Uşaq hüquqlarının müdafiəsi: Son iki ilə baxış
Azərbaycanda 2025-ci il ərzində uşaq hüquqlarının müdafiəsi, uşaqların hüquqi məlumatlılığının artırılması və ictimai iştirakçılığının təşviqi istiqamətində 704 təlim, konfrans, seminar və görüş keçirilib, 10 sosial layihə həyata keçirilib. Bu tədbirlərdə ümumilikdə 33 881 nəfər iştirak edib.
Bu barədə 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” ilə bağlı “Azərbaycan müəllimi”nin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) əldə etdiyi məlumatda bildirilib.
Uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericilik təkmilləşdirilib
Bu sahədə mühüm yeniliklərdən biri 2026-cı ildə yeni “Uşaq hüquqları haqqında” Qanunun qəbul edilməsidir. Martın 3-də qəbul edilən və aprelin 15-də təsdiqlənən qanun uşaqların hüquq və azadlıqlarını, həmin hüquqların təmin olunması üzrə dövlətin vəzifələrini və dövlət nəzarətinin əsaslarını müəyyənləşdirir.
Qanunda uşaqların üstün mənafelərinin qorunması, ayrı-seçkiliyin yolverilməzliyi, zorakılığın bütün formalarının və erkən evliliyin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi, eləcə də onların fiziki, əqli, mənəvi və əxlaqi inkişafının təmin edilməsi əsas istiqamətlər kimi nəzərdə tutulub.
Yeni qanunun qəbulundan irəli gələrək Mülki Prosessual, Ailə, Cinayət-Prosessual məcəllələrinə, həmçinin sosial xidmət, reklam, media və uşaqların zərərli informasiyadan qorunması sahələrini tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər edilib.
Bununla yanaşı, 2025-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarları ilə dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmət keyfiyyətinə dair tələblər, eləcə də uşaq hüquqlarının bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiqlənib.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində 4 mindən çox uşaq tədbirlərə qatılıb
2025-ci ildə keçirilən “Uşaq Hüquqları Aylığı” çərçivəsində Dövlət Komitəsi tərəfindən 117 tədbir, 11 təlim, 5 intellektual yarış və 3 konfrans təşkil olunub. Bu fəaliyyətlərə ümumilikdə 6791 nəfər cəlb edilib ki, onların da 4262-si uşaq olub.
2025-ci ildə Uşaq Səfirlər Məclisi tərəfindən uşaq iştirakçılığı istiqamətində 607 tədbir keçirilib və həmin tədbirlərdən 23 427 nəfər faydalanıb.
Regionlarda yaşayan uşaqların hüquqları barədə məlumatlandırılması da diqqətdə saxlanılıb. “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində 2025-ci ildə 5 rayonun 25 kəndində görüşlər keçirilib, 668 uşaq maarifləndirmə tədbirlərinə cəlb olunub. Layihə 2026-cı ildə də davam etdirilib, 6 rayonun 29 yaşayış məntəqəsində keçirilən tədbirlərdə 818 uşaq iştirak edib.
730 qızın təhsilinə dəstək göstərilib
2021-ci ildən həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsi və digər proqramlar çərçivəsində beş il ərzində 730 qızın təhsilinə töhfə verilib. Hənifə Məlikova-Zərdabi təqaüd proqramı vasitəsilə 317 tələbə qıza, “Arzumuz var!” təqaüd proqramı çərçivəsində isə 22 qıza dəstək göstərilib.
Məktəbəqədər təhsilin əlçatanlığının artırılması istiqamətində də yeni mexanizmlər tətbiq olunur. Prezidentin 19 iyun 2026-cı il tarixli Fərmanı və Nazirlər Kabinetinin 17 iyul tarixli Qərarı ilə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi nəzərdə tutulub.
Yeni mexanizmə əsasən, müsabiqə yolu ilə seçilən özəl məktəbəqədər təhsil müəssisələrində uşaqların aylıq təhsil haqqının 70 faizi dövlət tərəfindən qarşılanır. Dövlət dəstəyinin məbləği Bakı şəhərində aylıq 350 manatadək, digər şəhər və rayonlarda isə 250 manatadək müəyyən edilib.
2026–2027-ci tədris ili üzrə bu model çərçivəsində 124 özəl məktəbəqədər təhsil müəssisəsi seçilib və oktyabrın 1-dən həmin müəssisələrdə tədrisə başlanılıb.
Əlilliyi olan uşaqların sosial inteqrasiyası diqqətdə saxlanılır
2025-ci ildə Daun sindromlu uşaqların və onların valideynlərinin iştirakı ilə reabilitasiya, sosial xidmətlərə çıxış, cəmiyyətə inteqrasiya və valideynlərə psixososial dəstək məsələlərini əhatə edən yeddigünlük yaz düşərgəsi təşkil olunub.
2026-cı il oktyabrın 6–9-da isə əlilliyi müəyyən edilmiş 18 yaşınadək şəxslərə göstərilən sosial xidmətlərin və inklüziv təhsil imkanlarının keyfiyyətinin artırılması məqsədilə mütəxəssislər üçün dördgünlük təlim keçirilib. Təlimdə erkən müdaxilə, uşaqların fərdi ehtiyaclarının qiymətləndirilməsi və ailələrlə əməkdaşlıq məsələləri müzakirə edilib.
17 uşaq müəssisəsində monitorinq aparılıb
Dövlət Komitəsinin məlumatına görə, 2025-ci ildə 15-i dövri, 2-si növbədənkənar olmaqla, ümumilikdə 17 uşaq müəssisəsində monitorinq aparılıb.
Monitorinqlərin nəticələrinə əsasən, 13 müəssisənin fəaliyyəti qənaətbəxş, 3 müəssisənin fəaliyyəti qismən qənaətbəxş, 1 müəssisənin fəaliyyəti isə qeyri-qənaətbəxş qiymətləndirilib.
2026-cı il ərzində isə ümumilikdə 25 uşaq müəssisəsində monitorinqin aparılması nəzərdə tutulub. Oktyabr ayınadək müəyyən edilmiş siyahı üzrə 15 müəssisədə monitorinq həyata keçirilib.
Uşaqların internet təhlükəsizliyi və bullinqdən müdafiəsi ilə bağlı tədbirlər görülür
Bu məqsədlə 2024-cü ildə valideynlər, informasiya istehsalçıları və yayıcıları üçün “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı 2000 tirajlı maarifləndirmə vəsaiti hazırlanıb. Vəsaitdə təhlükəli internet oyunları, sosial şəbəkələrdən təhlükəsiz istifadə və kiberbullinq riskləri ilə bağlı məsələlər əksini tapıb.
2025-ci il oktyabrın 6–9-da beynəlxalq ekspertin iştirakı ilə dövlət və qeyri-dövlət qurumlarının əməkdaşları, məktəb psixoloqları və yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar üçün keçirilən təlimdə 120 nəfər iştirak edib.
İnformasiya məhsullarının yaş təsnifatı üzrə Ekspert Şurasında da uşaqların zərərli informasiyadan qorunması ilə bağlı müraciətlərə və qanunvericiliyin təkmilləşdirilməsi təkliflərinə baxılır. 2026-cı ilin yanvarında “Roblox” platforması ilə bağlı müraciətlər də müzakirə edilib.
Bununla yanaşı, uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədqiqatlar aparılıb. “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinq” adlı 2024-cü il araşdırmasında bullinqin səbəbləri, formaları və nəticələri öyrənilib, problemin qarşısının alınmasında valideynlərin, müəllimlərin, məktəb psixoloqlarının və aidiyyəti qurumların birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Bir ildə 41 erkən evlilik halının qarşısı alınıb
2025-ci ildə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 29 746 nəfər faydalanıb. İl ərzində 1159 ailəyə səfər edilib. Səfərlərin 560-ı təhsildən yayınma, erkən evlilik, məişət zorakılığı, ailə mübahisələri, uşaqla ünsiyyət, qəyyumluq və himayə məsələlərini əhatə edib.
Həmin il məişət zorakılığının qarşısının alınması ilə bağlı Dövlət Komitəsinə 558 müraciət daxil olub. Bu müraciətlərdən 15-i uşaqlar tərəfindən edilib.
Bununla yanaşı, 2025-ci il ərzində Dövlət Komitəsi tərəfindən ümumilikdə 41 erkən evlilik halının qarşısı alınıb.




