Bir dəfə sınamaq istəyi necə asılılığa çevrilir?

5 Noyabr, 2026 - 12:14
Bir dəfə sınamaq istəyi necə asılılığa çevrilir?

“Psixoaktiv maddələrdən istifadəyə meyilliliyin yaranmasında bioloji, sosial-psixoloji və fərdi psixoloji amillər rol oynaya bilər. Xüsusilə ailədaxili münaqişələr, zorakılıq, valideynlərlə ünsiyyətin zəif olması və yeniyetmələrin yaşadıqları psixoloji çətinliklər bu baxımdan diqqət yetirilməli məsələlərdəndir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov bildirib.

Onun sözlərinə görə, psixoaktiv maddələrdən istifadəyə meyilliliyin yaranmasında üç əsas risk amili qrupu fərqləndirilir.

Bioloji amillərə irsi meyillilik, inkişafla bağlı müəyyən çətinliklər və digər sağlamlıq xüsusiyyətləri, sosial-psixoloji amillərə isə ailə mühiti, münasibətlərdə yaranan problemlər və sosial təsirlər aid edilir.

Ş.İsmayılov fərdi psixoloji amillərə də toxunub:

“Şəxsin stres vəziyyətlərinin öhdəsindən gəlməkdə çətinlik çəkməsi, münaqişəli vəziyyətlərdə problemləri həll etmək bacarığının zəif olması və həyatına fərqli təcrübələr qatmaq istəyi də narkotik istifadəsinə meyillilik yaradan amillər sırasında ola bilər”.

Dövlət Komissiyasının nümayəndəsi narkotik asılılığının formalaşma mərhələləri barədə də məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə maraq və narkotik vasitəni sınamaq istəyi ön plana çıxır. Xüsusilə yeniyetmələrdə yaşıdların təsiri və təklifə “yox” deyə bilməmək də bu mərhələdə rol oynaya bilər:

“Bəzən yeniyetmə bir dəfə istifadə etməklə heç nə olmayacağını düşünür. Yaşıdları qarşısında özünü göstərmək istəyi, ətrafdakılar tərəfindən qəbul edilmək arzusu da onun qərarına təsir göstərə bilər”.

Ş.İsmayılov bildirib ki, növbəti mərhələdə psixoaktiv maddələrdən istifadə planlı xarakter ala, zamanla şəxsin gündəlik həyatının və əyləncə mühitinin bir hissəsinə çevrilə bilər.

Onun sözlərinə görə, sonrakı mərhələlərdə narkotik asılılığı daha ciddi sağlamlıq, davranış və sosial problemlərlə müşayiət oluna bilər:

“Bu mərhələdə davranışa nəzarətin zəifləməsi, stresin artması, təhsillə bağlı çətinliklər, qanunazidd davranışlar və digər problemlər müşahidə oluna bilər. Asılılığın daha ağır mərhələsində isə şəxsin psixoaktiv maddəyə davamlı ehtiyacı yaranır.

Narkotik istifadəsinin qarşısının alınmasında yeniyetmələrin məlumatlandırılması, ailə daxilində sağlam ünsiyyətin qurulması və riskli davranışların vaxtında müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə Ş.İsmayılov qeyd edib.