Bu təcrübə mənə təhsilə tədqiqatçı gözü ilə baxmağı öyrətdi - “Maarifçi” Selcan İskəndərli
“Maarifçi” proqramı gənclərin bilik və bacarıqlarının inkişafına, onların peşəkar mühitə inteqrasiyasına və gələcək karyera imkanlarının genişləndirilməsinə xidmət edir. Proqram çərçivəsində iştirakçılar müxtəlif təlimlərə, layihələrə və praktiki fəaliyyətlərə cəlb olunaraq şəxsi və peşəkar inkişafları üçün yeni imkanlar əldə edirlər.
Bəs proqramda iştirak gənclərin dünyagörüşünə, karyera hədəflərinə və gələcək planlarına necə təsir göstərir?
“Azərbaycan müəllimi” bu mövzuda proqram çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təlimin nəzəriyyəsi və metodikası şöbəsində təcrübə keçən Selcan İskəndərli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, “Maarifçi” proqramı ilə “Dilspeak” layihəsi vasitəsilə tanış olub:
“Təhsil sahəsində nəzəri biliklərə yiyələnsəm də, bu biliklərin real iş mühitində və idarəetmə prosesində necə tətbiq olunduğunu görmək mənim üçün əsas motivasiya idi. Proqrama qoşularkən başlıca gözləntim təhsil sisteminin daxili fəaliyyət mexanizmini yaxından öyrənmək, sahənin peşəkarları ilə birgə çalışaraq praktiki təcrübə qazanmaq və gələcək karyera yolumu daha aydın müəyyənləşdirmək idi. Bu proqramı həm şəxsi, həm də peşəkar inkişafım üçün mühüm bir körpü kimi dəyərləndirirdim”.
Müsahibimiz qeyd edib ki, proqramın ona qazandırdığı ən böyük üstünlük təhsilin həm inzibati, həm də elmi-metodiki tərəflərini paralel şəkildə öyrənmək imkanı olub:
“Fəaliyyətimə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə təhsil sektorunda başladım. Burada vətəndaş müraciətlərinin operativ cavablandırılması, rəsmi yazışmaların aparılması və Sənədlərin İdarə Olunması Sistemi (DMS) ilə işləmək kimi bacarılara qiyələndim.
Daha sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin Təlimin nəzəriyyəsi və metodikası şöbəsində çalışmağa başladım. Bu mühitdə fəaliyyətim elmi-tədqiqat istiqamətində formalaşdı. Biologiya sahəsi üzrə araşdırmaların aparılması, sorğuların tərtibi, elmi məqalələrin yazılması, məlumatların təhlili və tənqidi qiymətləndirilməsi istiqamətlərində bacarıqlarımı təkmilləşdirdim. İki fərqli strukturda qazandığım bu təcrübə mənə təhsil prosesinə həm icraçı, həm də tədqiqatçı gözü ilə baxmağı öyrətdi”.
S. İskəndərli bildirib ki, proqramda iştirak etməzdən əvvəl təhsilin cəmiyyət üçün strateji əhəmiyyətini nəzəri cəhətdən dərk etsə də, bu təcrübə ona sistemin pərdəarxası mexanizmlərini yaxından tanımaq imkanı verib:
“Keyfiyyətli təhsil mühitinin formalaşmasının arxasında nə qədər dəqiq planlaşdırmanın, koordinasiyalı komanda işinin və yüksək məsuliyyətin dayandığını əyani şəkildə gördüm.
Bu proses karyera planlarıma daha strateji və inamlı yanaşmağıma səbəb oldu”.
İştirakçı vurğulayıb ki, onu ən çox düşündürən və öyrədən məqam təhsilin keyfiyyətinin təkcə sinif otağındakı tədrisdən deyil, həm də düzgün idarəetmədən, elmi əsaslandırmadan və davamlı tədqiqatlardan birbaşa asılı olduğunu görmək olub:
“İnzibati qərarların real tədris prosesinə necə təsir etdiyini müşahidə etmək mənə nəzəriyyə ilə praktika arasındakı körpünün nə qədər həssas və vacib olduğunu öyrətdi. Eyni zamanda, istənilən uğurlu nəticənin təməlində sistemli yanaşmanın və məsuliyyətli komanda əməkdaşlığının dayandığını bir daha dərk etdim.
Proqram çərçivəsində “Ətraf mühitin mühafizəsində məktəbli ekoloji layihələrin rolu” mövzusunda apardığım tədqiqat gələcək təşəbbüslərim üçün əsas istiqamət oldu. Bu araşdırma göstərdi ki, şagirdlərə ekoloji bilikləri yalnız nəzəri şəkildə aşılamaqla kifayətlənməkdənsə, onları praktik layihələrə cəlb etmək daha effektiv nəticələr verir.
Gələcəkdə məktəblərdə ekoloji menecment prinsiplərinə əsaslanan dayanıqlı layihələrin və şagird təşəbbüslərinin həyata keçirilməsinə töhfə vermək istəyirəm. Məqsədim şagirdlərdə yalnız ekoloji məlumatlılıq yaratmaq deyil, həm də onlarda ətraf mühitə qarşı məsuliyyətli davranış mədəniyyəti və tədqiqatçılıq bacarıqları formalaşdırmaqdır. İnanıram ki, məktəb mühitində atılan bu kiçik, lakin sistemli addımlar gələcəkdə daha genişmiqyaslı ekoloji və sosial dəyişikliklərin əsasını qoyacaq”.




