Kembric lüğəti 2026-cı ilin sözünü elan edib

18 Noyabr, 2026 - 14:34
Kembric lüğəti 2026-cı ilin sözünü elan edib

Kembric lüğəti (Cambridge Dictionary) 2026-cı ilin sözü olaraq “human” (“insan”, “insani”) sözünü seçib.

"Azərbaycan müəllimi" xəbər verir ki, lüğətin rəsmi saytında yayılan məlumata görə, bu seçim süni intellektin sürətli inkişafı fonunda insan əməyi ilə maşın istehsalı arasındakı fərqi vurğulamaq zərurətindən irəli gəlib. Dilçilər son dövrlərdə “human” sifətinin insanlar və texnologiya arasındakı sərhədi göstərmək üçün daha sıx işlədildiyini müşahidə ediblər.

Əvvəllər bu söz daha çox insanları heyvanlardan və ilahi varlıqlardan ayırmaq üçün istifadə olunurdu. İndi isə süni intellektin yaratdığı məzmunlardan fərqli olaraq, məhz insan yaradıcılığını ön plana çıxarmaq məqsədilə işlədilir.

Xüsusilə son vaxtlar aşağıdakı ifadələrin istifadəsi geniş yayılıb:
• “human-written” — insan tərəfindən yazılmış;
• “human-generated” — insan tərəfindən yaradılmış;
• “human-made” — insan istehsalı.

Bu birləşmələr hər hansı mətnin, məhsulun və ya məzmunun süni intellekt deyil, birbaşa insan tərəfindən hazırlandığını bildirir.
Lüğətin açıqlamasında vurğulanır ki, bu dil dəyişiklikləri süni intellektin gündəlik həyata dərindən nüfuz etməsinin təbii nəticəsidir. Eyni zamanda, bu tendensiya cəmiyyətin texnologiyaya münasibətində baş verən mühüm dəyişikliklərdən xəbər verir.

Kembric lüğətinin baş redaktoru Kolin Makintoş məsələ ilə bağlı bunları deyib: “2026-cı il istehlak edilən məhsullarda ‘insan amili’nə marağın yenidən artması və ümumilikdə həyatımızda insan başlanğıcının əhəmiyyətinin yüksəlməsi ilə yadda qalıb”.

Xatırladaq ki, Kembric lüğəti ötən il — 2025-ci ildə ilin sözü olaraq “parasocial” (“parasosial”) terminini seçmişdi. Həmin söz insanın məşhur şəxsiyyət, bədii obraz və ya süni intellektlə birtərəfli qaydada hiss etdiyi emosional bağı ifadə edir.