Sabahın mütəxəssisi bir universitet ixtisasına sığacaqmı? – Ülvi Aslanov

21 Noyabr, 2026 - 11:02
Sabahın mütəxəssisi bir universitet ixtisasına sığacaqmı?

Universitetdə müəyyən bir ixtisas üzrə hazırlanan mütəxəssislərdən iş həyatında getdikcə daha geniş bilik və bacarıqlar tələb olunur. Bunun əsas səbəblərindən biri süni intellektin (AI) yaratdığı imkanlardır. Artıq AI-nin köməyi ilə öz ixtisasımızdan kənar sahələri də araşdıra, müxtəlif tapşırıqları daha asan və sürətli yerinə yetirə bilirik. Bununla belə, insan yalnız oxuduğu sahəni dərindən bilməklə kifayətlənməməli, çatışmayan bilikləri müstəqil şəkildə qazanmağı və əldə etdiyi nəticələri yoxlamağı da bacarmalıdır. Sabahın mütəxəssisinin oxuduğu sahə üzrə konkret ixtisası olacaq, lakin gördüyü iş həmin ixtisasın bugünkü sərhədlərinə sığmayacaq.

Bu dəyişikliyi işəgötürən kimi öz təcrübəmdə də görürəm. Marketinq əməkdaşımız proqramçı ilə birlikdə sosial şəbəkələrdə müştərilərlə yazışan və müraciətləri toplayan AI agenti (öz-özünə işləyən süni intellekt operatoru) hazırlayıb. Maliyyə direktorumuz isə AI ilə maliyyə modellərini daha sürətlə hazırlayır. Beləliklə, əməkdaşlar öz əsas vəzifələrini yerinə yetirməklə yanaşı, texniki həllərin hazırlanması kimi əvvəllər başqa mütəxəssislərin gördüyü işlərə də qoşulurlar. Onlar gündəlik fəaliyyətlərini daha müstəqil təşkil etmək üçün digər sahələrin biliklərindən və təcrübəsindən yararlanırlar. Nəticədə vəzifənin adı, bəlkə də dəyişməyəcək, amma həmin vəzifə üçün tələb olunan bacarıqların dairəsi xeyli genişlənəcək. Təhsil bu dəyişikliyə uyğunlaşmadıqca universitetlə əmək bazarı arasındakı boşluq daha da böyüyəcək.
 
Bu prosesdə ixtisas üzrə qazanılmış təcrübənin əhəmiyyəti daha aydın görünür. Məsələn, maliyyə modelinin hansı fərziyyələrə əsaslanmalı olduğunu və yeni vakansiyaya namizəd seçərkən hansı meyarların nəzərə alınacağını məhz sahəni dərindən bilən mütəxəssis müəyyənləşdirə bilər. Təcrübə həm problemi düzgün müəyyənləşdirməyə, həm də əldə olunan nəticədəki çatışmazlıqları görməyə kömək edir. Süni intellektə tapşırıq verməzdən əvvəl hansı nəticənin keyfiyyətli və düzgün hesab olunduğunu bilmək vacibdir. Başqa sahələrdən əldə edilən biliklər bu peşəkar təcrübə ilə birləşdikdə mütəxəssisin fəaliyyət imkanları da genişlənir. Bu baxımdan, ixtisasartırma proqramları mövcud təcrübəni yeni sahələrdə tətbiq etmək üçün zəruri bilik və bacarıqları qazandırmalıdır. Universitetlər öz məzunlarını yalnız yeni texnologiyalara deyil, həm də artıq geniş təcrübəyə malik, müxtəlif sahələrin biliklərini birləşdirə bilən mütəxəssislərlə rəqabətə hazırlamalıdırlar.

Əmək bazarında bu inteqrasiya yeni vəzifə adlarında da özünü göstərir. Xarici şirkətlərdə “Creative Engineer” (kreativ mühəndis) kimi yeni peşə rolları üzrə vakansiyalara rast gəlmək mümkündür. Bu vəzifələrdə yaradıcı düşüncə, proqramlaşdırma və süni intellektlə işləmək bacarıqları birlikdə tələb olunur. Belə nümunələr məndə bir qənaət formalaşdırır: mühəndislik təfəkkürü bütün ixtisasların təməl bacarıqlarından birinə çevrilməlidir. Problemi hissələrə ayırmaq, uyğun həll yolu müəyyənləşdirmək və onu sınaqdan keçirmək hər bir sahədə vacibdir. Hətta hansı alətdən istifadə etməyin lazım olduğunu düzgün seçmək, işi lüzumsuz yerə mürəkkəbləşdirməmək də peşəkarlığın göstəricisidir.

İş yerlərində peşə rolları genişləndikcə süni intellektin köməyi ilə hazırlanmış, peşəkar görünən, lakin keyfiyyətsiz işlərin də artması mümkündür. Çünki AI zəif məzmunu belə zahirən mükəmməl təqdim edə bilir. Hesabat səliqəli görünə, rəqəmlər düzgün hesablana, amma müqayisənin əsası yanlış seçilə bilər. Belə səhvləri əvvəlki dövrlərlə müqayisədə dərhal aşkar etmək və anlamaq daha çətinləşir. Buna görə də karyerasına yeni başlayan əməkdaşların belə tapşırıqları təcrübəli mütəxəssislərlə birlikdə yerinə yetirməsini vacib sayıram. Təcrübəli həmkar yalnız nəticəni yoxlamamalı, həm də səhvin hansı mərhələdə və nə üçün yarandığını izah etməlidir. Əgər iş əməkdaşın əsas ixtisasından kənar bilik tələb edirsə, onun yoxlanılmasına həmin sahəni yaxşı bilən mütəxəssis də cəlb olunmalıdır.

Təhsil sahəsində bu yanaşmanın müəyyən nümunələri artıq mövcuddur. Biznes və idarəetmə ixtisasları üzrə proqramlarda süni intellekt vasitəsilə texnoloji həllərin hazırlanmasını öyrədən fənlərə də yer verilir. Məsələn, MIT Professional Education-da AI agentlərinin təşkilatlarda tətbiqinə həsr olunmuş fənn müxtəlif ixtisas proqramlarına daxil edilib. Yale Universitetinin “AI Foundations for Managers” (Menecerlər üçün süni intellektin əsasları) kursunda isə biznesin idarə edilməsi üzrə təhsil alan tələbələr süni intellekt əsaslı satış agenti və çatbotla təchiz edilmiş veb-sayt hazırlayıblar. Bu nümunələrdə tələbələr yalnız texnologiyanın imkanları ilə tanış olmur, həm də öyrəndiklərini tətbiq etmək üçün zəruri texnoloji həlləri hazırlamağı öyrənirlər.
Azərbaycanda da tədris proqramları yenilənərkən universitetlər və işəgötürənlər hər bir ixtisas üzrə dəyişən iş tapşırıqlarını birlikdə müəyyənləşdirməlidirlər. Mən hətta müəllimlərin şirkətlərdə ixtisasartırma və təcrübə proqramlarına cəlb olunmasını təklif edərdim. Onlar tədris etdikləri sahədə gündəlik iş proseslərinin necə dəyişdiyini bilavasitə müşahidə etməli, yeni texnologiyaların peşə fəaliyyətinə təsirini yaxından öyrənməlidirlər.

Eyni yanaşma tələbələrin təhsil prosesində də tətbiq oluna bilər. Məsələn, marketinq ixtisası üzrə təhsil alan tələbə məlumatları təhlil etməyi və təkrarlanan işləri avtomatlaşdırmağı, dizayn tələbəsi öz ideyasının işlək ilkin nümunəsini hazırlamağı, informasiya texnologiyaları tələbəsi isə yaratdığı sistemin hansı biznes problemini həll etdiyini araşdırmağı öyrənə bilər. Müxtəlif ixtisasların tələbələri ortaq tapşırıqlar üzərində işləməli, əldə olunan nəticələri isə hər biri öz sahəsinin meyarları əsasında qiymətləndirməlidir. Bu zaman tələbə yalnız öz ixtisasının biliklərini tətbiq etməyi deyil, başqa sahələrdən hansı biliklərə ehtiyac duyduğunu, onları haradan əldə edə biləcəyini və necə yoxlamalı olduğunu da öyrənəcək.

Tələbənin işini qiymətləndirən müəllim də, əməkdaşın hazırladığı nəticəni qəbul edən rəhbər də yalnız yekun məhsula deyil, həmin nəticəyə necə nail olunduğuna diqqət yetirməlidir. İşi təqdim edən şəxs hansı bilikləri tətbiq etdiyini, seçdiyi metodun nə üçün uyğun olduğunu və sınaq zamanı hansı dəyişiklikləri etdiyini izah edə bilməlidir.Nəticə etibarilə, müasir təhsilin məqsədi yalnız konkret ixtisas üzrə biliklərə malik məzun hazırlamaq olmamalıdır. Universitet insana öz sahəsində peşəkarlaşmaqla yanaşı, yeni biliklər qazanmaq, fərqli sahələrin imkanlarından yararlanmaq və əldə etdiyi nəticələri tənqidi qiymətləndirmək bacarığı da aşılamalıdır. Çünki gələcəyin mütəxəssisinin peşə imkanları diplomunda göstərilən ixtisasın bugünkü məzmunu ilə məhdudlaşmamalıdır.