Gələn il gənclər siyasətinə 13 milyon manat ayrılacaq
2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir müavini bildirib ki, 2027-ci ildə gənclər siyasəti üzrə xərclər 12,9 milyon manat proqnozlaşdırılır: “Növbəti ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat, o cümlədən beynəlxalq və ölkədaxili idman tədbirlərinin keçirilməsi üçün 15,2 milyon manat, 76 idman obyektinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması ilə bağlı xərclərin ödənilməsi üçün 11,9 milyon manat, idmançıların və məşqçilərin motivasiyasının artırılması, beynəlxalq arenada yüksək idman nailiyyətlərinin stimullaşdırılması məqsədilə 3,9 milyon manat, digər idman tədbirlərinə 4,8 milyon manat vəsait proqnozlaşdırılıb”.
Himalay Məmişov bildirib ki, 2027-ci ildə gənclər siyasəti xərcləri üzrə 12,9 milyon manat, o cümlədən 35 “Gənclər evi” sosial xidmət müəssisəsinin saxlanılması üçün 5,3 milyon manat, gənclərin inkişafı ilə bağlı digər tədbirlər üzrə 7,6 milyon manat vəsait proqnozlaşdırılıb: “Həmin vəsaitin 239 milyon manatı və ya 37 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyətə, o cümlədən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin, teatrların, musiqi kollektivlərinin saxlanılması xərclərinə, 68,4 milyon manatı və ya 11 faizi televiziya, radio və nəşriyyat xərclərinə, 49 milyon manatı və ya 7,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək”.




