Milli data ekosisteminin yaradılması xüsusi əhəmiyyət daşıyır – Akademik Rasim Əliquliyev

5 Noyabr, 2026 - 15:36
Milli data ekosisteminin yaradılması xüsusi əhəmiyyət daşıyır – Akademik Rasim Əliquliyev

Məlumdur ki, süni intellekt və bulud texnologiyalarının inkişafı kibertəhlükəsizlik, kibersuverenlik və məlumatların qorunması ilə bağlı məsələləri də aktuallaşdırır. Azərbaycanda bu sahədə vəziyyət necədir və hansı addımlar atılır?

“Təhsil TV” və “Azərbaycan müəllimi”nə müsahibəsində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev qeyd edir: “Hazırda ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələyə sistemli yanaşdıqda, ilk növbədə, şəbəkə və kommunikasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi zərurəti ortaya çıxır. Bununla yanaşı, cəmiyyətin müxtəlif sahələrində toplanan məlumatların düzgün və etibarlı şəkildə əldə edilməsi, ötürülməsi, saxlanması və emalı da mühüm əhəmiyyət daşıyır. Məhz bu ehtiyac məlumat suverenliyi anlayışını aktuallaşdırır. Digər mühüm məsələ həmin məlumatların emalını həyata keçirən texnoloji infrastrukturun yaradılmasıdır. Superkompüter infrastrukturu və data mərkəzlərinin formalaşdırılması ölkənin milli maraqlarına xidmət etməli, milli hüquqi və konstitusion mühit çərçivəsində fəaliyyət göstərməlidir. Bu sistemlər həm cəmiyyət, həm də dövlət qarşısında məsuliyyət daşımalı, kənar təsirlərə qarşı etibarlı və dayanıqlı olmalıdır”.

R.Əliquliyev bildirir ki, bütün bunlar dövlətin kibersuverenliyinin və rəqəmsal suverenliyinin təmin edilməsini zəruri edir. Bu istiqamətdə Azərbaycanda ölkə başçısı tərəfindən müvafiq dövlət qurumlarının və alimlərin qarşısında konkret vəzifələr müəyyənləşdirilib. 

“Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda rəqəmsal mühit sürətlə inkişaf edir. Süni intellekt texnologiyalarının ölkəmizdə tətbiqi, bu sahədə dövlət strategiyasının qəbul edilməsi və müvafiq qurumların qarşısında mühüm vəzifələrin qoyulması yeni mərhələnin başlanğıcından xəbər verir. Əsas məsələ ondan ibarətdir ki, fəaliyyət sahəsindən asılı olmayaraq, hər kəs öz məlumatlarına sahib çıxmalıdır. İstər səhiyyə, istər bank-maliyyə, istərsə də dövlət idarəçiliyi sektoru olsun, hər bir sahədə məlumatlar vaxtında və düzgün toplanmalı, etibarlı şəkildə saxlanmalı və səmərəli emal edilməlidir.

Bu baxımdan milli data ekosisteminin yaradılması xüsusi əhəmiyyət daşıyır. Məlumatların toplanması, idarə olunması, emalı və təhlükəsizliyinin təmin edilməsi vahid və sistemli yanaşma tələb edir. 

Təbii ki, bu istiqamətdə müəyyən problemlər və obyektiv çətinliklər də mövcuddur. Lakin ölkəmizdə milli kibersuverenliyin təmin edilməsi məqsədilə dövlət proqramları çərçivəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir”.