Şagird mövzunu anlayıb, yoxsa əzbərləyib?
Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi tədris prosesinin mühüm hissəsidir. Bu prosesdə düzgün yanaşmanın seçilməsi müəllimə şagirdlərin inkişafını izləməyə və tədrisi onların ehtiyaclarına uyğun qurmağa imkan verir.
“Azərbaycan müəllimi”nə açıqlamasında 182 nömrəli məktəbin ibtidai sinif müəllimi Səidə Dünyamalıyeva bildirib ki, şagirdin mövzunu mənimsəməsini müəyyənləşdirməyin əsas yolu onun öyrəndiyi məlumatı nə dərəcədə müstəqil şəkildə tətbiq edə bilməsini müşahidə etməkdir:
“Çünki məlumatı yadda saxlamaq hələ onu anlamaq demək deyil. Əzbərləyən şagird, adətən, məlumatı olduğu kimi təkrarlayır, tanış suallara cavab verir, lakin sualın forması dəyişdikdə, fərqli situasiya ilə qarşılaşdıqda çətinlik çəkir. Mövzunu həqiqətən mənimsəyən şagird isə öyrəndiyi biliyi öz sözləri ilə izah edir, səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, müqayisə aparır, nümunələr gətirir və biliklərini yeni situasiyalarda tətbiq edə bilir. Burada əsas fərq şagirdin nə qədər məlumat xatırlamasında deyil, həmin məlumatla nə edə bilməsindədir”.
Müəllimin sözlərinə görə, məsələn, şagird riyaziyyatda müəyyən qaydanı əzbər söyləyə bilər. Lakin həmin qaydanı fərqli formada təqdim olunan məsələnin həllində tətbiq edə bilmirsə, bu, biliyin hələ tam mənimsənilmədiyini göstərir.
S.Dünyamalıyeva qeyd edib ki, müəllim şagirdin mövzunu mənimsəməsini yalnız yekun qiymətləndirmə ilə deyil, dərsboyu müşahidə, məqsədyönlü suallar, müzakirələr və praktik tapşırıqlar vasitəsilə izləməlidir:
“Əsl öyrənmə şagirdin müəllimin dediklərini təkrarladığı anda deyil, öyrəndiklərindən istifadə edərək müstəqil düşünməyə başladığı anda özünü göstərir. Buna görə də yalnız faktoloji və reproduktiv suallarla kifayətlənmək düzgün deyil. Suallar şagirdin müxtəlif idraki bacarıqlarını üzə çıxarmalıdır”.
İbtidai sinif müəllimi bildirib ki, bu məqsədlə ilk növbədə izah tələb edən suallardan istifadə olunması məqsədəuyğundur. Məsələn, “Bu qaydanı öz sözlərinlə necə izah edərdin?”, “Bu nəticəyə necə gəldin?”, “Nə üçün belə düşünürsən?” kimi suallar şagirdin mövzunu mexaniki deyil, şüurlu şəkildə qavrayıb-qavramadığını müəyyənləşdirməyə kömək edir.
Onun sözlərinə görə, müqayisə və təhlil tələb edən tapşırıqlar da mühüm əhəmiyyət daşıyır. Şagirdlərdən iki hadisə və ya anlayışın oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək, müxtəlif həll yollarından hansının daha səmərəli olduğunu əsaslandırmaq tələb oluna bilər. Belə tapşırıqlar onların təhlil, müqayisə və əsaslandırma bacarıqlarını üzə çıxarır.
S.Dünyamalıyeva tətbiqetmə yönümlü və situasiya əsaslı tapşırıqların da vacibliyini vurğulayıb:
“Şagirdə öyrəndiyi qaydanı yeni situasiyada tətbiq etməyi tələb edən tapşırıqlar verilməlidir. Bu, biliyin yalnız yadda saxlanılmadığını, praktik fəaliyyətə çevrildiyini göstərir. Şagirdə gündəlik həyatla əlaqəli problem təqdim etmək və onun həlli yollarını təklif etməsini istəmək də məqsədəuyğundur. Bu zaman yalnız düzgün cavab deyil, şagirdin düşünmə prosesi və gəldiyi nəticəni əsaslandırması da qiymətləndirilməlidir”.
Müəllim dərsin sonunda refleksiya suallarından istifadənin də əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, “Bu gün nə öyrəndim?”, “Öyrəndiklərimdən harada istifadə edə bilərəm?”, “Hansı məqam mənim üçün çətin oldu?”, “Hansı suala hələ də cavab axtarıram?” kimi suallar şagirdlərin öz öyrənmə prosesini qiymətləndirməsinə imkan yaradır.
S.Dünyamalıyeva onu da əlavə edib ki, bu yanaşma həm şagirdin öz öyrənmə prosesini dərk etməsinə, həm də müəllimin növbəti dərsi daha məqsədyönlü planlaşdırmasına kömək edir.




