Rəşad Mustafayev: İşəgötürənlərlə əməkdaşlıq tədris proqramlarının yenilənməsinə imkan yaradacaq

16 Noyabr, 2026 - 11:15
Rəşad Mustafayev: İşəgötürənlərlə əməkdaşlıq tədris proqramlarının yenilənməsinə imkan yaradacaq

Özünəməşğulluq proqramı insanların öz gəlir mənbəyini yaratmasını, peşə hazırlığı isə əmək bazarına uyğun bilik və bacarıqların yaradılmasını dəstəkləyir. Bu mexanizmlər vətəndaşlara ehtiyaclarına uyğun dəstəyi göstərməyə imkan verir. Belə ki, 2026-cı ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib. 14 mindən çox vətəndaş peşə hazırlığına, 6600-dən çox şəxs isə özünəməşğulluq proqramına cəlb olunub.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxış edərkən deyib.

"Bu nəticələr bir insanın işə başlaması, bir gəncin yeni peşə qazanması, bir ailənin öz kiçik biznesini qurması deməkdir. Növbəti mərhələdə diqqətimizi bu nəticələrin davamlılığına yönəldirik. Peşə hazırlığı alan şəxsin işə keçidi, özünəməşğulluq proqramı çərçivəsində qurulan kiçik biznesin fəaliyyətinin davam etdirilməsi və işə başlayan vətəndaşın işdə qalmaq şansı bizim üçün mühüm göstəricidir. Bu baxımdan, əsas vəzifələrdən biri peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Təhsil müəssisələri, peşə hazırlığı mərkəzləri və işəgötürənlər arasında sıx əməkdaşlıq tədris proqramlarının müasir tələblərə uyğun yenilənməsinə, gənclərin praktiki bacarıqlar qazanmasına və əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradacaq", - deyə nazir müavini əlavə edib.