Firudin Qurbanov: Vətənpərvərlik duyğusu olan hər bir vətəndaş dövlətin yanında olmalıdır

6 Noyabr, 2026 - 12:08
Firudin Qurbanov: Vətənpərvərlik duyğusu olan hər bir vətəndaş dövlətin yanında olmalıdır

“Dünyada gedən proseslər, texnologiyalar o qədər sürətlə inkişaf edir ki, ona hazır olmaq lazımdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların 44 günlük Vətən müharibəsinin iştirakçısı olan əməkdaşları ilə görüşdə səsləndirib.

Nazir müavini bildirib ki, dünyada gedən proseslərə həm hazır olmaq, həm də onun öhdəsindən gəlmək lazımdır:

“İndi süni intellekt dövrüdür. Bizim bu texnologiyalardan istifadə etmək bacarığımız nə dərəcədə olacaq? Nə dərəcədə biz süni intellektdən istifadə edə biləcəyik? Gənclərimizi gələcək üçün nə dərəcədə hazırlaya biləcəyik? Çünki uşaq sabahkı xalqdır. O, sağlam və bilikli olmalıdır”.

Firudin Qurbanovun sözlərinə görə, bu tarixin təkrarlanmaması üçün hamı yumruq kimi bir olmalı, bir amal uğrunda bütün var gücünü əsirgəməməlidir:

"Təşəbbüskar olmaq, yaradıcı olmaq, innovasiya mühiti yaratmaqla biz istədiyimizə nail olacağıq. Çünki qarşıda ölkənin uğurlu inkişafı və modernləşməsi durur. Biz ona nə dərəcədə nail ola biləcəyik? Burada təhsilin olduqca böyük rolu var. Çünki təhsildə bizim gələcəyimiz formalaşır. Edə bilməsək, problem olacaq. Bunu hər bir azərbaycanlı dərk etməlidir. Bu da azərbaycançılıqdır. Çalışın, ölkə inkişaf etsin. Nə edə biləcəyiksə, birgə edək”.

Nazir müavini bildirib ki, qəlbində və canında vətənpərvərlik duyğusu olan hər bir Azərbaycan vətəndaşı ölkənin həm dinc dövründə, həm də təhlükə anında onun yanında olmalı, onu müdafiə etməlidir. Bu, hər bir kəsin həm vətəndaşlıq, həm də mənəvi borcudur.