O günlərdə biz sadəcə döyüş yoldaşı deyildik - Vətən müharibəsi iştirakçısı olan müəllim
Azərbaycanın şanlı tarixi Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın igidlik salnaməsi ilə zəngindir. Tarixin bütün dönəmlərində xalqımızın mərd övladları doğma torpaqlarımızın müdafiəsinə qalxaraq Vətən sevgisinin, milli birliyin və sarsılmaz iradənin ən parlaq nümunəsini ortaya qoyublar. Onların qəhrəmanlığı yalnız döyüş meydanlarında qazanılan qələbələrlə məhdudlaşmır, həm də gələcək nəsillərin yaddaşına həkk olunan mənəvi dəyərə, əsl vətənpərvərlik məktəbinə çevrilir. Məhz bu qəhrəmanlıq ənənəsi sayəsində Vətənə bağlılıq, torpağa sədaqət və milli ruh nəsildən-nəslə ötürülərək yaşadılır.
Azərbaycan xalqının bu şanlı qəhrəmanlıq salnaməsində 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində qazanılan tarixi Zəfər hər bir azərbaycanlının qürur mənbəyinə çevrildi. Bu möhtəşəm qələbənin arxasında isə Vətən çağırışına könüllü səs verən, həyatlarını təhlükəyə ataraq doğma torpaqlarımızın azadlığı uğrunda döyüşən minlərlə igidimizin fədakarlığı dayanır.

Belə qəhrəmanlardan biri də Ağsu rayonunun Ərəbmehdibəy kənd tam orta məktəbinin müəllimi Elnur Heydərovdur. O, Vətənə sevgisini yalnız sözləri və pedaqoji fəaliyyəti ilə deyil, ən çətin məqamda silaha sarılaraq döyüş meydanına yollanmaqla da sübut edib. İkinci Qarabağ müharibəsinə könüllü qatılan Elnur Heydərov Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən ağır döyüşlərdə iştirak edərək torpaqlarımızın düşməndən təmizlənməsi naminə öz töhfəsini verib. Onun döyüş yolu Vətən sevgisinin, cəsarətin və fədakarlığın canlı nümunəsidir.
Tarixi Zəfərdən sonra yenidən pedaqoji fəaliyyətinə qayıdan Elnur Heydərov bu gün də müqəddəs missiyasını davam etdirir. Vaxtilə Vətənin müdafiəsi üçün döyüş meydanında mübarizə aparan müəllim indi sinif otağında gələcəyimizin qurucuları olan şagirdlərə bilik və həyat dərsi verir.
Zəfər Günü ərəfəsində “Azərbaycan müəllimi” olaraq Vətənə həm döyüş meydanında, həm də təhsil sahəsində xidmət edən Elnur Heydərovla həmsöhbət olduq. Müsahibimizlə 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolu, Cəbrayıl və Qubadlı istiqamətində yaşadığı çətin və unudulmaz anlar, tarixi Qələbənin onda yaratdığı hisslər, eləcə də müharibədən sonra müəllimlik fəaliyyətinə qayıdışı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müəllimin rolu barədə söhbət etdik.
Qələbəyə birlikdə şahid olduq
Bu gün Elnur Heydərov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayonu Ərəbmehdibəy kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Eyni zamanda həmin ümumtəhsil müəssisəsində fiziki tərbiyə fənnini tədris edir. O, indi müəllimi olduğu Ərəbmehdibəy kənd tam orta məktəbini 1993-cü ildə bitirib. 1997-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olub. 2020-ci il sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edildikdən dərhal sonra aidiyyəti üzrə müraciət edən Elnur müəllim könüllü olaraq döyüşə qatılmaq qərarı verib.
Hazırda ehtiyatda olan baş leytenantın döyüş yolu Cəbrayıl və Qubadlı rayonlarından keçib. Bu ərazilərimizin azad olunması uğrunda gedən ağır döyüşlərdə iştirak edən müəllim o günləri belə xatırlayır: “Kəndimizdən mənimlə birlikdə 33 nəfər 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Bu 33 nəfərin hər biri vaxtilə mənim şagirdim olub. Onların hər birinin Vətən qarşısında göstərdiyi fədakarlıq mənim üçün həm böyük məsuliyyət, həm də sonsuz qürur mənbəyidir. Bir vaxtlar dərs dediyim, gələcəyinə ümidlə baxdığım şagirdlərimin Vətənin müdafiəsinə qalxması, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparması mənə unudulmaz hisslər yaşadır. Təəssüf ki, bu 33 igidimizdən biri – şəhid İsmət İmanov aramızda yoxdur. O günlər bizi sadəcə döyüş yoldaşı deyil, bir-birimizə qardaş etdi. Qələbəyə birlikdə şahid olduq, qəhrəmanlıq göstərərək şəhid olan igidlərimiz əbədi xatirəyə çevrildi”.
“Mənim üçün müəllimlik də Vətənə sədaqətin ifadəsidir”
Zəfər xəbərini Elnur Heydərov Qubadlı rayonu ərazisində eşidib: “O an anladım ki, bu, sadəcə qələbə xəbəri deyil, bir millətin qürurunun, bir xalqın iradəsinin və şəhidlərimizin qanı ilə yazılmış tarixi Zəfərin təntənəsi idi. Qürurluydum, sevincli idim, qəhər və göz yaşları... İfadə edə biləcəyim bunlardır”.
Onun sözlərinə görə, Vətənə xidmət amalını gənc nəslə aşılamaq, şagirdlərdə milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və şəhidlərimizin əziz xatirəsinə hörmət hissini gücləndirmək hər bir müəllimin borcudur. Sinif otağında da qəhrəmanlıq tarixini yaşatmaqda davam edən müəllim şagirdlərinə təkcə fiziki tərbiyə deyil, həm də vətənpərvərlik dərsləri verir: “Şagirdlərin suallarında maraq, heyrət, qürur və bəzən də kövrəklik hiss olunur. Onlar döyüş meydanında yaşadığımız çətinlikləri, silahdaşlarımızla keçirdiyimiz anları və Zəfərə gedən yolu öyrənmək istəyirlər. Bu suallar mənə bir daha göstərir ki, gənc nəsil Vətən tarixini, qəhrəmanlıq salnaməsini və şəhidlərimizin xatirəsini unutmur. Mənim üçün müəllimlik də, Vətənə xidmət də eyni amalın – Vətənə sədaqətin ifadəsidir”.
“Biz şəhidlərimizin uğrunda canlarından keçdiyi Vətənə layiqli xidmət etməliyik”
Elnur müəllim öz şəxsi nümunəsi ilə sübut edir ki, Vətənə xidmət təkcə silahla deyil, həm də biliklə, təhsil ilə mümkündür. “Bu gün geriyə baxanda anlayıram ki, müharibə insana Vətənin, torpağın, bayrağın və insan həyatının dəyərini daha dərindən öyrədir. Mənim üçün ən böyük xoşbəxtlik odur ki, bu gün yenidən doğma torpağımızda, sinif otağında müəllim kimi fəaliyyət göstərir, gələcək nəsillərə Vətən sevgisini aşılayıram”.
Müəllimin fikirləri onun Vətənə, torpağa, doğma yurda olan sevgisini və hərbi xidmətə olan bağlılığını aydın şəkildə göstərir. Söhbət əsnasında öyrənirik ki, Elnur Heydərov döyüşlərdə göstərdiyi şücaətə görə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb. Elnur müəllim kimi igid oğullarımızın döyüş yolu Azərbaycan Ordusunun gücünün və vətənpərvərliyinin bariz nümunəsidir.




