Valideynin məktəbə müdaxiləsi harada başlayır, harada bitir?
Məktəbdə şagirdin davranışı və təlim-tərbiyəsi ilə bağlı məsələlərdə müəllimlə valideynin mövqeyi bəzən fərqlənə bilir. Xüsusilə müəllimin şagirdə irad bildirməsi, valideynin buna münasibəti və belə hallarda məktəb rəhbərliyinin necə davranmalı olduğu müzakirə predmetinə çevrilir.
“Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva bildirib ki, şagirdin şəxsiyyət kimi formalaşmasında məktəb və ailənin əməkdaşlığı vacibdir. Belə ki, təlim prosesi yalnız biliklərin mənimsənilməsinə deyil, uşağın mənəvi, əxlaqi, estetik və intellektual inkişafına da xidmət etməlidir:
“Şagird həyatının əsas fəaliyyət sferası təlimdir. Təlim isə yalnız öyrədici və inkişafetdirici deyildir, həm də tərbiyəedici xarakter daşıyır. Məhz buna görə də təhsil aldığı müddətdə hər bir şagirdin mənəvi, əxlaqi, estetik və intellektual inkişafının da qayğısına qalmaq lazımdır. İstər məktəb rəhbərliyi və müəllim kollektivi, istərsə də valideynlər bu prosesdə birgə iştirak etməlidirlər. Valideynin məktəbin təlim-tərbiyə prosesində iştirak etməsi nəinki məqbuldur, hətta zəruridir. Çünki uşağın şəxsiyyət kimi formalaşması yalnız məktəbin və ya yalnız ailənin üzərinə düşən vəzifə deyil. Bu, hər iki tərəfin ortaq məsuliyyətidir. Ancaq burada iştirakla müdaxiləni bir-birindən fərqləndirmək lazımdır”.
A.Şeydayevanın sözlərinə görə, hər bir şagirdin fərdi və psixoloji xüsusiyyətləri fərqlidir. Buna görə də müəllim şagirdlərlə münasibətdə pedaqoji ünsiyyəti düzgün qurmalı, onların yaş və inkişaf xüsusiyyətlərini nəzərə almalıdır.
O, müəllimin pedaqoji ünsiyyət zamanı avtoritar və liberal yanaşmalardan daha çox demokratik üsluba üstünlük verməsini məqsədəuyğun hesab edir. ADPU rəsmisinin fikrincə, bu yanaşma şagirdin fikirlərinə hörmət edilməsini və təlim-tərbiyə prosesində fəal iştirakını nəzərdə tutur.
Universitet rəsmisi müəllimin şagirdə irad bildirməsi və səsini yüksəltməsi ilə bağlı məsələyə də münasibət bildirib:
“Müəllimin səsini yüksəltməsi hər zaman avtomatik olaraq pedaqoji zorakılıq demək deyil. Bəzən sinifdə gərgin vəziyyət yarandıqda, intizamın pozulması zamanı və ya təcili müdaxilə tələb edən situasiyada müəllim səsini yüksəldə bilər. Lakin bu, uşağı təhqir etmək və ya qorxutmaq üçün bəhanəyə çevrilməməlidir”.
A.Şeydayeva hesab edir ki, müəllimlə valideyn arasında fikir ayrılığı yarandıqda məktəb rəhbərliyi tərəflərdən birinin mövqeyini müdafiə etmək əvəzinə məsələnin obyektiv araşdırılmasına çalışmalıdır.
“Təlim-tərbiyə işləri üzrə direktor müavininin əsas vəzifəsi tərəflərdən birinin müdafiəsinə keçmək deyil, obyektivliyi təmin etmək, pedaqoji etikaya riayət olunmasına nəzarət etmək və problemin təkrarlanmaması üçün düzgün həll yolu tapmaqdır. Ən vacibi isə odur ki, belə mübahisələrin mərkəzində müəllimlə valideynin qarşıdurması deyil, uşağın mənafeyi dayanmalıdır”.
Həmsöhbətimiz müəllimin və valideynin səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini də vurğulayıb:
“Müəllim uşağın tərbiyəsində iştirak etmək səlahiyyətinə malikdir, lakin uşağın şəxsiyyəti üzərində hakimiyyətə malik deyil. Valideyn övladının hüquqlarını qorumaq hüququna malikdir, lakin məktəbin pedaqoji fəaliyyətini idarə etmək səlahiyyətinə malik deyil. Bu iki sərhədin qorunması isə məktəb rəhbərliyinin peşəkarlığından başlayır”, - deyə o qeyd edib.
Mövzunun hüquqi tərəflərinə aydınlıq gətirən Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Elvin Əliyev isə bildirib ki, valideynin övladının təhsil və tərbiyəsi ilə bağlı prosesdə iştirak etməsi qanunvericiliklə təmin olunan hüquqdur. Lakin bu hüququn həyata keçirilməsi zamanı müəllimin peşə səlahiyyətləri də nəzərə alınmalıdır:
“Valideynin övladının təhsil və tərbiyəsi ilə bağlı prosesdə iştirak etməsi onun qanuni hüququdur. Lakin bu hüquq məktəbin daxili idarəetməsinə, müəllimin peşə fəaliyyətinə və tədris prosesinin gündəlik təşkilinə əsassız müdaxilə etmək səlahiyyəti kimi başa düşülməməlidir. Valideyn müəllimin fəaliyyətindən narazı qala, tədrisin keyfiyyəti ilə bağlı irad bildirə, məktəb rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına müraciət edə bilər. Ancaq müəllimin dərs prosesinə öz istəyi ilə müdaxilə etmək, ona göstəriş vermək, qiymətləndirmə prosesinə qanunsuz təsir göstərmək və ya pedaqoji qərarları şəxsi tələblərinə uyğun dəyişdirməyə çalışmaq hüququ yoxdur. Başqa sözlə, valideyn məktəbin tərəfdaşıdır, məktəbin idarəedicisi deyil. Onun iştirakı əməkdaşlıq və qanuni nəzarət çərçivəsində olmalıdır”.
E.Əliyevin sözlərinə görə, “Təhsil haqqında” Qanunun 34-cü maddəsi valideynlərə övladlarının təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, davamiyyəti və davranışı barədə məlumat almaq, hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək və tədris prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək hüququ tanıyır.
Hüquqşünas qeyd edib ki, valideynlərin övladlarının tərbiyəsinə, icbari təhsil almasına və məktəbin daxili intizam qaydalarına riayət etməsinə məsuliyyətlə yanaşmaq kimi vəzifələri də var.
O, müəllimin şagirdin tərbiyəsində iştirak etmək səlahiyyətlərinin də qanunvericiliklə müəyyənləşdirildiyini diqqətə çatdırıb:
""Təhsil haqqında" Qanunun 33-cü maddəsinə əsasən, müəllimin tədrisin forma, metod və vasitələrini sərbəst seçmək, təhsil prosesinin təşkilində iştirak etmək və şərəf və ləyaqətinə hörmət tələb etmək hüquqları var. Eyni zamanda müəllim təhsilalanları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etməli, etik davranış qaydalarına riayət etməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət göstərməli, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır".
E.Əliyev bildirib ki, müəllimin şagirdə irad bildirməsi, davranışını tənzimləməsi və məktəbin intizam qaydalarına əməl olunmasını tələb etməsi pedaqoji fəaliyyətin tərkib hissəsidir. Bununla belə, müəllimin davranışı həm qanuni, həm də etik çərçivədə olmalıdır:
“Müəllim tələbkar ola bilər, amma təhqir edə bilməz. İrad bildirə bilər, amma uşağın şəxsiyyətini alçalda bilməz. İntizam tələb edə bilər, amma fiziki və psixoloji zorakılığa yol verə bilməz. Burada əsas meyar müəllimin səsinin nə qədər yüksək olması deyil, onun davranışının qanuniliyidir”.
Hüquqşünasın sözlərinə görə, müəllimin səsini yüksəltməsi ilə bağlı şikayətlərə qiymət verilərkən hadisənin başvermə şəraiti, müəllimin məqsədi, istifadə etdiyi ifadələr, şagirdə göstərilən psixoloji təsir və davranışın nəticələri nəzərə alınmalıdır. Şagirdin təhlükəli hərəkətinin qarşısını almaq məqsədilə verilən reaksiya ilə uşağın təhqir edilməsi və ya psixoloji təzyiqə məruz qoyulması eyni məzmunda qiymətləndirilə bilməz.
E.Əliyev qeyd edib ki, müəllim barəsində daxil olan şikayət onun avtomatik olaraq təqsirli hesab edilməsi üçün əsas deyil. Məktəb rəhbərliyi hadisəni obyektiv araşdırmalı, tərəflərin mövqeyini öyrənməli və qərarı faktlara əsasən verməlidir:
“Valideynin müraciəti qeydə alınmalı, müəllimin izahatı alınmalı, zərurət olduqda şagird və şahidlərin fikirləri öyrənilməli, mövcud faktiki materiallar araşdırılmalıdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini bu prosesdə mühüm təşkilati və nəzarətedici funksiyaya malikdir. Onun rolu müəllimi əvvəlcədən təqsirkar elan etmək və ya valideynin hər tələbini qeyd-şərtsiz yerinə yetirməkdən ibarət deyil. Tərəflərin mövqeyi dinlənilməli, hadisə obyektiv araşdırılmalı və nəticələr məktəb direktoruna təqdim edilməlidir. Müəllimin davranışında etik və ya əmək intizamının pozulması müəyyən edilərsə, qanunvericiliyə uyğun tədbirlər görülməlidir”.
Hüquqşünas onu da əlavə edib ki, belə hallarda həm şagirdin hüquqlarının, həm də müəllimin şərəf və ləyaqətinin qorunması vacibdir. Münaqişələrin həllində qarşılıqlı ittihamlar deyil, qanunvericiliyin tələbləri və əməkdaşlıq prinsipi əsas götürülməlidir:
“Müəllimin nüfuzunun qorunması ilə şagirdin hüquqlarının müdafiəsi bir-birinə zidd məsələlər deyil. Əksinə, sağlam təhsil mühitinin formalaşması üçün hər iki istiqamət eyni dərəcədə vacibdir. Valideyn övladının hüquqlarını müdafiə etməli, müəllim öz peşə və etik məsuliyyətini dərk etməli, məktəb rəhbərliyi isə bu münasibətlərdə qanunun aliliyini təmin etməlidir. Uşağın mənafeyi naminə müəllimə hörmət, valideynə anlayış və qanuna sədaqət məktəb mühitinin əsas prinsipləri olmalıdır”.




