Təhsil işçiləri “Zəfər düşərgəsi”ndə bir araya gəldi
Noyabrın 8-də Zəfər Günü münasibətilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə “Zəfər düşərgəsi” keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, həmkarlar ittifaqı üzvü olan 300-ə yaxın elm və təhsil işçisinin iştirak etdiyi düşərgənin açılış mərasimində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək
Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın qəhrəmanlıq salnaməsindəki xüsusi yerindən, milli birlik və həmrəyliyin əhəmiyyətindən danışıb. Sədr müavini tarixi Qələbənin mahiyyətinin gənc nəslə çatdırılmasında təhsil işçilərinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıb.
Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva və digər çıxışçılar da Zəfər tariximizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı rolundan, müəllimlərin milli-mənəvi dəyərlərin təbliğindəki məsuliyyətindən və təhsil işçilərinin bu istiqamətdə vəzifələrindən bəhs ediblər.
Düşərgədə Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynovla görüş keçirilib.
Görüşdə ETİHİ Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin müdiriğ Elnur Sadıqov çıxış edərək qəhrəmanlarımızın xalqımız qarşısındakı fədakarlıqlarının heç vaxt unudulmayacağını vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynov çıxışı zamanı keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda aparılan mübarizədə Azərbaycan əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıq, şücaət və fədakarlıq nümunələrindən ətraflı bəhs edib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığının, qətiyyətin, milli ruhun və sarsılmaz iradənin tarixi Zəfərin qazanılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.Çıxışında tarixi Qələbənin əldə olunmasında xalqımızın birliyi, həmrəyliyi, dövlət-xalq-ordu vəhdətinin müstəsna əhəmiyyətini xüsusi vurğulayıb. O, bildirib ki, Vətən müharibəsində qazanılan Zəfər xalqımızın milli birliyinin, sarsılmaz vətənpərvərlik ruhunun və torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlığın parlaq təcəssümüdür.
Yaşar Hüseynov Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib, qazilərimizin göstərdiyi igidlik və fədakarlığın heç zaman unudulmayacağını söyləyib.
Vətən Müharibəsi Qəhrəmanı Zəfər tariximizin, qəhrəmanlıq salnaməmizin və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə dolğun və düzgün şəkildə çatdırılmasının vacibliyini vurğulayıb. Bu baxımdan təhsil işçilərinin üzərinə düşən mühüm və məsuliyyətli missiyaya toxunub.Qeyd olunub ki, gənc nəslin milli ruhda, Vətənə, dövlətə və dövlətçilik ənənələrinə sədaqət ruhunda yetişdirilməsi onlarda vətənpərvərlik hisslərinin möhkəmləndirilməsi təhsil işçilərinin əsas vəzifələrindən biridir.
Sonda Elm və Təhsil Nazirliyi Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov çıxış edərək qəhrəmanlarımızla təşkil olunan bu cür görüşlərin təhsil işçiləri üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Düşərgə çərçivəsində iştirakçıların peşəkar inkişafına və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə yönələn təlim və seminarlar, idman yarışları, intellektual oyunlar və müxtəlif müsabiqələr təşkil olunub. Bayram münasibətilə iştirakçılar üçün konsert proqramı da təqdim edilib.
Düşərgə İştirakçıları ilə keçirilən görüşlərdə həmçinin “AHİK Plus” və “PUSH 30” layihələri, həmkarlar ittifaqlarının fəaliyyəti, ittifaq üzvlərinin sosial müdafiəsi istiqamətində görülən işlər və həyata keçirilən digər tədbirlər barədə də ətraflı məlumat verilib.




