Polad Həşimovun topladığı bitkilər elmi-tədqiqata cəlb edilib

16 Noyabr, 2026 - 22:25
Polad Həşimovun topladığı bitkilər elmi-tədqiqata cəlb edilib

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun son döyüşündən əvvəl öz əlləri ilə topladığı şəfalı bitkilər Azərbaycan Tibb Universitetində (ATU) elmi-tədqiqata cəlb olunub. Generalın ailəsinə sevgisinin, doğma torpağa bağlılığının və təbiətə bələdliyinin izlərini daşıyan bu bitkilərin araşdırılması isə olduqca təsirli tarixçəyə malikdir.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib.

Generalın əllərindən ATU laboratoriyasına qədər yol alan bitkilər

1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açan Polad Həşimov uşaqlıqdan təbiətə, dağlara, bitkilərə yaxından bələd olub. Doğma torpağın hər qarışını sevən generalın bu bağlılığı ailəsi üçün etdiyi kiçik, lakin mənalı bir hərəkətdə də özünü göstərib.

Həyat yoldaşı Ofeliya xanımın sözlərinə görə, Polad Həşimov sonuncu döyüşünə yollanmazdan əvvəl ailəsinin sağlamlığı üçün xidmət etdiyi yüksəkliklərdən müxtəlif müalicəvi bitkilər toplayıb.

O zaman bəlkə də heç kimin ağlına gəlməzdi ki, həmin bitkilər illər sonra elmi araşdırmanın mövzusuna çevriləcək, generalın təbiətdən topladığı bu kiçik əmanət universitet laboratoriyalarında tədqiq olunacaq.

Ofeliya xanım həmin bitkilərin növləri və müalicəvi xüsusiyyətləri barədə elmi məlumat əldə etmək istəyirdi. Bu missiyanı məhz Azərbaycan Tibb Universiteti öz üzərinə götürdü.

Beləliklə, Polad Həşimovun öz əlləri ilə topladığı bitkilərin elmi kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara start verildi.

Generalın topladığı bitkilər alimlərin diqqətində

Tədqiqatın sistematik şəkildə aparılması üçün şəhid generalın qızı, ATU-nun I Müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Aybəniz Həşimovaya müraciət olundu.

Universitetin Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti çərçivəsində Farmakoqnoziya ilə Əczaçılıq texnologiyası və idarəçiliyi kafedraları birgə tədqiqata başladılar.

Farmakoqnoziya kafedrasının müdiri, professor Cavanşir İsayev və Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti Aidə Bəndəliyevanın rəhbərliyi ilə Əczaçılıq fakültəsinin II kurs tələbəsi Günay Mahmudi və Aybəniz Həşimova bitki nümunələrinin identifikasiyasını həyata keçirdilər.

Araşdırma nəticəsində generalın topladığı bitkilərin növləri, farmakoloji xüsusiyyətləri və ənənəvi təbabətdə istifadə istiqamətləri müəyyənləşdirildi:

- Cökə (Tilia) və adaçayı (Salvia) – ənənəvi olaraq tənəffüs yolları ilə bağlı şikayətlərdə istifadə olunan, iltihabəleyhinə və antiseptik xüsusiyyətləri ilə tanınan bitkilərdir.

- İtburnu (Rosa canina) – C vitamini və digər bioloji aktiv maddələrlə zənginliyi ilə seçilir.

- Andız (Inula helenium) – ənənəvi təbabətdə bəlğəmgətirici vasitə kimi tanınır.

- Qaraqınıq (Origanum) və razyana (Foeniculum) – həzm sisteminə təsirləri və ənənəvi istifadəsi ilə diqqət çəkir.

- Güllücə (Centaurea) və qatırquyruğu (Equisetum) – xalq təbabətində müxtəlif məqsədlərlə, o cümlədən sidik-ifrazat sistemi ilə bağlı istifadəsi ilə tanınır.

Generalın seçdiyi bitkilərin müxtəlif ənənəvi istifadə sahələrinə malik olması tədqiqatın maraqlı məqamlarından biridir. Bununla belə, onların konkret müalicəvi effektivliyinin təsdiqi üçün əlavə farmakoloji və klinik araşdırmalar da tələb olunur.

Sirri öyrənilən bitkilər yalnız şəfa mənbəyi deyil, həm də qəhrəmanlıq dastanının səssiz şahididir

Tədqiqat zamanı ATU nümayəndələri Polad Həşimovun məzarını ziyarət etməyi da unutmayıblar.

Gənc tədqiqatçı Günay Mahmudi bu ziyarətin onda yaratdığı duyğuları belə ifadə edib: “Biz şəhid generalımızın məzarını ziyarət edərkən mən bir daha anladım ki, Polad Həşimovun timsalında qəhrəmanlıq və şəfa anlayışları eyni kökdən – Azərbaycan torpağından qidalanır. Bu gün biz əczaçıların bütün sirrini öyrəndiyimiz dərman bitkiləri yalnız bir şəfa mənbəyi deyil, həm də artıq bir qəhrəmanlıq dastanının səssiz şahididir”.

Polad Həşimovun adı Azərbaycan tarixində qəhrəmanlığı ilə yaşayır. Onun öz əlləri ilə topladığı bu bitkilər isə qəhrəmanın həyatından qalan başqa bir izə çevrilib – ailəsinə sevgisinin, torpağa bağlılığının və təbiətə hörmətinin səssiz yadigarına.

Bir generalın döyüş meydanında yazdığı qəhrəmanlıq dastanının başqa bir səhifəsi bu dəfə elmin dili ilə danışır.