Elmi müəssisələr hansı tədqiqatları aparır?

6 Noyabr, 2026 - 15:27
Elmi müəssisələr hansı tədqiqatları aparır?

“Azərbaycanda elmi tədqiqatların praktiki tətbiqinin genişləndirilməsi və onların kommersiyalaşdırılması istiqamətində elmi müəssisələrdə müxtəlif layihələr həyata keçirilir. Bu tədqiqatlar sənaye, kənd təsərrüfatı, ekologiya və tibb sahələrində mövcud problemlərin həllinə, elmi nəticələrin iqtisadi dəyər qazanmasına xidmət edir”.

“Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov məlumat verib.

Bildirilib ki, Kimya İnstitutunda altı tədqiqat istiqaməti üzrə innovativ işlər aparılır. Bu istiqamətlərə “Depressator-AKI” aşqarının hazırlanması, lüizit və dalaponun zərərsizləşdirilməsi üsulları, nitrofen və polixlorkamfenin (toksafenin) zərərsizləşdirilməsi metodları, karbofosun zərərsizləşdirilməsi üzrə tədqiqatlar, eləcə də BST-1 raket yanacağının resiklinq üsulu ilə bağlı eksperimental araşdırmalar daxildir.

Neft-Kimya Prosesləri İnstitutunda isə beş innovativ tədqiqat istiqaməti üzrə işlər həyata keçirilir. İnstitutun əldə etdiyi nəticələr arasında “V-2” bituma adgeziya qatqısı xüsusi yer tutur. Sözügedən məhsuldan 698,18 ton istifadə edilib.

Qeyd edilib ki, bununla yanaşı, bioloji aktiv ağ Naftalan yağının tibbi vasitə kimi dövlət qeydiyyatı müsbət qiymətləndirilib. İnstitutun digər innovativ işləmələri sırasında “Qarabağ-1”, “Qarabağ-2”, “Qarabağ-3” və “Qarabağ-4” bitki boy stimullaşdırıcıları da yer alır.

“Qarabağ-3” reagentinin tətbiqi nəticəsində Maralfalfa bitkisinin yaşıl kütləsinin 2,8 dəfə, kök sisteminin isə 3,9 dəfə artdığı müəyyən edilib. Digər kommersiyalaşdırılmış məhsullardan olan təbii neft turşusunun (TNT) 478,98 tonu “Azvirt” MMC-yə təhvil verilib.

Məlumata görə, Botanika İnstitutunda isə beş tədqiqat işi həyata keçirilir. Bu tədqiqatların istiqamətləri və əldə olunan nəticələr barədə əlavə məlumat təqdim edilməyib.

Qeyd olunan layihələr elmi müəssisələrdə aparılan tədqiqatların real istehsalat proseslərinə tətbiqinin, innovativ məhsulların hazırlanmasının və elmi nəticələrin kommersiyalaşdırılmasının əhəmiyyətini göstərir.