“Hüquqlarını bilən şagird vəzifələrini daha məsuliyyətlə yerinə yetirir” - Hüquqşünas
Şagirdlərin hüquq və vəzifələrini bilməsi onların yalnız təhsil prosesində deyil, ümumilikdə cəmiyyətdə hüquqi düşüncəli və məsuliyyətli fərd kimi formalaşmasında mühüm rol oynayır.
Məktəblilərin hüquqi savadlılığının artırılması, hüquqlarını müdafiə etmək bacarıqlarının formalaşdırılması və təhsil müəssisələrində hüquqi maarifləndirmə işinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bəs şagirdlər öz hüquq və vəzifələri barədə kifayət qədər məlumatlıdırlarmı?
“Azərbaycan müəllimi” mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə ilə həmsöhbət olub.

Şagirdlərin öz hüquq və vəzifələri barədə lazımi səviyyədə məlumatlı olmamasına təəssüflənən T.Abdullazadənin sözlərinə görə, hüquqi baza kifayət qədər genişdir, lakin onun şagirdlərə çatdırılması zəifdir: “Bunun səbəblərindən biri də valideynlərin özlərinin bu sahədə kifayət qədər məlumatlı olmamasıdır.
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 42-ci maddəsi dövlətləri də onun prinsiplərini uşaq və böyüklər arasında geniş yaymağa borclu edir”.
Ən çox rast gəlinən hüquq pozuntuları hansılardır?
Turan Abdullazadənin sözlərinə görə, dünya praktikasında şagirdlərin hüquqları ilə bağlı ən çox rast gəlinən pozuntulara fiziki və psixoloji zorakılıq, alçaldıcı rəftar - müəllim tərəfindən şagirdin təhqir edilməsi, sinif qarşısında alçaldılması və fiziki cəzaya məruz qalması daxildir. Həmçinin bullinq (yaşıdının zorakılığı) və məktəb rəhbərliyinin bu hallara laqeyd yanaşması da geniş yayılmış problemlərdəndir.
Digər rast gəlinən pozuntular arasında sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil hüququnun pozulması, eləcə də sosial vəziyyəti aşağı olan ailələrin övladlarının ayrı-seçkiliyə məruz qalması xüsusi yer tutur. Şagirdin şəxsi həyatının toxunulmazlığının pozulması - telefonunun yoxlanılması, şəxsi məlumatlarının və ya görüntülərinin icazəsiz paylaşılması da bu qəbildəndir. Şagirdin qanunsuz olaraq məktəbdən kənarlaşdırılması, dərsdən çıxarılması və sənədlərinin verilməsindən imtina edilməsi də praktikada rast gəlinən hüquq pozuntularındandır.
Vəkil qeyd edib ki, hüquq pozuntuları ilə qarşılaşan şagirdlərin və onların valideynlərinin müraciət edə biləcəkləri bir neçə müdafiə mexanizmi mövcuddur. İlk mərhələdə məktəbdaxili prosedurlardan istifadə etmək mümkündür:
“Məktəb direktoruna yazılı müraciət edilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən, müraciətə qanunla müəyyən edilmiş müddətdə baxılmalı və yazılı cavab verilməlidir. Bilmək lazımdır ki, şifahi şikayətdən fərqli olaraq, qeydiyyata alınan yazılı müraciət sonrakı mərhələlər üçün sübut rolunu oynayır.
İkinci mərhələdə inzibati orqanlara müraciət etmək olar. Bu qurumlara rayon (şəhər) təhsil sektorları, Elm və Təhsil Nazirliyi (yazılı və ya elektron müraciət, çağrı mərkəzi vasitəsilə), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də yerli icra hakimiyyətləri yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar daxildir.
Növbəti müdafiə mexanizmi Ombudsmana müraciətdir. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) uşaq hüquqlarının pozulması ilə bağlı şikayətlərə baxır, araşdırmalar aparır və müvafiq tövsiyələr verir. Bu quruma müraciət ödənişsizdir və prosedur baxımından sadədir”.
Hüquqi savadlılığın artırılması üçün nə edilməlidir?
Vəkilin sözlərinə görə, ilk növbədə, şagirdlərin hüquq və vəzifələri məktəbdə hər kəsin görə biləcəyi yerdə yerləşdirilməlidir. Bunun üçün sadə və anlaşıqlı dildə hazırlanmış “Şagirdin hüquq və vəzifələri” lövhələri yaradılmalı, məktəbin daxili qaydaları və şikayət proseduru barədə məlumatlar əks olunmalıdır: “Həmçinin məktəbdə aydın və əlçatan şikayət mexanizmi qurulmalıdır. Bunun üçün anonim şikayət qutusu yaradılmalı, müraciətlərə baxılması üçün məsul şəxs təyin edilməli və cavablandırılma müddəti müəyyənləşdirilməlidir.
Eyni zamanda, müəllim və valideynlərin maarifləndirilməsi də vacib məqamlardandır. Pozuntuların əksəriyyəti pis niyyətdən deyil, məlumatsızlıqdan qaynaqlanır. Müəllimlər üçün uşaq hüquqları və zorakılıqsız intizam mövzusunda təlimlərin keçirilməsi, eləcə də digər zəruri tədbirlərin görülməsi vacibdir.
Hüququnu bilən uşaq həm özünü, həm də başqalarını qoruya bilir. Hüquqi savadlılıq məktəbə qarşı “silah” deyil, təhsil müəssisəsində qarşılıqlı hörmət mühitinin təməlidir. Hüquqlarını bilən şagird vəzifələrini də daha məsuliyyətlə yerinə yetirir”.




