Pedaqoji Kollec tələbələr arasındakı insidentlə bağlı açıqlama yayıb
“ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbələr arasında baş vermiş hadisə nəticəsində tələbələrdən birinin komaya düşməsi barədə mediada yayılan məlumatlar kollecə məlum olan faktlara uyğun gəlmir”.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecindən məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 15-də bir sıra xəbər saytlarında və sosial media platformalarında kollecdə tələbələr arasında baş vermiş hadisə ilə bağlı məlumatlar yayılıb. “Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü” başlığı ilə dərc edilmiş materialda hadisənin nəticələri və sonrakı hüquqi proseslərlə bağlı həqiqətə uyğun olmayan məlumatlara yer verilib.
Kollecdən bildirilib ki, hadisə 2026-cı ilin may ayında iki tələbə arasında yaranmış mübahisə və yumruq zərbəsi nəticəsində baş verib:
“Hadisə baş verən vaxt kollecin rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılıb, tələbələrdən və hadisə barədə məlumatı olan şəxslərdən izahatlar alınıb. Mediada hadisənin nəticələri ilə bağlı, xüsusilə tələbələrdən birinin komaya düşməsi barədə yayılan məlumat kollecə məlum olan faktlara uyğun gəlmir. Hadisədə xəsarət alan tələbə xəstəxanada bir neçə gün həkim nəzarəti altında qaldıqdan sonra evə buraxılıb, 2026-cı ilin oktyabr ayında isə həqiqi hərbi xidmətə yola salınıb”.
Açıqlamada hadisədə iştirak etmiş digər tələbənin kolleclə hazırkı münasibətlərinə də aydınlıq gətirilib:
“Hadisədə iştirak etmiş digər tələbə keçən tədris ilində son kurs tələbəsi olmasına baxmayaraq, onun bir neçə fəndən akademik borcu yaranıb. Tələbə cari semestr üzrə akademik borclarının ləğv edilməsi məqsədilə müvafiq fənləri təkrar dinləmək üçün müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçmədiyinə görə kollecin müvafiq əmrinə əsasən tələbələr sırasından xaric ediləcək”.
Məhkəmə prosesi ilə bağlı bildirilib ki, əldə edilmiş məlumata əsasən, həmin tələbəyə təyin edilmiş cəzanın şərti tətbiqi ilə bağlı qərar verilib:
“Bununla belə, məhkəmə qərarının rəsmi surəti kollecə daxil olmadığından, cəzanın növü və şərtləri barədə məlumatların məhkəmə sənədinin dəqiq məzmununa uyğun təqdim edilməsi zəruridir”.
Kollecdən qeyd olunub ki, hadisədən beş ay sonra məlumatların dəqiqliyi və ilkin mənbələrlə uyğunluğu yoxlanılmadan ictimaiyyətə təqdim edilməsi təəssüf doğurur:
“Bu, hadisənin mahiyyətinin təhrif olunmasına, ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşmasına, eyni zamanda, təhsil müəssisəsinin nüfuzuna və hadisədə iştirak etmiş şəxslərin hüquq və qanuni mənafelərinə xələl gəlməsinə səbəb ola bilər”.
Açıqlamada ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin mediada və sosial şəbəkələrdə yayılan, qeyd olunan faktlarla uzlaşmayan məlumatlara etiraz etdiyi və media subyektlərini informasiya yayarkən dəqiqlik, obyektivlik və məsuliyyət prinsiplərinə riayət etməyə çağırdığı vurğulanıb:
“Bütün media subyektlərindən xahiş edirik ki, bu rəsmi açıqlama əvvəlki materiallara münasibətdə nəzərə alınsın, həqiqətə uyğun olmayan məlumatlar müvafiq qaydada düzəldilsin və bu açıqlamanın mətni ictimaiyyətə çatdırılsın.
Bundan əlavə, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci öz nüfuzunun və qanuni maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır”, - məlumatda qeyd olunub.




