V sənaye inqilabının astanasında: Azərbaycan hansı çağırışlarla üz-üzədir? - Akademik rəy
Son vaxtlarda bütün dünyada beşinci sənaye inqilabının ilkin əlamətlərinin müşahidə olunduğu bildirilir. Bu prosesi necə qiymətləndirmək olar? Azərbaycan dördüncü sənaye inqilabını yaşayırsa, beşinci sənaye inqilabının çağırışlarına nə dərəcədə hazırdır?
“Təhsil TV” və “Azərbaycan müəllimi”nə müsahibəsində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev qeyd edib ki, Dördüncü sənaye inqilabı dedikdə, cəmiyyəti və onun ayrı-ayrı sahələrini yüksək sürətlə dəyişdirən bir sıra qabaqcıl texnologiyalar nəzərdə tutulur. Bunların sırasında bulud texnologiyaları və əşyaların interneti xüsusi yer tutur.
“Bildiyiniz kimi, dördüncü sənaye inqilabına qədər əsasən insanların internetindən söhbət gedirdi. İnsanlar kompüterlər vasitəsilə informasiya mübadiləsi aparırdılar. Sonradan isə müxtəlif fiziki parametrləri ölçən xüsusi sensorlar və qurğular meydana çıxdı. Bu texnologiyalar temperatur, təzyiq və digər göstəricilər haqqında məlumatların toplanmasına, ilkin emalına və internet vasitəsilə ötürülməsinə imkan yaratdı. Beləliklə, əşyaların interneti (IoT) texnologiyası formalaşdı. Bu texnologiyanın digər mühüm tətbiq istiqamətlərindən biri də insan orqanizmi və sağlamlığı ilə bağlı məlumatların toplanmasıdır. Müxtəlif qadcetlər və ağıllı qurğular vasitəsilə insanın sağlamlıq göstəricilərini izləmək, məlumatları sistemləşdirmək və təhlil etmək mümkün olur”.
Akademik R.Əliquliyev bildirir ki, bütün bunlar rəqəmsal əkiz texnologiyasının aktuallığını artırıb: “Rəqəmsal əkiz dedikdə, hər hansı texnoloji və ya təbii obyektin, prosesin, hətta insanın vəziyyətini əks etdirən rəqəmsal model nəzərdə tutulur. Məsələn, ağacların vəziyyəti, vəhşi heyvanların hərəkəti, istehsal prosesləri və insan sağlamlığı haqqında məlumatlar fasiləsiz toplanaraq vahid sistemdə emal edilə bilər. Bu məlumatlar real vaxt rejimində yeniləndikdə obyektin rəqəmsal əkizini yaratmaq mümkün olur. Beləliklə, dördüncü sənaye inqilabının texnologiyaları istehsal, nəqliyyat, energetika, neft-qaz sənayesi və digər sahələrlə yanaşı, birbaşa insan həyatına da nüfuz edir. Nəticədə insanla texnologiya arasında daha sıx qarşılıqlı əlaqə yaranır”.
R.Əliquliyev qeyd edir ki, məhz bu baxımdan dördüncü sənaye inqilabının texnologiyaları getdikcə insan yönümlü xarakter alır. Bizim indiyədək tanıdığımız robotlar və humanoidlər artıq kobotlara – insanlarla əməkdaşlıq edən qurğulara çevrilir.
“Kobot anlayışı insanlarla birgə fəaliyyət göstərən, onlarla qarşılıqlı əlaqə quran robot sistemlərini ifadə edir. Bu texnologiyalar iş yerlərində və gündəlik həyatda insanlarla təmasda olur. Burada yalnız texniki məsələlər deyil, həm də etik və hüquqi münasibətlər, qarşılıqlı anlaşma kimi məsələlər aktuallaşır.
Süni intellektlə təchiz olunmuş qurğular insanı fərdi şəkildə tanımaq, onun əhvali-ruhiyyəsini, davranışını, xarakterini və hətta nitq xüsusiyyətlərini (hətta ləhcəsini) müəyyənləşdirmək imkanları əldə edir. İnsana adı ilə müraciət etmək, onun vəziyyəti ilə maraqlanmaq və verdiyi tapşırıqları yerinə yetirmək kimi funksiyalar bu texnologiyaların imkanlarını daha da genişləndirir.
Göründüyü kimi, süni intellekt daşıyıcısı olan texnoloji qurğular tədricən insan cəmiyyətinə xas olan bəzi xüsusiyyətləri mənimsəyir. Bu da onların insanlarla daha təbii qarşılıqlı əlaqə qurmasına şərait yaradır.
Ümumiləşdirsək, dördüncü sənaye inqilabının texnologiyalarının insan cəmiyyəti ilə daha sıx inteqrasiyası beşinci sənaye inqilabının əsas xüsusiyyətlərindən birini təşkil edir. Ümumən, bu proses belədir: 4-cü sənaye inqilabı üstəgəl insan cəmiyyəti, 5-ci sənaye inqilabına bərabərdir”.
Beşinci sənaye inqilabının mahiyyətinə gəlincə, R.Əliquliyev bildirir ki, süni intellekt texnologiyaları, intellektual agentlər və generativ modellər insanlarla daha fəal qarşılıqlı əlaqəyə girəcək, insanların sağlamlığı və həyat fəaliyyəti ilə bağlı məlumatları toplayacaq, onların rəqəmsal əkizlərinin yaradılmasına imkan verəcək. Bütün bunlar 5-ci sənaye inqilabının yaradacağı reallıqlardır.




