“İlk nağılı sığınacağa gələndən sonra oxudum” – Bir uşağın yaşaya bilmədiyi uşaqlıq

16 Noyabr, 2026 - 11:58
“İlk nağılı sığınacağa gələndən sonra oxudum”

Heç vaxt küçəyə çıxmayıb, tay-tuşları ilə oyun oynamayıb, üstünü palçığa batırmayıb. Nəinki nağıl oxumayıb, ona nağıl danışan da olmayıb. Qışqıra, gülə, ürəkdolusu əylənə bilməyib. Atası hər gülüşünü üzündə dondurub, oynamaq həvəsini ürəyində boğub, sevincini gözlərində qoyub, uşaqlığını əlindən alıb. Məktəbə gedib, amma orada da heç kimlə qaynayıb-qarışmayıb. Yaxşı oxuyub, hətta sinif nümayəndəsi də olub. Tovuzda bir həyət evində böyüyən Familin (təhlükəsizliyi nəzərə alınaraq şərti ad təqdim edilir) etdiyi hər şey döyülməsi üçün səbəbə çevrilib. Pis qiymət alanda isə atası səbəbini öyrənmədən onu şiddətlə döyüb.

Onunla “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınacağında tanış olduq. Sakit olduğu anlarda belə gözlərində qorxu hiss olunurdu. Sığınacaq əməkdaşları deyirlər ki, onu hər çağıranda həyəcanlanır, hələ də qorxur.

Adını atası qoyub. Atasının verdiyi addan imtina etməsə də, özündən imtina edib. Atasının zorakılığı səbəbindən bir aydan çoxdur ki, anası ilə birlikdə sığınacaqda yaşayır və hələ məktəbə gedə bilmir. “Bəs məktəbə nə vaxt gedəcəksən?” sualımıza cavabı belə oldu: “Allah qoysa, anamla atam boşansın…”

Ailədə atası ilə onları bağlayan bağın qırılacağı günə necə böyük ümid bəslədiyi, yarı nisgil, yarı qorxu, yarı hüznlə söylədiyi bu yarımçıq cümlədən də aydın görünür.

VIII sinfə başlayar-başlamaz anası ilə birlikdə həyatlarını dəyişməyə qərar veriblər. Bu qərardan sonra anası ilə birgə evindən və məktəbindən ayrılıb.

Anası təhsilsizdir, amma Familin oxumasını çox istəyir. Famil özü də təhsil almağa, oxumağa böyük maraq göstərir. Hələ məktəbə gedə bilməsə də, kitablarından ayrılmır. Hələlik onlayn dərslərə qoşulur, dərsliklərini açıb özü oxuyur: “Biologiya maraqlıdır, fizikanı sevirəm, ancaq kimya çətindir”.

Nə olursa-olsun, bütün fənləri öyrənməli, kimyanın çətinliyinə də qatlaşmalıdır: “Həkim olmaq istəyirəm, çünki həm ulu babam həkim olub, həm də həkimin qazancı çox olur”.

Burada onun artıq dostu da var. Özündən yaşca kiçikdir, amma görünür, ürəkləri də, sözləri də tutur. “Sığınacaqda yaşıdım olan oğlan olmadığı üçün həmişə onunla oynayırıq, dost olmuşuq”, – deyir. Amma kim bilir, bəlkə də itirdiyi uşaqlığını dostunda axtarır...

“İlk dəfə nağılı burada oxudum”

Famil mütaliəyə də ilk dəfə sığınacaqda başlayıb. Mehriban Qadın və Uşaq Sığınacağının kiçik kitabxanasında ilk baxışdan diqqətini çəkən kitabları götürüb oxuyur. Nağıl kitabı da məhz burada diqqətini çəkib: “Uşaqlıqda nağıl kitabı oxumamışam, ilk nağılı sığınacağa gələndən sonra oxudum”.

Familin xəyalı

Hələ nağıl kitabları diqqətini çəkən bu məktəbli oğlanın xəyalları yaşından böyükdür. “15 il sonra harada olacaqsan, yanında kim olacaq, necə bir ata, ailə başçısı olacağını təsəvvür edirsənmi?” sualımızın cavabı hazır imiş:

“Xaricdəyəm, anam yanımdadır. Amerikada yaşayıram, həkiməm, yaxşı qazanıram. Hobbi olaraq maşın kolleksiyam da var, içərisində əsasən yapon maşınlarıdır. Böyük villam var, anam üçün almışam. Anamın uşaqlıqdan arzusu böyük evdə yaşamaq olub, onun arzusunu reallaşdıracağam. Uşaqlarım nə istəsə, alıram, onların qarşısında analarını acılamıram, kənarda da acılamayacağam. Uşaqlarıma soyuq davranmayacağam, qazancımı ailəmə və özümə xərcləyib, uşaqlarımı gəzməyə aparacağam, işimə sadiq olacağam”.

“Yaxşı ki, buradayam”

Hələlik isə sığınacaqdadır və burada olmaqdan məmnundur: “Yaxşı ki, buradayam. Atam mənə çox əziyyət verirdi, burada sərbəstəm, oyun oynaya bilirəm. “Ortada qaldı”, “Bənövşə” oynayırıq, qaçış üzrə yarış keçiririk. Hamını qaçışda keçirəm. Güləşə həmişə marağım olub, amma atam qoymadı. Boks da maraqlı idmandır, amma idmançı olmaq istəmirəm, özümü idman meydançalarında görmürəm”.