“PeşəFest 2026”da gənclər ən çox hansı peşələrə maraq göstəriblər?

6 Noyabr, 2026 - 14:21
“PeşəFest 2026”da gənclər ən çox hansı peşələrə maraq göstəriblər?

“PeşəFest 2026” çərçivəsində gənclərin ən çox maraq göstərdikləri peşələr tibb bacısı və tibb qardaşı, uçuş mühəndisi və barista olub. Festivalda tibb bacısı və tibb qardaşı peşəsinə 27 min, uçuş mühəndisliyinə 24 min, barista peşəsinə isə 19 min gənc maraq göstərib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “PeşəFest 2026”nın rəsmi bağlanış mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib.

Nazir müavininin sözlərinə görə, sentyabrın 18-də Sumqayıt şəhərindən başlayan festivalın yekun tədbiri Bakıda keçirilib. Festival çərçivəsində ümumilikdə 11 peşə təqdim olunub.

R.Mustafayev qeyd edib ki, tədbirlərdə 180 minə yaxın gənc iştirak edib:

“Festival zamanı gənclərin müxtəlif peşələrə marağını da ölçmüşük. Müəyyən etmişik ki, ən böyük maraq tibb bacısı və tibb qardaşı peşəsinə olub. Sonrakı yerlərdə isə uçuş mühəndisi və barista peşələri qərarlaşıb. Bu peşələrə müvafiq olaraq 27 min, 24 min və 19 min gənc maraq göstərib”.

Nazir müavini bildirib ki, bu göstəricilər gənclərin peşələrə marağının müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.