Universitetlərin innovasiya və ixtira nəticələri açıqlanıb

6 Noyabr, 2026 - 15:24
Universitetlərin innovasiya və ixtira nəticələri açıqlanıb

“Azərbaycanda ali təhsil müəssisələrində elmi tədqiqatların innovativ məhsullara, ixtiralara və texnoloji həllərə çevrilməsi istiqamətində işlər davam etdirilir. Universitetlərin bu sahədə əldə etdiyi nəticələr elmi potensialın gücləndirilməsi, tədqiqatların praktiki tətbiqi və innovasiya mühitinin inkişafı baxımından əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov məlumat verib. 

Bildirilib ki, Xəzər Universitetinin bir ixtirası qeydə alınıb. Bu, gümüşün fotometrik təyini üsuludur. Metod Triton X-114 və üzvi reagentin iştirakı ilə gümüşün yüksək həssaslıq və seçiciliklə müəyyən edilməsinə əsaslanır.

Naxçıvan Dövlət Universiteti isə 24 ixtira ilə təmsil olunur. Universitetin innovativ işləmələri arasında orqanizmin bioloji mayelərində dihidropirimidinazayabənzər zülal 2-nin səviyyəsinin təyin edilməsi əsasında insanlarda stresin müəyyənləşdirilməsi istiqamətində tədqiqat, avtomatlaşdırılmış monitor və avadanlıq platforması, elektron imtahan proqramı, “KvantSafe” kibertəhlükəsizlik sistemi, “BioScript” və digər innovativ həllər yer alır.

Qeyd olunub ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin innovasiya fəaliyyəti üzrə isə iki startap və texnologiyaların transferi ofisinin (TTO) nəticəsi qeyd olunub. Universitetin təqdim etdiyi işləmələrə torpaqlama müqavimətini azaltmaq üçün kompozisiya və düzaxınlı siyirtmə daxildir.

Universitetlərin əldə etdiyi bu nəticələr elmi biliklərin praktik tətbiqinə, yeni texnologiyaların hazırlanmasına və ali təhsil müəssisələrinin innovasiya ekosistemində rolunun artırılmasına xidmət edir. Bu istiqamətdə elmi tədqiqatlarla sənaye və istehsalat arasında əlaqələrin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır.