“Müharibə mənə heç bir dərsin öyrədə bilməyəcəyi həqiqətləri öyrətdi” - Ayaz Əfəndiyev

6 Noyabr, 2026 - 11:48
“Müharibə mənə heç bir dərsin öyrədə bilməyəcəyi həqiqətləri öyrətdi” - Ayaz Əfəndiyev

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, xalqımızın iradəsini, həmrəyliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbənin əldə olunmasında ön cəbhədə döyüşən qəhrəmanlar arasında müxtəlif peşə sahiblərinin, o cümlədən təhsil işçilərinin də mühüm payı var. Təhsil işçiləri arasından da Vətən müharibəsinə qatılan, torpaqlarımızın azadlığı uğrunda silaha sarılan və fədakarlıq göstərən insanlar oldu. Onlar gündəlik fəaliyyətlərində gənc nəslə vətənpərvərlik aşılayan, müharibə zamanı isə bu dəyərləri öz əməlləri ilə yaşadan qəhrəmanlardır.

Həmin qəhrəmanlardan biri də Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Ayaz Əfəndiyevdir.

A. Əfəndiyev söhbətimiz zamanı bildirdi ki, 44 günlük Vətən müharibəsi onun həyatında çox dərin və silinməz izlər buraxıb:

“Müharibə mənə hər şeydən əvvəl səbir etməyi, şükür etməyi və həyatın əsl dəyərini anlamağı öyrətdi. İnsan gündəlik həyatında bəzən sahib olduğu nemətlərin, yaşadığı anların nə qədər qiymətli olduğunu unudur. Ancaq müharibədə insan həyatla ölüm arasındakı məsafənin bəzən bir an qədər qısa olduğunu öz gözləri ilə görür. Bir neçə saniyənin insan taleyini necə dəyişə biləcəyini dərk edir. Bu isə onun həyata baxışını kökündən dəyişir. Müharibədən sonra mənim üçün bir çox anlayışların mənası dəyişdi. Əvvəllər adi görünən şeylər — səhər sağlam oyanmaq, ailənin yanında olmaq, doğmalarının səsini eşitmək, rahat nəfəs almaq artıq ən böyük xoşbəxtliklərə çevrildi.

Müharibə mənə öyrətdi ki, insan həyatda sahib olmadıqlarına görə üzülməkdənsə, sahib olduqlarının qədrini bilməli, hər gününə şükür etməlidir. Həmçinin çətinliklər qarşısında səbirli olmağı, ən ağır anlarda belə ümidini və inamını itirməməyi öyrəndim. Bu gün geriyə baxanda düşünürəm ki, müharibə məndən çox şey aldı, amma mənə heç bir kitabın, heç bir dərsin öyrədə bilməyəcəyi həyat həqiqətlərini də öyrətdi. Ən böyük qazancım isə bu oldu: həyatın dəyəri yaşadığımız illərin sayında deyil, bizə verilən hər anın qədrini bilməyimizdədir”.

Müsahibimiz qeyd edib ki, Qələbə xəbərini aldığı anı həyatının sonuna qədər unutmayacaq:
“Gecə saat 3 radələri idi. Xocavənd istiqamətində idik. 44 gün ərzində yaşadığımız çətinliklər, yorğunluq, gərginlik və itirdiyimiz döyüş yoldaşlarımızın xatirəsi hələ də gözümüzün önündə idi. Qələbə xəbərini eşitdiyimiz an yaşadığımız hissləri sözlə ifadə etmək çox çətindir. Bəlkə də bunu deməyim doğru olmaz, amma həmin an sevincindən özünü saxlaya bilməyən döyüş yoldaşlarımız havaya atəş açaraq Qələbəni qeyd edirdilər. Bu, 44 gün ərzində toplanmış bütün hisslərin bir anda üzə çıxması idi. Kimisi sevinir, kimisi kövrəlir, kimisi isə sadəcə susaraq həmin anı yaşayırdı.
44 gün ərzində ölümün gözünə baxmış, çətinliklərə sinə gərmiş, dostlarını itirmiş insanların sevincini təsəvvür etmək asan deyil. O an təkcə Qələbə qazandığımızı deyil, həm də çəkdiyimiz bütün əziyyətlərin, verdiyimiz qurbanların əbəs olmadığını hiss edirdik. Mənim üçün həmin gecənin ən unudulmaz tərəfi sevincin içində yaşadığımız kədər idi. Çünki Qələbəni bizimlə birlikdə qarşılamağı arzulayan, lakin o günü görə bilməyən döyüş yoldaşlarımız da vardı.

O gecə bir daha anladım ki, Qələbənin sevincini yaşamaq böyük xoşbəxtlikdir, amma o Qələbənin hansı fədakarlıqlar hesabına qazanıldığını bilmək insana ömürlük məsuliyyət yükləyir. 8 Noyabr mənim üçün sadəcə təqvimdəki bir tarix deyil. Bu, həyatım boyu həm qürurla, həm də kövrək hisslərlə xatırlayacağım, heç vaxt unuda bilməyəcəyim bir gecənin yaddaşıdır”.

Həmsöhbətimizin sözlərinə görə, döyüş meydanında qazandığı ən böyük həyat dərslərindən biri səbirli və soyuqqanlı olmağın, ən çətin vəziyyətlərdə belə emosiyaları idarə etməyin nə qədər vacib olduğunu anlamaqdır:

“Müharibə mənə öyrətdi ki, insan nə qədər emosional davranarsa, səhv etmək ehtimalı da bir o qədər artar. Adi həyatda verilən yanlış qərarın nəticəsini bəzən düzəltmək mümkündür. Ancaq döyüş meydanında bir anlıq düşünülməmiş addımın, tələsik verilmiş qərarın bədəli insan həyatı ola bilər. Bəzən bir saniyəlik səhv təkcə sənin deyil, yanındakı döyüş yoldaşının da taleyini dəyişə bilər. Orada anladım ki, əsl güc yalnız cəsarətli olmaqda deyil, ən ağır və gərgin anlarda belə soyuqqanlılığını qoruyub düzgün qərar verə bilməkdədir. Səbir bəzən insanın ən böyük silahına çevrilir.

Bu təcrübə mənim gündəlik həyatıma da ciddi təsir göstərdi. Artıq qarşılaşdığım çətinliklərə daha təmkinlə yanaşmağa, emosiyaların təsiri altında qərar verməməyə və hər addımın mümkün nəticəsini əvvəlcədən düşünməyə çalışıram. Müharibə mənə bir həqiqəti öyrətdi: insan bəzən bir anlıq emosiyasının nəticəsini ömür boyu daşımalı olur. Ona görə də həyatda ən böyük müdriklik nə zaman hərəkət etməyi, nə zaman səbir göstərməyi və nə zaman susmağı bacarmaqdır”.

A. Əfəndiyev düşünür ki, gənc nəslin Zəfər tariximizi öyrənməsi yalnız dərsliklərdə yazılan məlumatlarla məhdudlaşmamalıdır:

“Tarixi bilmək vacibdir, amma o tarixin hansı çətinliklər, fədakarlıqlar və insan taleləri hesabına yazıldığını anlamaq daha vacibdir. Bunun üçün məktəblərdə müharibə iştirakçıları ilə görüşlər təşkil olunmalı, şagirdlər qazilərin və şəhid ailələrinin xatirələrini dinləməli, tarixi hadisələri yalnız faktlar və tarixlər üzərindən deyil, real həyat hekayələri vasitəsilə də öyrənməlidirlər. Çünki bəzən bir döyüşçünün yaşadığı hadisə gənc insana onlarla səhifəlik kitabdan daha çox şey öyrədə bilər.

Mən istərdim ki, gələcək nəsillərimiz müharibənin yalnız qəhrəmanlıq və Qələbə tərəfini deyil, onun nə qədər ağır olduğunu, insan həyatının dəyərini və sülhün əhəmiyyətini də dərk etsinlər. Çünki müharibəni yaşamayan insan onun nə qədər ağır olduğunu tam təsəvvür edə bilməz. Bizim yaşadıqlarımız isə gələcək nəsillər üçün həm tarix, həm də həyat dərsi olmalıdır. Gənclərə vermək istədiyim ən əsas mesaj budur: Vətəni sevmək yalnız lazım gəldikdə onun uğrunda döyüşmək deyil, həm də sülh şəraitində onun inkişafı üçün çalışmaq, yaxşı təhsil almaq, savadlı, vicdanlı və məsuliyyətli insan olmaqdır. Biz öz üzərimizə düşən vəzifəni döyüş meydanında yerinə yetirməyə çalışdıq. İndi isə gələcək nəsillərin qarşısında başqa bir məsuliyyət dayanır: bu Vətəni qorumaq, inkişaf etdirmək və bizdən daha güclü bir Azərbaycan qurmaq.

Mən istərdim ki, gələcək nəsillər müharibənin nə olduğunu tarixdən öyrənsinlər, onu bizim kimi yaşamaq məcburiyyətində qalmasınlar. Qələbəmizlə qürur duysunlar, amma sülhün qədrini də heç vaxt unutmasınlar. Ən böyük arzum budur ki, övladlarımız bizim döyüş meydanında göstərdiyimiz cəsarəti elm, təhsil və Vətənimizin inkişafı yolunda göstərsinlər”.