Valideynlərin “mygov” problemi ilə bağlı RƏSMİ AÇIQLAMA verildi
Bəzi valideynlər məktəbyaşlı övladlarını “mygov” platformasında qeydiyyatdan keçirərkən çətinliklə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, öz hesablarının açıq olduğu cihazda uşaqları üçün ayrıca hesab yaratmaq mümkün olmur.
Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, 7 yaşdan yuxarı uşaqlar da “mygov” platformasında fərdi hesab yarada bilərlər. Bunun üçün uşağın ayrıca mobil telefona sahib olması vacib deyil. Valideynlər övladlarının hesabına öz mobil telefonları və ya fərdi kompüterləri vasitəsilə də daxil ola bilərlər.
Bir cihazdan bir neçə ailə üzvünün hesabından istifadə etmək üçün əvvəlcə platformada açıq olan hesabdan çıxış etmək, daha sonra digər şəxsin hesabına daxil olmaq kifayətdir. Beləliklə, eyni cihazdan növbə ilə bir neçə istifadəçinin “mygov” hesabına daxil olmaq mümkündür.
“Şəxsi mobil telefondan istifadə imkanı olan yuxarı sinif şagirdlərinə isə “mygov” mobil tətbiqini öz cihazlarına yükləyərək fərdi hesablarından istifadə etmələri tövsiyə olunur”.
Agentlikdən qeyd olunub ki, platformadan istifadə vətəndaşlara dövlət xidmətlərinə rəqəmsal formada çıxış, fərdi məlumatlarının paylaşılmasına nəzarət və dövlət qurumları ilə rəqəmsal kommunikasiya imkanları yaradır.
Qeyd edək ki, bu istiqamətdə görülən işlər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilir. Fəaliyyət Planına uyğun olaraq, rəqəmsal dövlət xidmətlərinin təşviqi və vətəndaşların bu xidmətlərdən istifadə imkanları barədə məlumatlandırılması istiqamətində tədbirlər görülür.




