25 ildən sonra Azərbaycana qayıtdı
Azərbaycanlı həkim və tədqiqatçı Vüqar Yaqublu 25 il klinik fəaliyyət göstərdiyi və elmi araşdırmalar apardığı Almaniyadan Azərbaycana qayıtdığını açıqlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu V.Yaqublu sosial media hesabında paylaşım edib. O bildirib ki, Azərbaycanda Bakı Dövlət Universitetində Biotibbi Tədqiqat və Texnologiya Mərkəzinin təsisçi direktoru, Azərbaycan Tibb Universitetində isə cərrahiyyə üzrə dosent vəzifəsində fəaliyyət göstərəcək.
V.Yaqublu qeyd edib ki, Azərbaycanda inkişaf edən iqtisadiyyat və səhiyyə sistemi müasir biotibbi ekosistemin qurulması üçün böyük imkanlar yaradır. O, Almaniyada qazandığı təcrübəni Azərbaycanda klinik təbabət, tibbi təhsil və fundamental tədqiqatların inkişafına yönəltməyi planlaşdırdığını bildirib.
Həkim əlavə edib ki, onun Azərbaycana qayıdışı yeni əməkdaşlığın başlanğıcı deyil.
Onun sözlərinə görə, Almaniyanın Heydelberg Universitetinin Tibb fakültəsi, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Onkologiya Mərkəzi arasında 25 ildən artıqdır ki, elmi və akademik əməkdaşlıq davam edir.




