“Məktəbə getməmək istəyi hər zaman tənbəlliklə əlaqəli deyil” - Psixoloq

3 Noyabr, 2026 - 09:56
“Məktəbə getməmək istəyi hər zaman tənbəlliklə əlaqəli deyil”

Bəzən şagird bir-iki gün dərsə getmədikdən sonra növbəti günlərdə də məktəbə qayıtmaq istəmir. Bu hal təkrarlandıqda dərsdən yayınmanın səbəblərinin araşdırılması, xüsusilə uşağın psixoloji vəziyyətinin və ailə mühitinin nəzərə alınması vacib olur. Bununla belə, valideynlərin belə hallarda necə davranmalı olduğu və övladlarının məktəbə marağını necə qoruya biləcəyi də əsas məsələlərdəndir.

“Azərbaycan müəllimi”nə açıqlamasında Bakıdakı 49 nömrəli məktəb-liseyin psixoloqu Aysel Məmmədova bildirib ki, şagirdlərin məktəbə getmək istəməməsi hər zaman tənbəllik və ya dərslərə marağın olmaması ilə əlaqəli deyil:

“Əksər hallarda şagird bir gün dərsə getmədikdən sonra məktəbə qayıtmaq istəmir və bu hal tədricən davamlı xarakter alır. Bunun arxasında müxtəlif psixoloji və sosial səbəblər dayana bilər. İlk növbədə, məktəblə bağlı narahatlığı qeyd etmək olar. Bəzi uşaqlar qiymətləndirilməkdən, müəllim qarşısında səhv etməkdən və ya onlardan gözlənilən nəticələri göstərə bilməməkdən qorxurlar. Belə hallarda məktəb uşaq üçün stres mənbəyinə çevrilə, dərsə getməmək isə həmin narahatlıqdan uzaqlaşmaq vasitəsi kimi görünə bilər”.

Psixoloqun sözlərinə görə, şagirdin özünəinamının aşağı olması və dərslərdə uğursuzluqla üzləşməsi də onun məktəbə münasibətinə təsir göstərə bilər:

“Dərs materialını mənimsəməkdə çətinlik çəkən şagird özünü sinif yoldaşları ilə müqayisə edir, onlardan geri qaldığını düşünür. Bu isə onun özünəinamını zəiflədə və dərslərə marağını azalda bilər. Digər tərəfdən, yaşıdları ilə münasibətlərdə yaranan problemlər, dost qruplarına qəbul edilməmək, münaqişələr və bullinq halları da uşağın məktəbə getmək istəməməsinə səbəb ola bilər”.

A.Məmmədova bildirib ki, bəzi hallarda dərsdən yayınmaq istəyinin arxasında daha ciddi emosional çətinliklər dayanır:

“Uzunmüddətli stres, emosional tükənmişlik, ayrılıq narahatlığı, depressiv əlamətlər və uyğunlaşma çətinlikləri də məktəbə davamiyyətə təsir göstərə bilər. Buna görə uşağın dərsə getmək istəməməsinə yalnız intizam problemi kimi yanaşmaq düzgün deyil. İlk növbədə, bu davranışın səbəbini müəyyənləşdirmək və uşağın hansı çətinliklə üzləşdiyini anlamaq lazımdır”.

Psixoloq şagirdlərin məktəbə münasibətinin formalaşmasında ailə mühitinin də mühüm rol oynadığını qeyd edib:

“Ailə uşağın təhsilə və məktəbə münasibətinin formalaşdığı ilk mühitdir. Ailədaxili münaqişələr, valideynlər arasında gərgin münasibətlər və emosional dəstəyin kifayət qədər olmaması uşağın psixoloji vəziyyətinə, eləcə də məktəbə marağına təsir göstərə bilər. Valideynlərin tərbiyə üsulu da burada əhəmiyyətlidir. Həddindən artıq nəzarət və davamlı tənqid uşağın uğursuzluq qorxusunu artıra bilər. Digər tərəfdən, tam nəzarətsizlik və laqeyd münasibət də məsuliyyət hissinin formalaşmasını çətinləşdirir”.

Onun sözlərinə görə, valideynlərin məktəb və müəllimlərə münasibəti də uşaqların düşüncəsinə təsir edir:

“Əgər ailədə məktəb haqqında davamlı mənfi fikirlər səsləndirilirsə, uşaq da bu münasibəti mənimsəyə bilər. Buna görə valideynlər övladlarının yanında məktəbə və müəllimlərə münasibətlərinə diqqət yetirməlidirlər. Ən uyğun yanaşma qaydalarla emosional dəstək arasında tarazlığın qorunmasıdır”.

A.Məmmədova hesab edir ki, uşağın məktəbə getmək istəmədiyi hallarda valideynin ilk addımı onunla sakit və səmimi söhbət etmək olmalıdır:

“Valideyn əvvəlcə uşağın niyə məktəbə getmək istəmədiyini öyrənməyə çalışmalıdır. Onu dərhal danlamaq və ya davranışını intizamsızlıq kimi qiymətləndirmək əvəzinə, hisslərini dinləmək vacibdir. Uşaq öz narahatlığını rahat ifadə edə bildikdə problemin səbəbini müəyyənləşdirmək də asanlaşır”.

Psixoloqun sözlərinə görə, məktəbə davamiyyətin qorunmasında uşağın gündəlik rejiminin düzgün təşkili də əhəmiyyətlidir:

“Kifayət qədər yuxu, düzgün qidalanma, fiziki aktivlik və ekran qarşısında keçirilən vaxtın tənzimlənməsi uşağın diqqətinə və öyrənmə motivasiyasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, valideynlər yalnız uşağın aldığı qiymətlərə deyil, göstərdiyi səylərə və irəliləyişə də dəyər verməlidirlər. Bu yanaşma onun özünəinamını və dərslərə marağını gücləndirir”.

A.Məmmədova əlavə edib ki, davamiyyətlə bağlı çətinliklər yarandıqda valideyn, müəllim və məktəb psixoloqu arasında vaxtında əlaqə qurulması vacibdir:

“Valideyn, müəllim və məktəb psixoloqu birgə çalışaraq uşağın dərsdən yayınma səbəblərini müəyyənləşdirə və ona uyğun dəstək göstərə bilərlər. Əsas məqsəd uşağın özünü məktəb mühitində rahat və təhlükəsiz hiss etməsinə, dərslərə marağının və məktəbə bağlılığının qorunmasına kömək etməkdir”.