Gənclərin elmə cəlbi üçün həvəsləndirmə mexanizmləri təkmilləşdiriləcək - EATDA rəsmisi

6 Noyabr, 2026 - 15:21
Gənclərin elmə cəlbi üçün həvəsləndirmə mexanizmləri təkmilləşdiriləcək - EATDA rəsmisi

“Azərbaycanda elm sahəsində islahatların davam etdirilməsi, elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması, ali təhsil və elmi tədqiqat institutları arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində bir sıra mühüm hədəflər müəyyənləşdirilib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov məlumat verib.

Qeyd edilib ki, hədəflər sırasında elm və ali təhsil müəssisələrinin QS və THE kimi qabaqcıl beynəlxalq reytinqlərdə iştirakının təmin edilməsi və mövqelərinin yüksəldilməsi xüsusi yer tutur.

İslahatların əsas istiqamətlərindən biri elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və onların universitetlərlə inteqrasiyasının gücləndirilməsidir. Bu çərçivədə Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun yaradılması və fəaliyyəti, eləcə də Tətbiqi Elmlər İnstitutunun yaradılması nəzərdə tutulur. Bu istiqamətdə Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli qərarı da diqqət çəkir.

Bununla yanaşı, sənaye və tədqiqat universiteti modelinin inkişafı, institutlar, universitetlər və sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi əsas hədəflərdəndir. EATDA və İRİA arasında əməkdaşlığın gücləndirilməsi, mərkəzi laboratoriya konsepsiyasının hazırlanması da nəzərdə tutulan tədbirlər sırasındadır.

Həmçinin hədəflər sırasında elmi fəaliyyətin beynəlxalq səviyyədə tanıdılması məqsədilə konfransların inkişafına, onların nəticələrinin beynəlxalq elmi bazalarda indeksləşdirilməsinə və tədqiqat universiteti statusunun inkişafına xüsusi diqqət ayrılacaq.

Bildirilib ki, elmmetriya və açıq elm sahəsində də yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında süni intellekt sahəsində əməkdaşlıq memorandumu, eləcə də “Open Science Policy” sənədinin hazırlanması və təsdiqi nəzərdə tutulan məsələlərdəndir.

Digər mühüm istiqamət qlobal elmi görünürlüyün və beynəlxalq əməkdaşlığın artırılmasıdır. Beynəlxalq elmi nəşrlərdə ödənişsiz dərc imkanlarının təmin edilməsi, elmi repozitoriyaların inkişafına dəstək göstərilməsi bu məqsədə xidmət edəcək.

Gənclərin elmə cəlb olunması da qarşıda duran prioritetlər sırasındadır. Bu məqsədlə mükafatlandırma və həvəsləndirmə mexanizmlərinin təkmilləşdirilməsi, müasir elmi laboratoriyaların yaradılması, rəqəmsal resurslara əlçatanlığın artırılması və erkən yaşlardan elmi vərdişlərin formalaşdırılmasına dəstək göstərilməsi planlaşdırılır.

Bundan başqa, beynəlxalq mübadilə proqramlarının genişləndirilməsi, texnoparkların və inkubasiya mərkəzlərinin sayının artırılması, elmin populyarlaşdırılmasında kütləvi informasiya vasitələrinin dəstəyinin gücləndirilməsi də əsas hədəflər arasındadır.

Qeyd olunan istiqamətlər elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, elmin sənaye və iqtisadiyyatla əlaqələrinin gücləndirilməsinə, eləcə də Azərbaycanın beynəlxalq elmi məkanda mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.