“Böyüyəndə unudacaqsan” deməyin: Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ

5 Noyabr, 2026 - 10:11
“Böyüyəndə unudacaqsan” deməyin:

Uşaqlıqdan yeniyetməliyə keçid insanın özünü və dünyanı yenidən kəşf etdiyi, hisslərin bəzən düşüncələrdən daha sürətli hərəkət etdiyi mürəkkəb dövrdür. Bu yaşda uğursuz imtahan, valideynlə mübahisə, sinif yoldaşlarının münasibəti, dost incikliyi böyüklərə adi görünə bilər. Ancaq bu, yeniyetmə üçün bütün dünyanın ona qarşı çevrildiyi hissini yaradır. Çünki o, hələ hər çətinliyin keçici olduğunu, bu gün çıxılmaz görünən vəziyyətin sabah başqa cür görünə biləcəyini anlamağı öyrənir. Bəzən bir neçə saat, bir neçə gün sonra əhəmiyyətini itirəcək hadisə onun bütün gələcəyini kölgədə qoyur. Elə buna görə də yeniyetmənin susqunluğunun, qəzəbinin, qəfil dəyişən davranışlarının arxasında nələrin dayandığını anlamaq xüsusilə vacibdir.

Bəs yeniyetmələr niyə bəzən qarşılaşdıqları kiçik problemi belə həllolunmaz hesab edir, yaşadıqları çətinlikdən çıxış yolu görməkdə çətinlik çəkirlər?

“Yeniyetməyə elə gələ bilər ki, mövcud vəziyyət heç vaxt dəyişməyəcək və onun çıxış yolu yoxdur”

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti, uşaq və yeniyetmə psixoloqu Pərvin Müslümzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, yeniyetməlik dövrü insanın bioloji, psixoloji və sosial baxımdan intensiv inkişaf etdiyi mərhələdir. Bu dövrdə yalnız hormonal dəyişikliklər baş vermir, həm də beynin emosiyaların tənzimlənməsi, qərarvermə, nəticələri qabaqcadan qiymətləndirmə və davranışa nəzarətlə əlaqəli funksiyaları inkişaf etməkdə davam edir, xüsusilə emosional gərginlik şəraitində yeniyetmənin vəziyyətə daha sakit yanaşması və alternativ çıxış yollarını görməsi çətinləşə bilər: “Bu yaş dövründə şəxsiyyətin formalaşması, özünüqiymətləndirmə, yaşıdlar tərəfindən qəbul edilmə və sosial münasibətlər xüsusi əhəmiyyət qazanır. Məsələn, dostla mübahisə, romantik münasibətin bitməsi, sosial şəbəkədə mənfi rəy və ya məktəbdə yaşanan uğursuzluq böyüklər üçün müvəqqəti çətinlik kimi görünə bilər. Yeniyetmə isə belə hadisələri öz dəyərinə, sosial mövqeyinə və ya gələcəyinə qarşı ciddi təhlükə kimi qəbul edə bilər.

Güclü emosional gərginlik zamanı düşüncə daha məhdud və qəti xarakter alır: yeniyetməyə elə gələ bilər ki, mövcud vəziyyət heç vaxt dəyişməyəcək və onun heç bir çıxış yolu yoxdur. Bununla belə, güclü emosional reaksiya və ya əhvalın dəyişməsi özlüyündə psixi pozuntu və yaxud intihar riski demək deyil. Narahatlıq o zaman artır ki, ümidsizlik və çıxışsızlıq hissi davamlı xarakter alsın, gündəlik fəaliyyət nəzərəçarpacaq dərəcədə pozulsun, yeniyetmə özünü ətrafdakılar üçün yük hesab etsin, özünə zərər versin və ya bu haqda düşüncələr ifadə etsin”.

“Valideynin əsas vəzifəsi ilk növbədə övladının yaşadığı emosional vəziyyəti anlamağa çalışmaqdır”

Psixoloqun sözlərinə görə, valideynlər “bunun üçün narahat olmağa dəyməz”, “böyüyəndə bunların hamısını unudacaqsan” kimi ifadələri çox vaxt övladlarını sakitləşdirmək və onlara problemlərinin müvəqqəti olduğunu göstərmək məqsədilə işlədirlər. Lakin yeniyetmə belə sözləri fərqli qəbul edə bilər. Onda “məni başa düşmürlər”, “hisslərim vacib deyil” və ya “problemlərim haqqında danışmağın mənası yoxdur” düşüncələri yarana bilər: “Bu, psixologiyada emosional təcrübənin dəyərsizləşdirilməsi kimi izah olunur. Belə ünsiyyət davamlı xarakter aldıqda yeniyetmənin öz hisslərini bölüşmək istəyi azala, o, emosiyalarını gizlətməyə və çətinliklərinin öhdəsindən təkbaşına gəlməyə çalışa bilər. Halbuki dəstəkləyici ailə münasibətləri və etibarlı böyüklərlə ünsiyyət yeniyetmənin psixi sağlamlığını qoruyan mühüm amillərdəndir.

Valideynin əsas vəzifəsi problemi dərhal həll etmək deyil, ilk növbədə övladının yaşadığı emosional vəziyyəti anlamağa çalışmaqdır. Məsələn, “burada nə var ki?” demək əvəzinə, “belə görürəm ki, bu hadisəyə görə çox incinmisən. İstəsən, bu barədə danışa bilərik” söyləmək daha faydalıdır. Burada emosiyaları qəbul etməklə hadisəni və ya yeniyetmənin bütün davranışlarını təsdiqləmək arasında fərq var. Valideyn övladının hisslərini qəbul etməklə yanaşı, ona vəziyyəti daha geniş perspektivdən görməyə kömək edə bilər. Bunun üçün əvvəlcə diqqətlə dinləmək, daha sonra isə “səncə, bu vəziyyəti necəsə dəyişmək mümkündür?”, “bu problemi həll eləmək üçün nədən başlamaq istəyərdin?” kimi suallardan istifadə etmək məqsədəuyğundur.
Problemin həll edilə biləcəyini göstərmək üçün “hər şey yaxşı olacaq” kimi ümumi vədlərdən daha çox konkret dəstək təklif etmək vacibdir. Məsələn, “hazırda hər şey sənə çox ağır görünə bilər. Biz birlikdə çıxış yolu tapa bilərik. Sən bunu tək həll eləməli deyilsən”. Yeniyetməyə veriləcək ən vacib mesaj budur: “Sənin yaşadıqlarını ciddi qəbul edirəm. Bu çətinliklə tək qalmağına ehtiyac yoxdur və biz birlikdə kömək yolları tapa bilərik”.

“Şübhə yarandıqda böyüklər söhbətdən çəkinməməlidir”

Psixoloq bildirib ki, özünə zərərvermə düşüncələri yaşayan yeniyetmələrin hamısı bu barədə açıq danışmır. Bəzi hallarda müəyyən emosional və davranış dəyişiklikləri müşahidə oluna bilər: “Bununla belə, heç bir ayrıca əlamət özünə zərərvermə riskini dəqiq müəyyənləşdirmir və bəzi yeniyetmələrdə nəzərəçarpan xarici dəyişikliklər olmaya da bilər.

Diqqət yetirilməli dəyişikliklərə əvvəlki maraqların itməsi, dostlardan və ailədən uzaqlaşma, sosial təcrid, yuxu və iştahada ciddi dəyişikliklər, davamlı kədər, narahatlıq, əsəbilik, dərs fəaliyyətində nəzərəçarpan geriləmə, riskli davranışların artması daxildir. Xüsusilə ümidsizlik, özünü dəyərsiz və ya başqalarına yük kimi hiss etmə, ölüm haqqında təkrarlanan fikirlər, vida xarakterli ifadələr, şəxsi əşyaları başqalarına vermə və özünə zərərvermə üsulları barədə məlumat axtarma kimi əlamətlər ciddi xəbərdarlıq siqnallarıdır. Uzunmüddətli ağır emosional vəziyyətdən sonra qəfil və izaholunmaz əhval dəyişikliyi də digər əlamətlərlə birlikdə diqqətlə qiymətləndirilməlidir.

Şübhə yarandıqda böyüklər söhbətdən çəkinməməli, lakin onu sakit, ittihamsız və mühakiməsiz şəkildə aparmalıdırlar. Məsələn, söhbətə belə başlamaq olar: “Son vaxtlar görürəm ki, özünə qapanmısan və əvvəlki kimi deyilsən. Sənə görə narahatam, özünü necə hiss edirsən?”

Elmi-tədqiqatlar göstərir ki, özünə zərərvermə düşüncələri haqqında sakit və birbaşa sual vermək yeniyetmənin ağlına belə bir fikir salmır və bunun başvermə riskini artırmır. Əksinə, bu, onun yaşadığı çətinliyi bölüşməsi və yardım alması üçün imkan yaradır. Yeniyetmə bu düşüncələrinin olduğunu bildirərsə, ona həmin fikirlərin hazırda olub-olmadığını, nə qədər tez-tez yarandığını və özünə zərər vermək üçün konkret planının olub-olmadığını sakit şəkildə soruşmaq vacibdir. Lakin valideyn və ya müəllim müstəqil klinik risk qiymətləndirməsi aparmağa çalışmamalıdır. Bu məlumatlar təhlükəsizliyin təmin edilməsi və müvafiq mütəxəssisə müraciət üçün əsasdır.

Ən mühüm məqam yeniyetmənin dediklərini ciddi qəbul etmək, onu danışmağa məcbur etmədən dinləmək və kömək üçün təhlükəsiz şərait yaratmaqdır”.

P.Müslümzadə qeyd edib ki, yeniyetmə özünə zərərvermə haqqında düşündüyünü bildirirsə, ilk növbədə onun sözləri ciddi qəbul edilməli və təhlükəsizliyi təmin olunmalıdır: “Böyüklərin reaksiyası sakit, dəstəkləyici və mühakiməsiz olmalıdır. “Bunu mənimlə bölüşdüyün üçün çox sağol. Əsas sənin təhlükəsizliyindir. Birlikdə lazımı yerlərdən yardım alarıq” kimi ifadələr daha məqsədəuyğundur.

“Diqqət çəkmək üçün belə danışırsan”, “Bu qədər problemə görə belə düşünmək olar?”, “Bizi biabır edəcəksən” kimi ittihamedici və utandırıcı ifadələrdən, habelə cəzalandırmaqdan, mübahisə etməkdən və yeniyetməni qorxutmaqdan çəkinmək lazımdır.
Özünə zərərvermə düşüncələrinin açıqlanması peşəkar qiymətləndirmə üçün əsasdır. Yeniyetmənin hazırda özünə zərər yetirmə niyyəti varsa, konkret planı mövcuddursa, təhlükəli vasitələrə çıxışı varsa, yaxın zamanda belə bir cəhdi olubsa və ya onun təhlükəsizliyini təmin etmək mümkün deyilsə, vəziyyət təcili hesab edilməlidir. Bu halda yeniyetmə tək buraxılmamalı, təhlükə yarada biləcək vasitələrə çıxış məhdudlaşdırılmalı və təcili tibbi yardım çağırılmalıdır.

Özünə zərərvermə düşüncələri konkret planla müşayiət olunmasa belə, uşaq və yeniyetmələrlə işləmək təcrübəsi olan psixi sağlamlıq mütəxəssisinə gecikmədən müraciət edilməlidir. Uşaq və yeniyetmə psixiatrı psixi vəziyyəti, özünəxəsarət riskini, mümkün psixi pozuntuları və tibbi müdaxilə ehtiyacını qiymətləndirir. Klinik psixoloq isə müvafiq hazırlığı çərçivəsində psixoloji qiymətləndirmə, terapevtik dəstək, emosional tənzimləmə və problemlərin həlli bacarıqlarının inkişaf etdirilməsi istiqamətində çalışa bilər. Yardımın forması mütəxəssisin qiymətləndirməsinə əsasən müəyyənləşdirilir.

Məktəb və ailə arasında məsuliyyət bölgüsü dəqiq və əlaqələndirilmiş olmalıdır. Müəllim və məktəb psixoloqunun vəzifəsi xəbərdarlıq əlamətlərini tanımaq, yeniyetməni mühakimə etmədən dinləmək, zəruri təhlükəsizlik tədbirlərini görmək və müvafiq mütəxəssislərə yönləndirməni təşkil etməkdir. Risk aşkar edildikdə valideyn və ya qanuni nümayəndə məlumatlandırılmalıdır. Ailə uşağın təhlükəsizliyinin təmin edilməsində, peşəkar yardıma çıxışında və tövsiyə olunan dəstəyin davam etdirilməsində iştirak etməlidir.

Əgər ailə mühiti özü yeniyetmə üçün təhlükə mənbəyidirsə, onun təhlükəsizliyini qoruyan alternativ tədbirlər və uşaqların müdafiəsi üzrə müvafiq xidmətlərin iştirakı nəzərdən keçirilməlidir. Məxfilik mühümdür, lakin yeniyetmənin həyatı və təhlükəsizliyi üçün ciddi risk olduqda məlumatın qorunması və paylaşılması təhlükəsizlik tələbləri və qüvvədə olan hüquqi normalar əsasında həyata keçirilməlidir.

Peşəkar yardım çərçivəsində yeniyetmə və ailə ilə fərdiləşdirilmiş təhlükəsizlik planı hazırlanması, təhlükənin artmasını göstərən əlamətlərin müəyyənləşdirilməsi, dəstək göstərə biləcək şəxslərin seçilməsi və böhran zamanı müraciət yollarının razılaşdırılması vacibdir. Sadəcə yeniyetmədən “bir daha belə etməyəcəyinə söz verməsini” istəmək təhlükəsizlik planını əvəz etmir.
Əsas məqsəd yeniyetməni qorxutmaq və ya utandırmaq deyil, onun təhlükəsizliyini təmin etmək, yaşadığı psixoloji ağrını ciddi qəbul etmək və vaxtında peşəkar yardıma çıxış yaratmaqdır”, – deyə psixoloq bildirib.