“Uşaq ədəbiyyatının vəzifəsi uşağı həm də həyatın çətinliklərinə hazırlamaqdır” - Reyhan Yusifqızı

4 Noyabr, 2026 - 15:07
“Uşaq ədəbiyyatının vəzifəsi uşağı həm də həyatın çətinliklərinə hazırlamaqdır”

Uşaq kitablarında mövzu seçimi ilə yanaşı, mətnin dili, söz ehtiyatı və cümlələrin quruluşu da yaş xüsusiyyətlərinə uyğun olmalıdır. Kitabın hansı yaş qrupu üçün nəzərdə tutulması və uşağın oxuduqlarını nə dərəcədə anlaya bilməsi əsər seçimində nəzərə alınan məqamlardandır.

“Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazıçısı Reyhan Yusifqızı bildirib ki, uşaq ədəbiyyatında dil və məzmunun yaş qruplarına uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır:

“Uşaq yalnız əsərin məzmununu qavramır, eyni zamanda onun dili vasitəsilə düşünməyi, hisslərini ifadə etməyi öyrənir. O, mətndəki hər sözü bilməyə bilər, lakin tanımadığı sözün mənasını kontekstdən təxmin edə bilməlidir. Yazıçı yalnız uşağın artıq bildiyi sözlərdən istifadə etməməlidir. Əsər yeni sözləri öyrənmək üçün də vasitə olmalıdır. Hesab edirəm ki, əsərin dili uşağın hazırkı inkişaf səviyyəsinə uyğun olmalı, məzmunu isə onu bir qədər irəli aparmalıdır”.

Hər yaş dövrünün özünəməxsus dil və mövzu xüsusiyyətləri var

Yazıçının sözlərinə görə, uşaqların yaş xüsusiyyətlərindən asılı olaraq əsərlərin dili, cümlə quruluşu və mövzu dairəsi də fərqlənməlidir:

“3-5 yaşlı uşaqlar üçün gündəlik həyatda işlənən konkret sözlərdən, qısa, sadə və aydın cümlələrdən istifadə olunmalıdır. Bu yaşda ailə, dostluq, heyvanlar, təbiət, oyuncaqlar və gündəlik hadisələrlə bağlı mövzulara üstünlük vermək olar. 6-8 yaş dövründə isə uşaqlarda ilkin məntiqi düşüncə formalaşmağa başlayır. Artıq yeni anlayışlardan, obrazlı ifadələrdən, sadə və mürəkkəb cümlələrdən, dialoqlardan istifadə etmək mümkündür. Bu yaş qrupu üçün macəra və nağıl janrında əsərlər maraqlı ola bilər. Əsas odur ki, hadisələr maraqlı, əsərdəki konflikt isə aydın olsun”.

R.Yusifqızı qeyd edib ki, yaş artdıqca uşaqlara təqdim olunan əsərlərin mövzu dairəsini və dil imkanlarını genişləndirmək mümkündür:

“9-12 yaşlı uşaqlarda müstəqil düşüncə formalaşır. Bu dövrdə daha zəngin söz ehtiyatından istifadə etmək, elmi-fantastika, kəşflər, səyahətlər, tarixi hadisələr, sosial münasibətlər və ekoloji problemlər kimi mövzulara müraciət etmək olar. Əsər uşağa müstəqil nəticə çıxarmaq imkanı verməlidir. 13-16 yaş isə şəxsiyyətin və dünyagörüşünün formalaşdığı dövrdür. Bu yaşda müharibə, kimlik, sosial ədalətsizlik, sevgi kimi həssas mövzular da ədəbiyyatda yer ala bilər. Macəra və elmi-fantastik əsərlər də vacibdir. Məqsəd həyatın ziddiyyətlərini göstərmək və yeniyetmənin müstəqil mövqe formalaşdırmasına kömək etməkdir”.

Kitab seçimində yalnız yaş meyarı kifayət etmir

Yazıçı uşaqlar üçün kitab seçimində yalnız yaş göstəricisinin əsas götürülməsini düzgün hesab etmir:

“Eyni yaşda olan uşaqların oxu bacarıqları, intellektual hazırlığı və emosional yetkinliyi fərqli ola bilər. Buna görə kitab seçərkən uşağın fərdi inkişaf səviyyəsi, söz ehtiyatı və maraqları da nəzərə alınmalıdır. Uşağa uyğun kitab onu düşündürən, maraqlandıran, yeni biliklərə aparan, lakin oxu prosesindən uzaqlaşdırmayan kitabdır”.

Uşaq ədəbiyyatında həssas mövzulara necə yanaşılmalıdır?

R.Yusifqızı bildirib ki, uşaq ədəbiyyatında mürəkkəb və həssas mövzuların işlənməsi də vacibdir. Lakin bu zaman mövzunun uşağa necə təqdim olunmasına diqqət yetirilməlidir:

“Ölüm, müharibə, xəstəlik və tənhalıq kimi mövzular uşaq ədəbiyyatında geniş yayılmasa da, işlənir və məncə, bu, çox vacibdir. Uşaq ədəbiyyatının vəzifəsi uşağı yalnız xoşbəxt hadisələrlə və nağılvari dünyalarla tanış etmək deyil, onu həyatın real çətinliklərinə də hazırlamaqdır. Uşaq anlamalıdır ki, həyatda sevinc olduğu kimi, kədər, itki, ayrılıq, haqsızlıq və çətin seçimlər də var. Ədəbiyyat bu həqiqətləri uşağa qorxu yaratmadan, onun yaşına və psixoloji hazırlığına uyğun şəkildə çatdırmalıdır”.

Onun sözlərinə görə, belə əsərlər uşaqlarda empatiya, mərhəmət, dözümlülük və düzgün qərar vermək bacarığının inkişafına kömək edə bilər:

“Uşaqları həyatın çətinliklərindən qorumağın yolu həmin çətinlikləri onlardan gizlətmək deyil, bu həqiqətlərlə sağlam şəkildə tanış etməkdir. Ədəbiyyat uşağa başqasının ağrısını anlamağı, fərqli vəziyyətlərə həssas yanaşmağı və çətinliklər qarşısında ümidini itirməməyi öyrədə bilər”.

Uşağın kitabı anlayıb-anlamadığını necə müəyyənləşdirmək olar?

R.Yusifqızı vurğulayıb ki, valideynlər və müəllimlər kitab seçərkən uşağın mətni nə dərəcədə sərbəst oxuduğunu və anladığını müşahidə etməlidirlər:

“Uşağa kitabı məcburən oxutdurmaq əvəzinə onunla birlikdə bir neçə səhifə oxumaq və marağını oyatmaq daha doğrudur. Kitabın uyğunluğunu müəyyənləşdirmək üçün "Oxuduğun hissədə nə baş verdi?", "Qəhrəman nə üçün belə davrandı?", "Sən onun yerində olsaydın, nə edərdin?", "Səncə, hadisələr bundan sonra necə davam edəcək?" kimi suallar vermək olar”.

Yazıçı hesab edir ki, kitabın uşağı düşündürməsi, onda yeni suallar yaratması da vacib meyarlardandır:

“Uşaq hər şeyi dərhal anlamaya bilər. Bəzən kitab üzərində düşünmək, onu yenidən oxumaq və valideynlə müzakirə etmək də mütaliə prosesinin mühüm hissəsidir. Bəzi uşaqlar öz yaş qrupları üçün nəzərdə tutulandan daha mürəkkəb əsərlərə maraq göstərir, digərləri isə yaşına uyğun kitabı anlamaqda çətinlik çəkir. Buna görə fərdi yanaşma vacibdir”.

Yaxşı kitab uşağı yeni suallar verməyə sövq etməlidir

R.Yusifqızı xüsusilə elmi-kütləvi və elmi-fantastik ədəbiyyatın seçilməsinə diqqət yetirilməsini tövsiyə edib:

“Bu əsərlər uşağın yalnız bilik dairəsini deyil, həm də elmi düşüncə tərzini inkişaf etdirə bilər. Yaxşı kitab uşağın xəyal gücünü artırmalı, yeni biliklərə və kəşflərə maraq oyatmalıdır. Əsas odur ki, uşaq kitabı bitirdikdən sonra əvvəlkindən daha çox bilən, düşünən və yeni sualları yaranan oxucuya çevrilsin”.