“PeşəFest-2026” layihəsinin yekun tədbiri keçirilib
Noyabrın 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2026” layihəsinin yekun tədbiri keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə Bakıda təşkil olunan festivalın əsas məqsədi şagird və gənclərin peşə seçiminə dəstək göstərmək, gələcək karyera istiqamətlərini müəyyənləşdirmələrinə kömək etmək olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, millət vəkilləri Zahid Oruc və Vüqar İskəndərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələri və vətəndaş cəmiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev gənclərin düzgün peşə seçiminə dəstək məqsədi daşıyan “PeşəFest” layihəsi üzrə builki tədbirlərdə 176 minə yaxın iştirakçının peşələrlə yaxından tanış olduğunu, mütəxəssislərlə ünsiyyət qurduğunu bildirib. O, festivalın peşəyönümü xidmətlərinin regionlarda əlçatanlığının artırılmasına töhfə verdiyini, bu tədbirlər çərçivəsində 6 min nəfərə peşəyönümü məsləhət xidməti göstərildiyini, gənclərə karyera planlaması üzrə fərdi konsultasiyalar keçirildiyini deyib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması istiqamətində görülən işlərdən danışıb. O, bu tədris ilində peşə təhsili müəssisələrinə qəbul olanların sayının 28 min nəfərə çatdığını, qəbulun təxminən 70 faizinin regionların payına düşdüyünü bildirib.
Nazir müavini regionlarda müasir peşə təhsili müəssisələrinin yaradılmasının gənclərin təhsil imkanlarını genişləndirdiyini qeyd edib. “PeşəFest” çərçivəsində keçirilən tədbirlərə 200 minə yaxın gəncin qatıldığını vurğulayaraq festivalın iştirakçılara müxtəlif peşələrlə yaxından tanış olmaq və gələcəkləri ilə bağlı daha məlumatlı qərar vermək imkanı yaratdığını bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında gənclərin peşə sahələri ilə praktik tanışlığının onların maraq və bacarıqlarına uyğun seçim etməsində əhəmiyyətini vurğulayıb. O, müasir texnologiyalarla bağlı ixtisasların inkişafı ilə yanaşı, ənənəvi sənətlərin qorunmasının, regionlarda və işğaldan azad edilmiş ərazilərdə ehtiyac duyulan peşələr üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib.
Ölkənin 11 şəhər və rayonunu əhatə edən layihənin Bakı mərhələsində iştirakçılar müxtəlif peşə sahələri ilə yaxından tanış olub, mütəxəssislərlə ünsiyyət qurublar. Festival çərçivəsində təqdim olunan stendlərdə onlara müxtəlif ixtisaslar, tələb olunan bacarıqlar və karyera imkanları barədə məlumat verilib. Şagird və gənclər mütəxəssislərə suallar ünvanlayıb, interaktiv fəaliyyətlərdə iştirak ediblər.
Tədbir musiqi qruplarının ifaları və iştirakçılar arasında təşkil olunan viktorinalarla davam edib.




