FHN-in Sumqayıt Regional Mərkəzi “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 63 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə töhfə vermək, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətini formalaşdırmaq, eyni zamanda xilasedici və yanğınsöndürənlərin peşə fəaliyyəti ilə bağlı biliklərini artırmaq olub.
Tədbirdə FHN-in yerli qurumlarının əməkdaşları, bağçanın tərbiyəçi-müəllimləri və uşaqlar iştirak ediblər.
Əvvəlcə, bağçada təhsil alan uşaqların əl işləri nümayiş olunub, ədəbi-bədii hissə təqdim edilib.
Tədbirdə uşaqların hüquqlarının qorunmasının, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu vurğulanıb, bu siyasətin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi bildirilib. Eləcə də uşaqların fövqəladə hallar zamanı təhlükəsizliyinin təmin edilməsi, təbii və texnogen xarakterli hadisələr zamanı düzgün davranış qaydalarına yiyələnməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd olunub ki, erkən yaşlardan təhlükəsizlik biliklərinin aşılanması uşaqların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır. Həmçinin, uşaqların hüquqlarının müdafiəsi ilə yanaşı, onların təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasının, bu istiqamətdə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi qeyd edilib.
Daha sonra tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları haqqında videoçarxlar nümayiş olunub, maarifləndirmə xarakterli təbliğat materialları və yaddaş kitabçaları paylanılıb.
Sonda bağçanın həyətində FHN-in yanğın-xilasetmə vasitələri təqdim olunub, uşaqların sualları cavablandırılıb.




