Bir ananın Zəfər arzusu, bir oğulun əbədi qəhrəmanlığı

4 Noyabr, 2026 - 17:47
Bir ananın Zəfər arzusu, bir oğulun əbədi qəhrəmanlığı

“Bir gün mütləq zəfər qazanacağıq və Zəfər Gününü  sən də, mən də paylaşarıq. Sən belə yazarsan: “Mənim oğlum qəhrəmandır, igiddir, qalib gəldi, torpaqlarımızı azad etdi”.

Bu sözlər şəhid Rəşad Mirzəlinin anasına verdiyi vədin, bir əsgərin Vətənə olan sonsuz sevgisinin, bir xalqın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun ifadəsi idi. Oğul həmin günün gələcəyinə inanırdı. İnanırdı ki, bir gün torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli bayrağımız doğma yurdlarımızda dalğalanacaq, xalqımız Zəfər sevincini yaşayacaq. Anasına da həmin günün qürurunu bölüşməyi vəd etmişdi.


O gün gəldi... Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini Qələbə ilə başa çatdırdı,  tarixi Zəfərə imza atdı, torpaqlarımız azadlığına qovuşdu. Ancaq bu böyük Qələbənin sevincini hər kəs eyni şəkildə yaşamadı. Bəziləri qəhrəman övladına qovuşaraq sevindi, bəziləri isə Zəfəri göz yaşları içində, şəhid övladının xatirəsini qəlbində yaşadaraq qarşıladı. Rəşadın  anası Afidə Mirzəyeva da oğlunun vəd etdiyi həmin sözləri bu gün həm qürurla, həm də sonsuz bir nisgillə xatırlayır. Çünki Rəşad Vətən uğrunda canından keçərək öz adını Zəfər tariximizin qəhrəmanlıq səhifəsinə yazdı. 

Azərbaycan Ordusunun giziri, 44 günlük Vətən müharibəsinin şəhidi Rəşad Mirzəli 1995-ci ildə Tərtər rayonunun Hacıqarvənd kəndində anadan olub. Vətən sevgisi, məsuliyyət hissi və hərb sənətinə marağı onu hələ gənc yaşlarından şərəfli bir yolun yolçusuna çevirib. 2018–2020-ci illərdə Mingəçevir Turizm Kollecində təhsil alan Rəşad tələbəlik illərində də hərbi biliklərini artırmağa xüsusi maraq göstərib, gizirlik kursuna yazılaraq özünü hərbi xidmətə daha ciddi şəkildə hazırlayıb.

Onun hərbçi həyatı hələ Vətən müharibəsindən xeyli əvvəl cəsarət və fədakarlıq nümunələri ilə yadda qalıb. Həqiqi hərbi xidmət zamanı sülhməramlı qüvvələrin tərkibində könüllü olaraq Əfqanıstana yollanıb, 2014–2015-ci illərdə orada xidmət edib. Uzaq bir ölkədə, çətin və məsuliyyətli şəraitdə nümayiş etdirdiyi şücaət Türkiyə Prezidenti tərəfindən yüksək qiymətləndirilib və o, təltif olunub. Bu, Rəşadın hərbçi kimi qazandığı uğurlarının, peşəkarlığının və cəsarətinin göstəricisi idi.


Rəşadın həyat yolu, Vətənə bağlılığı, döyüş yolu və qəhrəmanlığı haqqında anası, Tərtər rayon Talış kənd tam orta məktəbinin direktoru Afidə Mirzəyeva ilə söhbətləşirik. İxtisasca riyaziyyat müəllimi olan Afidə müəllim oğlundan danışarkən hər cümləsini ehtiyatla seçir. Səsində həm ana qəlbinin kövrəkliyi, həm də şəhid anasına xas olan qürur duyulur. O, Rəşadla bağlı xatirələri bir-bir yada salır, sanki hər sözlə oğlunun ömründən bir anı yenidən yaşayır. Bəzən səsi titrəyir, bəzən gözləri uzaqlara dikilir. Ananın yaddaşında isə Rəşad həmişə sağdır – danışığı, gülüşü, arzuları, Vətənə olan sevgisi ilə...

Afidə müəllim üçün bu günün ən böyük təsəllilərindən biri azad edilmiş torpaqlarda həyatın yenidən canlanması, məktəb qapılarının açılması, siniflərdən uşaq səslərinin gəlməsidir.O, bir ana və bir müəllim kimi bu mənzərəni böyük qürur hissi ilə qarşılayır: “Bir ana, bir müəllim kimi işğaldan azad olunmuş ərazilərdə yenidən qurulan məktəblərdə zəng səslərinin eşidilməsi, həmin məktəblərin həyətində, siniflərində uşaqların gülüşlərini eşitmək görün necə gözəl, necə qürurvericidir! Fəxr olunası bir hissdir”.

Bu sözlərdə yalnız müəllim sevinci deyil, həm də övladının uğrunda canından keçdiyi torpaqlarda həyatın yenidən başlanmasını görən bir ananın mənəvi rahatlığı var. Axı həmin məktəblərdə səslənən hər uşaq gülüşü şəhidlərin arzuladığı gələcəyin gerçəkləşməsidir. Rəşadın da uğrunda mübarizə apardığı, canını fəda etdiyi torpaqlara qayıdışın, o yurdlarda həyatın canlanması, uşaqların xoşbəxt böyümələri anası Afidə müəllim üçün ən böyük təsəllidir.


Afidə müəllim oğlunun azadlığı uğrunda döyüşdüyü torpaqlarda çalışmanın, hər gün həmin yerlərin havasını udmağın, orada yeni həyatın şahidi olmağın tamam başqa bir duyğu olduğunu söyləyir. Söhbət əsnasında baxışları bir nöqtəyə dikilir. Bəlkə də o baxışların ünvanında Rəşad var. Bəlkə də ana qəlbi oğlunu bir anlıq yenə yanında hiss etmək istəyir...

“Övladımın azad olunmasında iştirak etdiyi torpaqlarda işləmək, onun ruhu ilə hər gün salamlaşmaq, onun gözü ilə bu torpaqlara baxmaq fərqlidir. Mən ilk növbədə uşaqların üzündəki təbəssümü, gözlərindəki o gülüşü, sevinci görəndə oğlumun ruhunun şad olduğunu hiss edirəm. Oğlumla bərabər bütün şəhidlərimiz, qazilərimiz bizim gələcəyimiz üçün, bax, körpə balaların gələcəyi üçün canlarından keçdilər. Çalışıram həmişə övlad adlı kədərimi, nisgilimi, göz yaşlarımı qürurumun, sevincimin arxasında gizlədim”, -deyir Afidə müəllim.

Ananın bu sözlərində bir ömrə sığmayan ağrı, eyni zamanda, böyük mənəvi ucalıq var. O, övlad itkisini heç nə ilə əvəz edə bilməyəcəyini bilir. Lakin Rəşadın canı bahasına azad etdiyi torpaqlarda məktəblərin yenidən fəaliyyət göstərdiyini görmək ona təsəlli verir. Çünki bir müəllim kimi gələcəyin qurulduğunu, bir ana kimi isə oğlunun arzusunun gerçəkləşdiyini görür.

Rəşadın tələbəlik illərinin başa çatmasına cəmi altı ay qalırdı. Qarşıda onu yeni planlar, arzular gözləyirdi. Ancaq 2020-ci ilin sentyabrında Vətənin harayına səs verdi.Gələcək  arzularını arxa plana keçirərək silaha sarıldı. Çünki onun üçün Vətənin taleyi hər şeydən üstün idi.

44 günlük Vətən müharibəsi başlayanda Rəşad da torpaqlarımızın azadlığı uğrunda döyüşən igidlərimizin sıralarında yer aldı. Döyüş meydanında göstərdiyi cəsarət, iradə və əzmkarlıqla silahdaşlarının yanında oldu. Yaralanmasına baxmayaraq, geri çəkilmədi, döyüş yoldaşlarını tək qoymadı. Qələbəyə, üçrəngli bayrağımızın azad edilmiş torpaqlarda dalğalanacağı günə tələsirdi. Anasına verdiyi vədin gerçəkləşəcəyinə inanırdı.


Lakin taleyin ona ayırdığı ömür yolu 2020-ci il oktyabrın 1-də Suqovuşan uğrunda gedən döyüşlərdə başa çatdı. Rəşad şəhidlik zirvəsinə yüksəldi. Vətən torpağının azadlığı uğrunda canını fəda edən igid doğulduğu Hacıqarvənd kəndində torpağa tapşırıldı. O, fiziki olaraq ailəsindən ayrıldı, amma adı, qəhrəmanlığı və Vətən sevgisi ilə xalqının yaddaşında əbədi yaşamaq haqqı qazandı.
Rəşadın döyüş meydanında göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirildi. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi. 2026-cı ilin sentyabrında isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldü. 

Bu gün Rəşad Mirzəli haqqında danışarkən yalnız bir şəhidin həyat və döyüş yolunu xatırlamırıq. Biz Vətənini öz həyatından üstün tutan bir gəncin, anasına Qələbə vəd edən bir oğulun, çətin anlarda silahdaşlarını tək qoymayan bir hərbçinin ömür salnaməsini vərəqləyirik.

Rəşadın anasına verdiyi vəd gerçəkləşdi. Azərbaycan Zəfər qazandı, torpaqlarımız azad edildi. Ancaq o, bu Qələbənin sevincini anası ilə bir süfrə arxasında bölüşə bilmədi. İndi onun əvəzinə anası oğlunun qəhrəmanlığından danışır.  Hər dəfə Rəşadın adını çəkəndə həm bir oğulun xatirəsini yaşadır, həm də bütün şəhid analarının qəlbindəki qüruru dilə gətirir.

Bəli, Rəşad və onun kimi minlərlə Vətən övladı bu gün əbədi yaşatdığımız Zəfər dastanının qəhrəmanlarıdır. Onlar bizə azad torpaqlar, qürurla dalğalanan bayraqlar, gülüş səsləri ilə dolan məktəblər, yenidən qurulan yurdlar bəxş etdilər.