Şagirdin dərs göstəricilərindəki qəfil geriləmənin səbəbi araşdırılmalıdır – Psixoterapevt
“Yaxşı oxuyan şagirdin təhsil göstəricilərinin qəfil aşağı düşməsi diqqətlə araşdırılmalıdır. Belə dəyişikliklərin arxasında uşağın psixoloji vəziyyəti, davranışında və sosial münasibətlərində yaranan çətinliklər dayana bilər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “Narkomaniya ilə mübarizədə media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici təlimdə Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirib.
Onun sözlərinə görə, uşağın davranışında və təhsil göstəricilərində baş verən dəyişikliklərə yalnız dərsə marağın azalması kimi yanaşmaq düzgün deyil:
“Məsələn, şagird altıncı sinfə qədər yaxşı oxuyur, lakin müəyyən müddətdən sonra akademik göstəriciləri birdən-birə aşağı düşür. Bu halda dəyişikliklərin səbəbləri araşdırılmalıdır. Biz bəzən belə məqamları diqqətdən qaçırırıq”.
R.Nəcəfov qeyd edib ki, psixoaktiv maddələrdən istifadə ilə bağlı problemlərin qiymətləndirilməsində şəxsin gündəlik həyatında baş verən dəyişikliklər də nəzərə alınmalıdır.
“Burada üç əsas istiqamətə diqqət yetirmək lazımdır: şəxsi həyat, əmək və ya təhsil fəaliyyəti, sosial münasibətlər. Bu sahələrdə yaranan çətinliklər şəxsin vəziyyətinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır”.
Psixoterapevt yeniyetmələrin davranışındakı dəyişikliklərin, ətraf mühitlə münasibətlərinin və gündəlik fəaliyyətlərində yaranan problemlərin vaxtında diqqətə alınmasının vacibliyini vurğulayıb.




