Diplomlu gənclər niyə iş mühitində çətinlik çəkirlər?

5 Noyabr, 2026 - 09:35
Diplomlu gənclər niyə iş mühitində çətinlik çəkirlər?

Universitet təhsili gənclərin gələcək karyerasının formalaşmasında mühüm rol oynayır. Bununla belə, ali təhsil müəssisələrində əldə edilən biliklərin əmək bazarında nə dərəcədə tətbiq oluna bilməsi aktual müzakirə mövzularından biridir.

Bəs universitetlər gəncləri yalnız nəzəri biliklərlə, yoxsa real iş mühitində tələb olunan praktiki bacarıqlarla da təmin edə bilirlər?

“Azərbaycan müəllimi” mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı, insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva ilə həmsöhbət olub.

Mütəxəssisin sözlərinə görə, insan resursları sahəsində apardığı müşahidələr göstərir ki, yeni məzunların əksəriyyəti universitetlərdə kifayət qədər nəzəri bilik əldə etsələr də, həmin bilikləri real iş mühitində tətbiq etməkdə müəyyən çətinliklərlə üzləşirlər:

“Əsas çatışmazlıqlar iş təcrübəsinin azlığı, analitik düşünmə, problem həll etmə, qərarvermə, kommunikasiya və rəqəmsal alətlərdən istifadə bacarıqlarının kifayət qədər inkişaf etməməsidir. Bəzən məzunlar nəzəri anlayışları izah edə bilsələr də, konkret iş situasiyalarında düzgün qərar verməkdə çətinlik çəkirlər.

Hesab edirəm ki, fundamental biliklərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyan universitet proqramları müasir əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun olaraq daim yenilənməlidir. Bu gün işəgötürənlər namizədlərdən yalnız diplom və nəzəri bilik deyil, həm də rəqəmsal savadlılıq, məlumatların təhlili, çeviklik, komanda işi, təşəbbüskarlıq və praktiki problem həll etmə bacarıqları gözləyirlər. Beləliklə, akademik biliklərlə işəgötürənlərin praktik gözləntiləri arasında müəyyən uyğunsuzluq yaranır”.

Onun sözlərinə görə, bu fərqin aradan qaldırılması üçün universitetlərlə işəgötürənlər arasında sistemli əməkdaşlıq gücləndirilməlidir:

“Tələbələrin təhsil müddətində real iş mühitinə cəlb olunması, ödənişli təcrübə proqramlarının, mentorluq layihələrinin, praktiki seminarların və şirkətlərlə birgə layihələrin genişləndirilməsi vacibdir. Eyni zamanda, işəgötürənlər tədris proqramlarının hazırlanmasında və yenilənməsində fəal iştirak etməlidirlər.

Bu yanaşma “Təhsil haqqında” Qanununda müəyyən edilmiş əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı prinsipi ilə uzlaşır. Beynəlxalq təcrübədə Almaniyanın dual təhsil modeli və OECD-nin iş əsaslı öyrənmə yanaşması universitetlərlə işəgötürənlər arasında əməkdaşlığın səmərəli nümunələridir.

Mənim fikrimcə, əsas məqsəd yalnız ali təhsilli məzun yetişdirmək deyil, həm də əmək bazarına daxil olduğu ilk gündən nəzəri biliklərini praktikada tətbiq edə bilən, çevik düşünən, texnoloji dəyişikliklərə uyğunlaşan və davamlı inkişafa açıq mütəxəssislər formalaşdırmaq olmalıdır”.