Nigar Adilova: "Maarifçi" layihəsi gənclərin məzun şəbəkəsinə inteqrasiyasına imkan yaradır
Bakıda IV “Maarifçi” tələbə-məzun forumu keçirilib. “İnsan kapitalı və rəqəmsal gələcək əmək bazarında yeni dövr” mövzusuna həsr olunan forumda layihənin gənclərin inkişafında, onların potensialının üzə çıxarılmasında və əmək bazarına hazırlanmasında rolu diqqətə çatdırılıb.
“Azərbaycan müəllimi”nə danışan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Adilova bildirib ki, Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Maarifçi” layihəsi insan kapitalının inkişafına və yeni nəslin yetişdirilməsinə mühüm töhfə verir. Onun sözlərinə görə, forumda iştirak etmək qürurvericidir. Layihə çərçivəsində görülən işlərin və əldə olunan nəticələrin müşahidə edilməsi, xüsusilə gənclərin inkişafına yönələn təşəbbüslərin davamlı xarakter daşıması böyük əhəmiyyət kəsb edir.
Nigar Adilova qeyd edib ki, “Maarifçi” layihəsi gənclərin yalnız fərdi inkişafına deyil, onların məzun şəbəkəsinə inteqrasiyasına da imkan yaradır: “Bu forumda iştirak etmək qürurvericidir. Maarifçi layihəsi qismində Elm və Təhsil Nazirliyi tərəfindən başladılan layihələrin töhfəsini görmək xüsusi önəmlidir. Bu, yalnız gənclərimizin yetişdirilməsi üçün deyil, onların eyni zamanda yeni bir məzun şəbəkəsinə atılmasının davamıdır”.
Prorektor vurğulayıb ki, ardıcıl şəkildə həyata keçirilən “Maarifçi” layihəsi gənclərə mentorluq dəstəyi göstərməklə məhdudlaşmır, eyni zamanda onların potensial və bacarıqlarını daha yaxşı müəyyənləşdirmələrinə şərait yaradır. Layihə təhsil müəssisələri ilə əmək bazarı arasında əlaqələrin qurulmasına, gənclərin əmək bazarının tələblərinə uyğun istiqamətləndirilməsinə də xidmət edir.
O, forumda iştirak edən bütün maarifçiləri təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.




