Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə təqdim olundu
Bu gün “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirdiyi “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbər heyətinin üzvləri, Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri, məktəblilər, valideynlər, məktəb rəhbərləri və müəllimlər iştirak ediblər.
Qərbi Azərbaycan İcmasının inzibati binasında təşkil olunan tədbirdə əvvəlcə müsabiqə iştirakçılarının hazırladıqları Qərbi Azərbaycanın tarixi abidələrinin maketlərindən ibarət sərginin açılışı olub. Qırmızı lentin kəsilməsindən sonra qonaqlar sərgi ilə tanış olub, məktəblilərin hazırladıqları maketlərə baxış keçiriblər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də erməni cinayətlərinin qurbanı olmuş Qərbi azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı layihənin əhatə dairəsi və nəticələri barədə məlumat verib. Bildirib ki, müsabiqə ölkənin müxtəlif bölgələrindən, Bakı şəhərinin bütün rayonlarından, eləcə də Xankəndidən məktəbliləri əhatə edib. Layihə çərçivəsində təqdim olunan 540 maketə mütəxəssislər tərəfindən baxış keçirilib. İlkin şərtlərə əsasən, final mərhələsinə 60 maketin çıxarılması nəzərdə tutulsa da, məktəblilərin təqdim etdikləri işlərin yüksək səviyyəsi və fərqliliyi nəzərə alınaraq bu say artırılıb və 160 layihə final mərhələsinə seçilib.
Məlahət İbrahimqızı qeyd edib ki, müsabiqənin əsas üstünlüklərindən biri məktəblilərin hazırladıqları maketləri yalnız nümayiş etdirməklə kifayətlənməmələri, eyni zamanda həmin abidələrin tarixi, coğrafi mövqeyi və memarlıq xüsusiyyətləri haqqında ətraflı məlumat vermələridir. Bu, onların mövzuya ciddi yanaşdığını, araşdırmalar apardığını və Qərbi Azərbaycanın tarixi irsinə maraq göstərdiyini təsdiqləyir.
O, layihədə iştirak edən bütün məktəblilərin əməyinin qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, final mərhələsinə yüksələn 160 layihənin müəllifləri mükafatlandırılacaq, müsabiqənin əvvəlki mərhələlərində iştirak etmiş digər məktəblilərə də İcma tərəfindən təşəkkürnamələr təqdim olunacaq. Məlahət İbrahimqızı gələcəkdə bu maketlərin tarixi torpaqlarımızda bərpa və yenidənqurma işləri zamanı yeni nəsil memarların yaradıcılıq nümunələri kimi əhəmiyyət daşıya biləcəyinə inamını ifadə edib.
Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli layihənin həyata keçirilməsində əməyi olan İcmanın Qadınlar Şurasına, Elm və Təhsil Nazirliyinin kollektivinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, müəllimlərə və məktəb rəhbərlərinə təşəkkürünü bildirib.
Əziz Ələkbərli vurğulayıb ki, layihənin əsas əhəmiyyəti Qərbi Azərbaycana qayıdış ideyasının ölkənin bütün bölgələrində, məktəblilər arasında təbliğinə xidmət etməsidir. O, müsabiqənin coğrafi əhatəsinin genişliyini xüsusi qeyd edərək, iştirakçıların əksəriyyətinin Qərbi Azərbaycan əsilli olmamasının bu məsələnin ümummilli əhəmiyyətini bir daha nümayiş etdirdiyini bildirib. Deputat məktəblilərin hazırladıqları maketlər və təqdim etdikləri tarixi məlumatların onların ciddi araşdırmalar apardıqlarını göstərdiyini diqqətə çatdırıb.
Əziz Ələkbərli həmçinin qalib layihələrin dekabrın 4-də keçiriləcək Qərbi Azərbaycan İcmasının IV Beynəlxalq Konfransı çərçivəsində nümayiş etdiriləcəyini bildirib. Qeyd edib ki, tədbirdə 70-dən çox ölkədən 100-dən artıq nümayəndənin iştirakı gözlənilir və məktəblilərin əl işləri beynəlxalq qonaqlara təqdim olunmaqla Qərbi Azərbaycanın tarixi-mədəni irsinin tanıdılmasına xidmət edəcək.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında layihənin gənc nəslin formalaşması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və vətənpərvərlik tərbiyəsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, uşaqların bu gün necə yetişdirilməsi gələcək cəmiyyətin formalaşmasına birbaşa təsir göstərir. Vətənpərvərliyin yalnız sözlə deyil, ana dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini dərindən bilməklə formalaşdığını diqqətə çatdırıb.
Nazir müavini məktəblilərin tarixi abidələrin maketlərini hazırlayarkən apardıqları araşdırmaların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, dərsliklərdə tarixi abidələr haqqında məlumatların oxunması ilə yanaşı, onların maketlərinin hazırlanması və təqdim edilməsi biliklərin daha dərindən mənimsənilməsinə imkan yaradır. O, Qərbi Azərbaycanda mövcud olmuş 3500-dən çox tarixi abidənin bir qisminin dağıdıldığını, digər qisminin isə ermənilər tərəfindən mənimsənilərək tarixi kimliyinin dəyişdirildiyini vurğulayıb. Bu baxımdan müsabiqənin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasına töhfə verdiyini bildirib.
Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin bundan sonra da Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsi istiqamətində İcma ilə əməkdaşlığı davam etdirəcəyini, bu mövzunun təhsil və maarifləndirmə layihələrində diqqətdə saxlanılacağını qeyd edib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, professor Misir Mərdanov layihənin təhsil, milli yaddaşın qorunması və gənc nəslin tarixi irsə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, məktəblilərin Qərbi Azərbaycanın tarixi abidələrini araşdıraraq onların maketlərini hazırlamasını təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. Qeyd edib ki, bu cür layihələr uşaqlarda tarixə maraq oyatmaqla yanaşı, onların milli kimlik şüurunun formalaşmasına və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsinə xidmət edir. O, müsabiqə iştirakçılarına uğurlar arzulayıb, layihənin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirin sonunda müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub. Məktəblilərin hazırladıqları maketlər Qərbi Azərbaycanın zəngin tarixi-memarlıq irsinin tanıdılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm təşəbbüs kimi qiymətləndirilib.




