“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB

4 Noyabr, 2026 - 12:55
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi

Noyabrın 2-dən “TəhsilPlus” kartının istifadəçiləri üçün ictimai nəqliyyatda həftəiçi ilk gedişin 1 qəpik olması ilə bağlı kampaniyaya başlanılıb. Lakin bəzi təhsil işçiləri kartlarını mobil ödəniş tətbiqinə əlavə etmələrinə baxmayaraq, metro və avtobuslarda onunla ödəniş edə bilmədiklərini bildirirlər.

Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondunun (TİF) mətbuat katibi Könül Abdulrəşidova bildirib ki, kampaniyanın tətbiqi ilə bağlı hər hansı texniki nasazlıq qeydə alınmayıb:

“Ödəniş zamanı ayrı-ayrı istifadəçilərin qarşılaşdığı çətinliklər fərdi texniki parametrlərdən, kartın mobil ödəniş tətbiqinə əlavə edilməsi və ya cihazın NFC funksiyasının aktivliyindən qaynaqlana bilər. Qeyd edək ki, kampaniyanın şərtlərinə uyğun olaraq ödənişlərin həyata keçirilməsi üçün əlavə qeydiyyat və ya aktivləşdirmə tələb olunmur”.

K.Abdulrəşidovanın sözlərinə görə, “TəhsilPlus” kartını “Apple Pay” və ya “Google Pay” tətbiqinə əlavə etdiyi halda ödəniş edə bilməyən təhsil işçiləri ilk növbədə kartı təqdim edən bankın müştəri xidmətlərinə müraciət etməlidirlər:

“Müraciət zamanı ödəniş cəhdi edilən nəqliyyat vasitəsi və ya metro stansiyası, tarix və saat, eləcə də ekranda əks olunan xəta barədə məlumatın təqdim edilməsi problemin daha operativ araşdırılmasına kömək edəcək”.

Fondun mətbuat katibi 1 qəpiklik gediş güzəştindən yararlanmaq üçün tələb olunan şərtləri də açıqlayıb:

“1 qəpiklik gediş güzəştindən yararlanmaq üçün uyğun “TəhsilPlus” kartının "Apple Pay" və ya "Google Pay" elektron pul kisəsinə əlavə edilməsi kifayətdir. Əlavə kampaniya qeydiyyatına və ya ayrıca aktivləşdirməyə ehtiyac yoxdur. Ödəniş zamanı mobil telefonda NFC funksiyası aktiv olmalı, nəqliyyat terminalına yaxınlaşdırılan cihazda isə kampaniyaya uyğun “TəhsilPlus” kartı əsas ödəniş vasitəsi kimi seçilməlidir. Onu da qeyd edim ki, kampaniya həftəiçi ictimai nəqliyyatda ilk gedişə şamil olunur".