Zəfər Gününün qəhrəman müəllimləri
44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. Bu salnamədə adı qürurla çəkilənlər arasında müəllimlərimiz də var. Şagirdlərinə Vətəni sevməyi, torpağa bağlılığı, milli ruhu aşılayan bu insanlar gün gəldi, özləri də Vətən sevgisinin ən böyük nümunəsini göstərərək döyüş meydanına yollandılar. Zəfərdən sonra isə yenidən məktəbə, şagirdlərinin yanına qayıdaraq həyatlarının “Vətənə sədaqət” dərsini keçməyə davam etdilər.
“Azərbaycan müəllimi” bu qəhrəmanlıq tarixinin canlı şahidləri ilə həmsöhbət olmaq, onların döyüş yoluna, keçdikləri sınaqlara, Qələbə ilə nəticələnən qəhrəmanlıq yollarını öyrənmək və pedaqoji fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində çalışan Vətən müharibəsi iştirakçısı olan müəllimlərlə görüşüb.
Vətənə xidmət
Ağstafa rayonunun Fəxri Nağıyev adına Tatlı kənd tam orta məktəbinin gənclərin çağırışaqədərki hərbi hazırlıq rəhbəri Samir Ələkbərov üçün Vətənə xidmət yalnız peşə deyil, həyat amalına çevrilib. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı, hərbi rəhbər və karate üzrə baş məşqçidir. Onun yetirmələri hərbi-idman yarışlarında, eləcə də beynəlxalq karate çempionatlarında qazandıqları uğurlarla Ağstafanın adını yüksəldirlər.
Samir Ələkbərov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Ömrünü hər zaman Vətənə, dövlətə xidmət etməyə həsr etməyi özünə borc bilən Samir müəllim deyir ki, müharibədə qazanılan Zəfər hər birimiz üçün qürur mənbəyidir: “Bu gün müəllim kimi əsas məqsədim həmin qüruru gənc nəslə aşılamaq, onları Vətənə layiqli övladlar kimi yetişdirməkdir”.
Onun pedaqoji fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi xüsusi yer tutur. Hərbi hazırlıq dərslərində şagirdlərə yalnız nəzəri biliklər deyil, həm də intizam, məsuliyyət, komanda ruhu və fiziki hazırlığın əhəmiyyəti aşılanır. Bu istiqamətdə görülən işlər nəticəsiz qalmayıb. Müəllimin hazırladığı məktəb komandaları hərbi-idman yarışlarında dəfələrlə rayon və region birincisi olub, ölkə səviyyəli yarışlarda Ağstafanı təmsil ediblər: “Şagirdlərimlə hər zaman çalışıram ki, onlara Vətən sevgisini sözlə deyil, əməllə göstərim. Hərbi-idman yarışlarında əldə etdiyimiz nəticələr də bu əməyin bəhrəsidir. Komandamız dəfələrlə rayon və region birincisi olub, ölkə yarışlarında uğurla çıxış edib. Mənim üçün onların hər bir nailiyyəti böyük sevincdir”.
Samir Ələkbərovun fəaliyyəti yalnız məktəblə məhdudlaşmır. O, Azərbaycan Karate Federasiyasının fudokan karate-do üslubu üzrə Gəncə-Qazax regionunun baş məşqçisi, eyni zamanda Şəhid Ramiz Mustafayev adına Ağstafa Fudokan Karate-do Mərkəzinin baş məşqçisidir.
İdman sahəsindəki fəaliyyəti də bir sıra uğurlarla yadda qalıb. 2023-cü və 2025-ci illərdə “İlin ən yaxşı məşqçisi” adına layiq görülüb. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən idman sahəsindəki nailiyyətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif olunub.
Məşqçinin yetirmələri beynəlxalq yarışlarda da yüksək nəticələr göstərirlər: “Yetirmələrimin beynəlxalq arenada Azərbaycan bayrağını yüksəltməsi mənim üçün ən böyük mükafatdır. Yetirməm olan oğlum Tahir Ələkbərov iki qat Avropa Çempionu, birqat Dünya çempionudur.Digər yetirmələrim Aişə Həsənova, Mahnur Mustafazadə və Ümid Yolçuzadə dəfələrlə rayon, regional və beynəlxalq yarışların, eləcə də ölkə çempionatlarının qalibi olublar. Bu nəticələr böyük zəhmətin, davamlı məşqlərin və idmançılarımızın əzmkarlığının göstəricisidir”.
Hazırda onun üç yetirməsi qarşıdakı beynəlxalq yarışlara hazırlaşır. İdmançılar 2027-ci ildə keçiriləcək Avropa və dünya çempionatlarında, eləcə də İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün vəsiqə qazanıblar.
Cəbhədə Vətəni qorudu, məktəbdə gələcəyimizi yetişdirir
İkinci Qarabağ müharibəsində Kəlbəcər və Qubadlı istiqamətində döyüşən ehtiyatda olan baş leytenant Elnur Vəliyev bu gün Şəmkirin Yuxarı Çaykənd kənd tam orta məktəbinə rəhbərlik edir. Keçmiş hərbçi həm də fizika müəllimi kimi şagirdlərinə yalnız elmin sirlərini deyil, Vətənə bağlılıq, məsuliyyət, intizam və əzmkarlıq kimi dəyərləri də aşılayır.
Elnur Vəliyevin həyatında müəllimlikdən əvvəl hərbçilik mərhələsi başlayıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra TTM-in zabit hazırlığı kursuna qəbul olunub. “Artilleriya” ixtisası üzrə təhsilini uğurla başa vuraraq leytenant rütbəsi alıb, “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayıb.
2008-ci ildə səhhəti ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılan Elnur Vəliyev doğma kəndinə qayıdaraq Yuxarı Çaykənd kənd tam orta məktəbində fizika müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 2016-cı ildən isə həmin məktəbin direktoru vəzifəsinə təyin olunub: “Mənim üçün hərbçilik də, müəllimlik də Vətənə xidmətin fərqli formalarıdır. Hərbi xidmətdə Vətənin müdafiəsi üçün məsuliyyət daşıyırdım. Bu gün isə məktəb direktoru və müəllim kimi həyatımın ən məsuliyyətli və şərəfli missiyalarından birini yerinə yetirirəm. Əsas məqsədim yalnız şagirdlərə bilik vermək deyil, həm də onları milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, savadlı, düşünən və cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən şəxsiyyətlər kimi yetişdirməkdir. İnanıram ki, bu gün məktəb partası arxasında əyləşən uşaqlar sabah ölkəmizin gələcəyini formalaşdıracaq, onun inkişafına və tərəqqisinə töhfə verəcəklər. Məhz buna görə hər bir şagirdin təhsilinə, tərbiyəsinə və şəxsiyyət kimi formalaşmasına xüsusi həssaslıqla yanaşır, onlara yalnız bilik deyil, həm də həyat yollarında istiqamət verəcək dəyərlər aşılamağı özümün ən başlıca vəzifəm hesab edirəm”.
“Bizi ruhlandıran Vətən sevgisi, Qələbəyə sarsılmaz inamımız idi”
Elnur Vəliyev 44 günlük Vətən müharibəsi başlayanda tərəddüd etmədən torpaqlarımızın azadlığı uğrunda döyüşə yollanıb. Vətənə olan sevgi, doğma torpaqlara bağlılıq və xalqımız qarşısında daşıdığı məsuliyyət hissi onu döyüş meydanına aparan əsas amillərdən olub. O, həmin günləri belə xatırlayır: “Murovdağ istiqamətində, Kəlbəcər uğrunda gedən ağır döyüşlərdə iştirak etdim. Daha sonra Qubadlı istiqamətində aparılan döyüşlərdə də vuruşdum. Hər bir döyüşün öz çətinliyi, məsuliyyəti var idi. Əsas məqsədimiz Vətən torpaqlarını işğaldan azad etmək, xalqımızın illərdir həsrətində olduğu qələbəyə qovuşmaq idi. Çətin və gərgin anlarda bizi ruhlandıran ən böyük güc Vətən sevgisi, döyüş yoldaşlarımıza olan inam və qələbəyə sarsılmaz inamımız idi. Həmin günlərdə yaşadıqlarım, gördüklərim və keçdiyim sınaqlar mənim üçün ömürlük bir xatirəyə çevrilib”.
Elnur Vəliyev üçün Vətən müharibəsi yalnız hərbi əməliyyatlarda iştirak deyil, həm də Vətənə sədaqətin, iradənin və əzmkarlığın sınağı olub.
Döyüşlərdə göstərdiyi xidmətlərə görə Elnur Vəliyev “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib: “Bu medallara baxanda keçdiyim döyüş yolu, silahdaşlarımın, şəhidlərimizin, qazilərimizin fədakarlığı və qəhrəmanlığı bir daha gözümün önündə canlanır. Aldığım medallar mənim üçün yalnız şəxsi təltif deyil. Vətənə sədaqətin, çətin günlərdə daşıdığımız məsuliyyətin rəmzidir”.
Bu gün Elnur Vəliyev hərbi təcrübəsini pedaqoji fəaliyyəti ilə birləşdirir. Fizika müəllimi kimi dərslərində şagirdlərə yalnız fiziki qanunları, düsturları və təbiət hadisələrini öyrətməklə kifayətlənmir: “Fizika təbiətin qanunlarını öyrənən elm olmaqla yanaşı, şagirdlərdə məntiqi düşüncəni, müşahidə qabiliyyətini, səbir və əzmkarlığı inkişaf etdirir. Mən dərslərimdə çalışıram ki, uşaqlar öyrəndikləri biliklərin gündəlik həyatda və ölkəmizin inkişafında nə qədər əhəmiyyətli olduğunu anlasınlar”.
Onun sözlərinə görə, ölkənin gələcək inkişafı bilikli, savadlı və vətənpərvər gənclərin yetişməsindən asılıdır: “Şagirdlərimə izah edirəm ki, ölkəmizin inkişafı, enerji təhlükəsizliyi, kosmik tədqiqatlar və müasir texnologiyaların tətbiqi savadlı gənclərdən asılıdır. Yaxşı təhsil almaq, bilik və bacarıqlarını Vətənin inkişafına yönəltmək hər bir gəncin vətəndaşlıq borcudur”.
Elnur müəllim dərs prosesində məsuliyyət və intizamın formalaşdırılmasına da xüsusi önəm verir: “Fiziki təcrübələr zamanı kiçik bir diqqətsizlik belə nəticəni dəyişə bilər. Bu nümunə ilə uşaqlara başa salıram ki, gündəlik həyatda da məsuliyyətli və diqqətli olmaq vacibdir. Çətin məsələlərin həllində isə onlara ruhdan düşməməyi, dəfələrlə cəhd etməyi tövsiyə edirəm. Çünki uğur yalnız istedadla deyil, zəhmət və davamlı çalışma ilə qazanılır”.
Elnur Vəliyev hesab edir ki, İkinci Qarabağ müharibəsi onun dünyagörüşündə dərin izlər buraxıb: “Vətənimi çox sevirəm. 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birliyi, əsgər və zabitlərimizin igidliyi bu sevgini daha da gücləndirdi. Bir daha anladım ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl, fədakarlıq və məsuliyyətlə sübut olunur”.
Vətən sevgisinin nə demək olduğunu bir daha döyüş meydanında yaşayıb
Yazımızın digər qəhrəmanı 44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılan, Şuşa istiqamətində gedən döyüşlərdə yaralanan Hüseyn Şamilli Şəmkir rayonu S.Məmmədov adına Zəyəm qəsəbə tam orta məktəbində ingilis dili müəllimidir. O, döyüş təcrübəsini pedaqoji fəaliyyəti ilə birləşdirərək şagirdlərinə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq və məsuliyyət hissi aşılayır.
Müəllimlik onun üçün yalnız xarici dil öyrətməkdən ibarət deyil. Şagirdlərin dünyagörüşünün formalaşması, Vətənə bağlı, milli dəyərlərinə hörmət edən vətəndaşlar kimi yetişməsi Hüseyn Şamillinin pedaqoji fəaliyyətində əsas yer tutur. Çünki o, Vətən sevgisinin nə demək olduğunu yalnız kitablardan öyrənməyib, bu hissi döyüş meydanında yaşayıb. Bu sevgi yalnız sözlərlə ifadə olunan bir hiss deyil, torpağın hər qarışı uğrunda göstərilən fədakarlıqda, ən çətin anlarda belə geri çəkilməyən iradədə, Vətən naminə canını belə əsirgəməyən ürəkdə təcəssüm olunur. O, bir daha sübut etdi ki, Vətən sevgisi insanın qəlbində daşıdığı ən müqəddəs duyğu, uğrunda mübarizə apardığı ən böyük dəyərdir. Çünki Vətən sadəcə doğulub boya-başa çatdığın torpaq deyil, onun hər qarışı üçün məsuliyyət hiss etdiyin, qorumağı özünə şərəf bildiyin müqəddəs yurddur.
2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda o da tərəddüd etmədən könüllü olaraq cəbhəyə yollanıb. Müharibənin sonunadək döyüşlərdə olub.
O, Şuşa uğrunda gedən döyüşlərdə də iştirak edib: “Şuşa istiqamətində gedən döyüşlərdə yaralandım. Bu gün həmin günləri xatırlayanda ilk növbədə torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan silahdaşlarım, şəhidlərimiz və qazilərimiz yadıma düşür. Şuşanın azadlığı hər bir azərbaycanlı üçün böyük qürur və tarixi hadisədir. Bu Zəfərin bir parçası olmaq mənim üçün qürurvericidir”.
Döyüşlərdə göstərdiyi xidmətlərə görə Hüseyn Şamilli “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib: “Bu medallar mənim üçün sadəcə təltif deyil. Onlar Vətən uğrunda keçdiyim yolun, döyüş yoldaşlarımla bölüşdüyüm günlərin və üzərimə düşən məsuliyyətin xatirəsidir. Hər dəfə medallara baxanda həmin günləri, Şuşa uğrunda mübarizə aparan igidlərimizi və şəhidlərimizi xatırlayıram”.
Müharibədən qayıtdıqdan sonra Hüseyn Şamilli pedaqoji fəaliyyətini davam etdirib. Bu gün o, müharibədə qazandığı həyat təcrübəsini şagirdləri ilə bölüşür: “Mənim üçün şagirdlərə ilk növbədə vətənpərvərlik hissləri aşılanmalıdır. Daha sonra onlara bilik və təhsil verməliyik. Çünki Vətənini sevən, xalqına və dövlətinə bağlı olan gənc əldə etdiyi bilikləri də ölkəsinin inkişafına yönəldəcək. İstəyirəm ki, şagirdlərim həm savadlı, həm də milli-mənəvi dəyərlərinə bağlı insanlar kimi yetişsinlər”.
İngilis dili müəllimi olaraq o, şagirdlərin xarici dil biliklərinin inkişafına da xüsusi əhəmiyyət verir: “Xarici dil öyrənmək gənclərə geniş imkanlar açır. Onlar dünya elmini, müxtəlif xalqların mədəniyyətini öyrənə bilirlər. Ancaq bütün bunlarla yanaşı, öz tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Gənclər dünyaya açıq olmalı, eyni zamanda kimliyinə və Vətəninə bağlı qalmalıdırlar”.
Hüseyn Şamilli düşünür ki, müəllimin şagirdlərə təsiri yalnız dərsdə söylədikləri ilə məhdudlaşmır. Onun həyat yolu, davranışı və cəmiyyət qarşısındakı mövqeyi də uşaqlar üçün örnəkdir: “Mən onlara 44 günlük Vətən müharibəsi haqqında danışanda bu hadisələri yaşamış biri olaraq fikirlərimi bölüşürəm. İstəyirəm ki, uşaqlar azadlığımızın, müstəqilliyimizin və torpaqlarımızın hansı fədakarlıqlar hesabına əldə edildiyini bilsinlər”.




