Azərbaycanlı gəncin adı Toronto Universitetində əbədiləşdirilib 

17 Sentyabr, 2026 - 11:20
Azərbaycanlı gəncin adı Toronto Universitetində əbədiləşdirilib 

Kanadada yaşayan soydaşımız, Toronto Universitetinin Mühəndislik Elmləri proqramının məzunu Emil Kərimov peşəkar uğurları ilə yanaşı, təhsilin inkişafına verdiyi töhfə ilə də diqqət çəkir. Soydaşımızın adı universitetin həyətində daş lövhədə əbədiləşdirilib.

“Azərbaycan müəllimi” Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, soydaşımız məzun olduqdan sonra da Toronto Universiteti ilə əlaqələrini qoruyub saxlayır. O, sözügedən ali təhsil müəssisəsinə etdiyi ianə ilə təhsilin inkişafına və gələcək nəsillər üçün imkanların genişləndirilməsinə çalışır. Bu təşəbbüs onun yalnız peşəkar fəaliyyəti ilə deyil, həm də cəmiyyətə fayda vermək və təhsil sahəsinin inkişafına dəstək olmaq istiqamətindəki mövqeyinin bariz nümunəsidir.

Emil Kərimovun uğur yolu Kanadada yaşayan azərbaycanlıların əldə etdikləri nailiyyətlərin və yaşadıqları cəmiyyətin inkişafına verdikləri töhfələrin parlaq göstəricilərindən biridir. Onun təhsilə və gələcək nəslin inkişafına olan diqqəti azərbaycanlı gənclər üçün örnəkdir.