500-dək tədqiqatçının mükafatlandırılması nəzərdə tutulur - Agentlik
Azərbaycanda elmi fəaliyyətin stimullaşdırılması, tədqiqatçıların əməyinin qiymətləndirilməsi və alimlərin maddi rifahının yaxşılaşdırılması məqsədilə “Alimlərin mükafatlandırılması” layihəsi həyata keçirilir.
Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov məlumat verib.
Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə 2024-cü ildən icrasına başlanılan layihə çərçivəsində hər il mükafatlandırılan tədqiqatçıların sayının artırılması və qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi istiqamətində addımlar atılır.
Tədqiqatçıların maddi stimullaşdırılmasının təmin edilməsi məqsədilə EATDA tərəfindən “Clarivate” şirkətinin mütəxəssisləri ilə birgə “Elmi iş müəlliflərinin müəllif balının hesablanması qaydası” hazırlanaraq elmi müəssisələrlə paylaşılıb.
Məlumatda bildirilir ki, layihənin ilk mərhələsi 2024-cü ildə həyata keçirilib. Həmin il “Scopus” elmi bazasında TOP-500 siyahısında yer alan 100-dək tədqiqatçı mükafatlandırılıb. Qiymətləndirmə zamanı alimlərin impakt faktor balı və istinad göstəriciləri əsas götürülüb.
2025-ci ildə layihənin əhatə dairəsi genişləndirilib və mükafatlandırılması nəzərdə tutulan tədqiqatçıların sayı 300-dək artırılıb. Eyni zamanda, qiymətləndirmə qaydası təkmilləşdirilərək əlavə göstəricilər tətbiq olunub. Belə ki, FWCI, CNCI, TOP 10 faizdə yer alan məqalələrin sayı, eləcə də Q1 və Q2 kvartilli jurnallarda dərc olunmuş elmi məqalələrin sayı nəzərə alınmağa başlanılıb.
2026-cı ildə isə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və 500-dək tədqiqatçının mükafatlandırılması planlaşdırılır. Yeni mərhələdə Q3 və Q4 kateqoriyalı jurnallarda dərc olunan məqalələr, həmçinin patentlər üzrə əldə edilən ballar da müəllif balının hesablanmasında nəzərə alınır.
Qeyd edək ki, 2026-cı il ərzində “Scopus” bazasına daxil olan jurnallarda 7257 elmi məqalə dərc olunub. Bu göstərici ölkədə elmi nəşr fəallığının qiymətləndirilməsi baxımından diqqət çəkir.
Layihənin əsas məqsədi alimlərin elmi fəaliyyətə marağını artırmaq, keyfiyyətli tədqiqatları stimullaşdırmaq, beynəlxalq elmi nəşrlərdə Azərbaycan alimlərinin təmsilçiliyini genişləndirmək və ölkənin elmi potensialının inkişafına töhfə verməkdir.




