ictimai münasibətlər” ixtisası üzrə təhsilini müvəffəqiyyətlə - 96.31 ortalama ilə başa çatdırıb: “Bakalavr təhsilimi 2024-cü ildə fərqlənməylə bitirərək iş mühitində özümü yetişdirmək istədim. Məhz bu ixtisas üzrə magistratura təhsili almaq üçün 2 il itirdim. Çünki magistratura təhsili üçün xarici ölkə düşünürdüm. Başqa ölkədə diribaş olmaq üçün işləmək, təcrübə qazanmaq ehtiyacı hiss edirdim. Ona görə də öz potensialımı hara yönəldəcəyim üzərində düşündüm və iş həyatına atıldım. İşlədiyim 2 il ərzində çoxlu tədbirdə - Azərbaycanda keçirilən, demək olar ki, bütün beynəlxalq tədbirlərdə media koordinatoru kimi iştirak etdim. Əsasən xarici jurnalistlərlə işlədim”.
Roma Sapienza Universitetində “İnkişaf və Beynəlxalq Əməkdaşlıq” ixtisası üzrə magistratura təhsili alacaq
2 illik iş həyatı onun ixtisası ilə bağlı düşüncələrini möhkəmləndirib: “Bu il bütün şanslarımı yoxladım. İtaliyada oxumaq üçün İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin (MAECI) tam maliyyələşdirdiyi təqaüd proqramına, Macarıstan üçün isə “Stipendiun Hungaricum Təqaüd Proqramı”na müraciət etdim. İkisində də ixtisasım üçün olduqca böyük rəqabət vardı, amma seçildim. İtaliya Hökumət Təqaüdü (MAECİ təqaüdü) ilə İtalyada təhsilimi davam etdirəcəyəm”.
Bunun üçün də Avropanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən birini seçib. O, Roma Sapienza Universitetində (Sapienza Università di Roma) “İnkişaf və beynəlxalq əməkdaşlıq” ixtisası üzrə magistratura təhsili alacaq:
“Romadakı beynəlxalq mühit və buna uyğun qurumlar məni burada təhsil almağa həvəsləndirdi. Bir çox beynəlxalq təşkilatlar Romada yerləşir. 2 illik iş həyatımda həmin qurumlarla işləmişəm, Azərbaycan tərəfindən çıxış etmişəm. Amma indi həmin mühitə daxil olacaq, orada özümü sınayacağam”.
“Qayıtdıqdan sonra nəyi və necə dəyişəcəyimi soruşdular”
O, Macarıstanı yox, İtaliyanı seçməyini belə izah edib: “Bu ixtisas üçün Roma çox uyğun şəhərdir, çünki bu şəhər İtaliyanın paytaxtı deyil, həm də beynəlxalq əməkdaşlıq və diplomatiya baxımından çox önəmli mərkəzlərdən biridir. Burada İtaliya hökuməti ilə yanaşı, çoxlu beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər və beynəlxalq layihələr fəaliyyət göstərir. Məsələn, BMT-nin Romada yerləşən mühüm qurumları var. Buna görə tələbə kimi həm universitetdə oxuyub, həm də beynəlxalq mühitin içərisində olmaq, tədbirlərdə iştirak etmək, əlaqələr qurmaq və gələcəkdə təcrübə imkanları tapmaq daha realdır. Yəni mənim üçün Roma seçimi təsadüfi deyil. Oxuduğum ixtisasın verdiyi biliklərlə yaşadığım şəhərin yaratdığı beynəlxalq mühit bir-birini tamamlayır. İstəyirəm ki, magistratura müddətində yalnız dərs oxumayım, eyni zamanda beynəlxalq təşkilatları, layihələri və həmin sektorun iş mühitini də yaxından tanıyım. Mənim üçün əsas məsələ orada konkret hansısa qurumda işləməkdən çox, özümü beynəlxalq mühitdə sınamaqdır. Görmək istəyirəm ki, Azərbaycandan kənarda, daha beynəlxalq və rəqabətli bir mühitdə bacarıqlarım və dünyagörüşüm məni hara qədər aparır”.
Universitetlər onu niyə seçib?
Bəs Roma onu niyə seçib? Ləmanın fikrincə, bunun üçün yetəri qədər səbəb var. İlk növbədə motivasiyası, uğurlu universitet təhsili və qərarlı və məqsədyönlülüyü buna kömək edib: “Müsahibələrdə gördülər ki, istəklərimi əsaslandırıram. Niyə bu ixtisas üzrə təhsil almaq istədiyimi, bu sahədə çalışarkən öz ölkəmdə boşluq olaraq nələri gördüyümü və təhsil alıb qayıtdıqdan sonra nəyi və necə dəyişəcəyimi soruşdular”.
Bir atası, bir dövləti...
Ləman Burcaslısoy 3 dünya universitetində -London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE - London School of econimics and Political Science), Heydelberq və Edinburg universitetlərində də təhsil almaq imkanı qazanıb. Dünya universitetlərinin qapılarını üzünə açdığı bu qızın uğurlarına görə ən böyük dayağı - atası xoşbəxtdir: “Müsahibələrdən uğursuzluqla qayıdanda ən çox atam təəssüflənir, ümidlərimin yarımçıq qalmağından ən çox o qorxurdu. Ona görə də təqaüdlə xaricdə təhsil imkanlarım reallaşana qədər ona heç nə demədim. Deyəndə isə çox fərəhləndi. Başqa bir ölkənin Xarici İşlər Nazirliyindən təqaüd aldığımı nəsildəki hamıya qürurla deyir”.
Təbii ki, bu uğur bir də Azərbaycan dövlətini sevindirir. Ən az onun atası qədər sevinən, təhsil tələbə krediti ilə təhsilinə elə atası kimi dəstək verən dövlət.
Uğurun daimi olsun, Azərbaycan gənci. Get, Azərbaycandan kənarda, beynəlxalq aləmdə rəqabətədavamlılığını yoxla, bacarıqların və dünyagörüşünün səni aparıb çıxaracağı yerləri gör. Amma unutma, arxanda bir atan, bir də dövlətin, səni gözləyən vətənin var.




