Ramal Quluzadə: Müasir dövrdə ali təhsil diplomuna sahib olmaq işə qəbul üçün kifayət etmir
Əmək bazarında uğur qazanmaq üçün diplomla yanaşı, yeni bacarıqlar da tələb olunur.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu IV “Maarifçi” tələbə-məzun forumunda keçirilən panel müzakirəsi zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə bildirib.
Onun sözlərinə görə, əmək bazarında baş verən dəyişikliklər həm dövlət qurumları, həm də gənclər qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu səbəbdən gənclərin ixtisas seçimi zamanı əmək bazarının real tələblərini və perspektivli peşə istiqamətlərini nəzərə almaları mühüm əhəmiyyət daşıyır.
R.Quluzadə qeyd edib ki, müasir dövrdə ali təhsil diplomuna sahib olmaq işə qəbul üçün kifayət etmir. Sürətlə yenilənən bilik və tələblərə uyğunlaşmaq, mütəmadi olaraq yeni bacarıqlar əldə etmək və əlavə təlimlərdə iştirak etmək zərurətə çevrilib.
Agentlik rəsmisi regionlarda yaşayan gənclərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərə də toxunub. Bildirib ki, artıq bir sıra bölgələrdə məşğulluq forumları keçirilib və bu təşəbbüsün digər regionlarda da davam etdirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, növbəti həftə Naxçıvan və Xankəndidə, eləcə də Şuşa və Zəngilanda məşğulluq forumlarının təşkili nəzərdə tutulur.




