Oyun asılılığı ciddi davranış problemlərinə səbəb ola bilər - Mütəxəssis
“Uşaqların uzun müddət planşet və digər elektron cihazlarda oyun oynaması, bu fəaliyyətə nəzarətin itirilməsi və gündəlik həyatın digər sahələrinin arxa plana keçməsi ciddi problemə çevrilə bilər. Valideynlər oyun davranışının uşağın həyatına necə təsir etdiyinə diqqət yetirməlidirlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirib.
O, oyun asılılığı ilə narkotik asılılığı arasında müəyyən davranış oxşarlıqlarının olduğunu qeyd edərək valideynlərin bu məsələyə ciddi yanaşmasının vacibliyini vurğulayıb.
Psixoterapevtin sözlərinə görə, bəzi hallarda oyunlara həddindən artıq bağlılıq ailədaxili münasibətlərdə problemlərə, münaqişələrə və uşağın davranışına nəzarət etməkdə çətinliklərə səbəb ola bilər: “Valideyn uşağını gətirir və bildirir ki, artıq onunla mübarizə aparmaqda çətinlik çəkir, ailədə ciddi problemlər yaranır. Oyun asılılığında da digər asılılıqlara bənzər davranışlarla qarşılaşmaq mümkündür”.
R.Nəcəfov xüsusilə uşağın gün ərzində uzun müddət planşetdən istifadə etməsinin diqqətdən kənarda qalmamalı olduğunu bildirib.
O qeyd edib ki, valideynlər övladlarının rəqəmsal oyunlara münasibətini, bu fəaliyyətə ayırdıqları vaxtı və gündəlik davranışlarında yaranan dəyişiklikləri izləməlidirlər.
Psixoterapevt eyni zamanda uşaqlarda problemli oyun davranışına vaxtında diqqət yetirilməsinin və zərurət yarandıqda mütəxəssis dəstəyindən istifadə olunmasının əhəmiyyətini də vurğulayıb.




