Səngərdən sinif otağına - Hərbi rəhbərlərin vətənpərvərlik nümunəsi 

8 Noyabr, 2026 - 17:09
Səngərdən sinif otağına

Müəllimlik və hərbçilik mahiyyət etibarilə fərqli peşələr olsa da, onları birləşdirən müqəddəs bir amal var: Vətənə sədaqətlə xidmət etmək, insan taleyinə məsuliyyətlə yanaşmaq və gələcəyin etibarlı təməllərini qurmaq. Bu iki peşənin qovuşduğu nöqtədə isə Vətən sevgisi, fədakarlıq, vətənpərvərlik və milli məsuliyyət dayanır. İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda silaha sarılan, Vətən qarşısında öz vətəndaşlıq vəzifəsini şərəflə yerinə yetirən, bu gün isə qazandıqları döyüş təcrübəsini, həyat dərslərini və Vətən sevgisini gənc nəslə aşılayan müəllimlərimiz əsl qəhrəmanlıq və fədakarlıq nümunəsidirlər.
Həmsöhbətlərimiz Lənkəran şəhəri Həzi Aslanov adına 3 nömrəli və 10 nömrəli tam orta ümumtəhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri Pərvin Abbasov və Nurlan Əzizzadə də 44 günlük Vətən müharibəsi iştirakçılarıdır. Onlar Vətənin müdafiəsi üçün səngərlərdə dayanıb, bu gün isə məktəb siniflərində gələcəyin müdafiəçilərini yetişdirirlər, onların mənəvi hazırlığına, vətənpərvərlik ruhunda formalaşmasına və milli dəyərlərə bağlı böyüməsinə töhfə verirlər. Qəhrəman oğullarımızın keçdiyi döyüş yolu şagirdlər üçün sadəcə bir tarix deyil, həm də həyat dərsi, əsl vətənpərvərlik məktəbidir.

Ailəsi narahat olmasın deyə, müharibədə olduğunu gizlədib

Lənkəranın Girdəni kəndində anadan olan Nurlan Əzizzadə hələ məktəb illərində iki peşə – müəllimlik və hərbçilik arasında seçim etməyə çalışıb. Vətənə olan sevgisi onu 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb. 

İkinci Qarabağ müharibəsi başlayanda bölük komandiri olan Nurlan Əzizzadə əks-hücum əməliyyatlarının ilk saatlarından ön cəbhədə olub. Ailəsi narahat olmasın deyə, müharibədə olduğunu onlardan gizlədib.

Müharibənin ilk saatlarında düşmənin şiddətli müqaviməti ilə qarşılaşsalar da, Vətənə olan sevgi və inam bu müqaviməti qırmağa kömək edib. 

Müharibədən sonra onun üçün ən ağır sınaqlardan biri sevdiyi hərbi peşəsindən uzaqlaşmaq və 15 yaşından bəri çiyin-çiyinə xidmət etdiyi can dostlarını itirmək olub. “Hərbi həyat mənim üçün sadəcə iş deyil, bir ailə idi”, - deyə bildirən Nurlan müəllim həmin qardaşlarını itirməyin və o mühitdən uzaqlaşmağın həyatında dərin iz buraxdığını söyləyir.

Nurlan Əzizzadə İkinci Qarabağ müharibəsi əlilidir. Müharibədən sonra “Vətənə xidmətə görə” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Müharibə iştirakçısı” medalları ilə təltif olunub. 

Hərbi xidmətdən uzaqlaşsa da, Vətənə xidmət etmək arzusu heç vaxt sönməyib. Müharibədən dörd il sonra gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi fəaliyyət göstərməyə başlayıb. Bu gün hərbi müəllim kimi öz bilik və təcrübəsini gənc nəslə ötürür, Vətənə bağlı, vətənpərvər, cəsarətli və məsuliyyətli gənclər yetişdirir. O, bu müqəddəs missiyanı yerinə yetirməkdən böyük qürur duyur. Çünki onun üçün Vətənə xidmətin ünvanı dəyişsə də, məqsədi dəyişməyib.

“Müəllimlərimizin böyük zəhməti və əməyi olduğunu bir daha anladım”

Digər həmsöhbətimiz Pərvin Abbasov 1981-ci ildə Lənkəran şəhərində anadan olub. 1999-cu ildə T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbi bitirib. Hərbi xidmətdən qayıtdıqdan bir il keçməmiş Vətənə və hərbiyə olan sevgisi onu yenidən ordu sıralarına qaytarıb. O, cəbhə bölgəsində xidmətə başlayıb. Hərbi xidmətinin 90 faizini təmas xəttində keçirib. 

Aprel döyüşlərinin və  44 günlük Vətən müharibəsinin iştirakçısı olan Pərvin Abbasov xidmət illərində ümumilikdə, 12 medalla təltif edilib. 

2021-ci ildə  xidmət müddətinin başa çatmasına görə ehtiyata buraxılıb. Lakin onun üçün Vətənə xidmət bitməyib. 21 illik fasiləsiz hərbi xidmətdən sonra elə həmin ildən Həzi Aslanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri kimi fəaliyyətə başlayıb: “Müəllimlik peşəsinin nə qədər məsuliyyətli, çətin və eyni zamanda şərəfli olduğunu bu peşəyə yiyələndikdən sonra daha dərindən dərk etdim. Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərən igidlərimizin həyat yoluna nəzər saldıqca onların formalaşmasında müəllimlərimizin böyük zəhməti və əməyi olduğunu bir daha anladım”.

Hər iki hərbi rəhbərlə söhbət zamanı bir daha əmin oluruq ki, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıq göstərən bu insanlar bu gün öz bilik və zəngin təcrübələrini gənc nəslin yetişməsinə, onların vətənpərvərlik ruhunda formalaşmasına həsr edirlər. Vətənə xidmətin ünvanı və forması dəyişsə də, mahiyyəti dəyişmir. Dünən silaha sarılaraq Vətəni qoruyanlar, torpaqlarımızı işğaldan azad edənlər  bu gün bilikləri, təcrübələri və həyat dərsləri ilə onun gələcəyini formalaşdırırlar. Əslində, bu iki missiyanı birləşdirən ən ali amal isə dəyişməzdir: Vətənə sonsuz sevgi, sədaqət və xidmət əzmi!